Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan “2 Fevral Gənclər Günün”nün 25 illiyi münasibətilə cənab Prezidentin gənclərlə görüşünü çox maraqla izlədik. Görüş həm məzmun, həm forma baxımından, xüsusilə, diqqəti cəlb etdi. Belə ki, görüş zamanı dövlət başçısı gənclərə fikir və düçüncələrini bölüşmək, onları maraqlandıran mövzular ətrafında müzakirə aparmaq üçün geniş şərait yaratdı.
Hesab edirəm ki, dünənki görüş həm orada iştirak edənlərin, həm də bütövlükdə Azərbaycan gəncliyinin gələcək fəaliyyətində, dünyagörüşündə və düşüncəsində yeni yanaşmalara yol açacaq, eyni zamanda gənclərin potensialının reallaşdırılması üçün əlavə imkanlar yaradacaq.
Dünənki görüşün nəticələrini aşağıdakı kimi ümumiləşdirmək olar:
Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında, mili birliyimizin və həmrəyliyimizin ən yüksək həddə çatmasında gənclərin həlledici rola malik olmasını qeyd edən cənab Prezident onların bu fədakarlığını nə qədər yüksək qiymətləndirdiyini bir daha vurğuladı. Müharibədən sonra da milli birliyi və həmrəyliyi qoruyub saxlamaq hər bir gəncin borudur;
Gənclərimiz müstəqilliyin ilk illərinin acı mənzərəsini heç vaxt unutmamalı və hər zaman keçmişdən ibrət dərsi götürməlidir;
İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Azərbaycan gəncləri azad və sabit ölkədə yaşayır və haqlı olaraq hər bir gənc Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Cənab Prezident gənclərə tam inanır və bundan sonra da dövlətimizin qaşısında duran bütün vəzifələrin icrasında gəncləri yaxından iştirak etməyə dəvət edir;
Gənclərimizi əyri yola çəkmək cəhdləri hələ də var. Bu məqsədlə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək. Gənclər bu tələyə düşməməlidir;
Gənclər xalqımızın milli-mənəvi dəyərlərini, ana dilini və adət-ənələrini daim qorumalı və yad təsirlərin müdaxiləsinə imkan verməməlidir. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin müqəddəs vəzifəsidir.
Ona görə də hesab edirəm ki, cənab Prezidentin bu mesajları gənclər üçün həm məsuliyyət, həm də yeni imkanlar deməkdir.
Azay Quliyev
Milli Məclisin deputatı