Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyev geniş və əhatəli ətrafının bütün təkliflərindən imtina edərək 70 illik yubileyini Şuşada, məhz Şuşada keçirməyə qərar verdi.
Bəli, çoxsaylı dost dəvətlərindən qaçaraq 60-a qədər ölkəsini gəzdiyi bu dünyanın qərbindən də, şərqindən, cənubundan, şimalından da vaz keçdi. Üz tutdu dünyanın “mərkəzinə” - ulularının Pənahəli xanla birlikdə qurduğu Şuşaya.
O, ömrünün 70 illik zirvəsindən ötən günlərə məhz paklıq mücəssəməsi, mənəvi, siyasi, hərbi dəyərlərimizin ehtiva olunduğu Şuşadan boylanmaq istədi. Qarabağ nisgilli qəlbinə yalnız Şuşa havasının, Şuşa suyunun məlhəm olacağına əmin olaraq Uca Allahın “Ədalət təbili”nin calındığı Şuşaya yol aldı. Hər qarışını öpüb gözlərinin üstünə qoymağa hazır olduğu Şuşa onun üçün Məkkə, Mədinə qədər əziz və əzəmətli göründü. Şuşada – bu əsrarəngiz muğam beşiyində onun qulaqlarına vurğunu olduğu “Rast”ın, “Segah”ın, “Cahargah”ın... səsi gəlmədi. O, bu cənnət məkanda Ulu Tanrının “dirijorluğu ilə” çalınan “Ədalaət simfoniyası”nı dinlədi. Özünü xöşbəxt sandı ki, arzusu gerçəkləşdi - 70 illik yubileyi Şuşada qeyd etdi.
Bəhruz həkim Şuşada bir daha ən yeni tarixi oxudu. Oxudu ki, düşmən çökdürülüb Şuşada. Burada Baş Sərkərdəmiz müzəffər İlham Əliyevin ata vəsiyyətinə çıraq yandırılıb. Şuşada Azərbaycan əsgəri hərb elminin “Möcüzə” fəslini yazıb. Şuşada düşmən ideologiyası “ayaqlar altındda tapdanıb”, Cıdır düzündə bir zaman rəqs edən düşmənin “boynu vurulub”. Şuşada özgə torpağına göz dikənlər “edam olunub”. Bu füsünkar yurdda igid oğlanlarımız Azərbaycana, bütün Türk dünyasına Qələbə nəşəsi bəxş edib, Zəfər şərbəti içirdib. Neçə-neçə cəngavər qəhrəmanımız Şuşada şəhidlik zirvəsinə ucalaraq şəhidlərimizin ruhunu şad edib. Azərbaycan xalqı Şuşada dünyaya namusunu, qeyrətini, qüdrətini nümayiş etdirib.
...Şuşa Qarabağın ağır günlərində ona dayaq duran vətən sevdalı övladlarından birini - Bəhruz Səfərəliyevi sevgi ilə qarşıladı. Şuşa – vətənin dar günündə hər bir kəsin xidmətlərinin “hesabını çəkən” bu ecazkar vətən torpağı bilirdi ki, Bəhruz Səfərəliyev ötən əsrin 90-cı illərindən başlayaraq daxili işlər orqanlarının yüzlərlə əməkdaşı vətən yolunda düşmən gülləsinə sinə gərərək ağır yaralar alarkən qeyrətli vətən övladlarımızın tam müalicə olunub yenidən xidmətə qayıtmasında ən ağır yük Bəhruz Səfərəliyevin rəhbərlik etdiyi DİN-in Tibb İdarəsinin üzərinə düşüb. Yaxın, uzaq tarixə layla deyən Şuşa bilirdi ki, Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsindən, 1 milyonadək qaçqın və məcburi köçkün ordusunun yaranmasından iqtisadi və sosial böhran fonunda respublikanın səhiyyəsinin də bir sıra problemlərlə üzləşdiyi bir vaxtda Bəhruz həkim Azərbaycan Respublikasında Hərbi Tibbi Təminat üzrə Əlaqələndirmə Şurasının üzvü, DİN-in Tibb İdarəsinin rəisi kimi bütün çətinliklərə yüksək təşkitatşılıq və vətənpərvərliklə sinə gərərək daxili işlər orqanları əməkdaşlarının sağlamlığı keşiyində durub, Qarabağda erməni gülləsinə tuş gəlmiş yaralılarımızınn müalicə olunmasında respublikamızın səhiyyə potensialı ilə kifayətlənməyərək, xarici ölkələrin sağlamlıq ocaqları ilə bilavasitə əlaqə yaradaraq yaralılarımızın xarici ölkələrin səhiyyə ocaqlarında müalicə olunmalarına nail olub.
Dünya şöhrətli həkim və cərrahların məhz Bəhruz həkimlə olan şəxsi münasibətləri neçə-neçə soydaşlarımızın sağlamlıqlarının bərpa olunmasına öz töhfəsini verib. Azərbaycanın iqtisadi problemlər yaşadığı illərdə məhz Bəhruz Səfərəliyevin əlaqələri nəticəsində Küveytdən iki dəfə 40 ton dərman təmənnasız olaraq Azərəbaycana gətirilərək səhiyyə qurumlarına təhvil verilib.
Şuşa DİN sistemində 35 il heç bir cəza almadan qüsursuz xidmət edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə «İgidliyə görə» medalı ilə təltif olunan, 2008-ci ildə dövlət başçımızın sərəncamı ilə «Əməkdar həkim» fəxri adını alan, iki dəfə «SSRİ-nin səhiyyə əlaçısı», iki dəfə «DİN-də əla xidmətlərinə görə» döş nişanları ilə mükafatlandırılan, I, II və III dərəcəli «Qüsursuz xidmətlərə görə», “Polis veteranı” və "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə də təltif olunan Bəhruz Səfərəliyevi də gülərüzlə qarşıladı. Məcburi köçkünlərin, qaçqınların, müxtəlif təbəqələrə məxsus insanların «çoxçeşidli» problemlərini yorulmadan yaxın-uzaq, çoxlarının əlçatmaz hesab etdiyi ünvanlara müraciət edərək həll edib və bundan zövq alıb, xeyirxahlıq mücəssəməsi olaraq qəlblərdə yaşamaq səadətini qazanan – Uca Allahın bəyəndiyi əməllərin daşıyıcısı olan Bəhruz Səfərəliyevi ehtiramla salamladı Şuşa. Ömür-gün yoldaşına - əsrlər öncə Şuşanın Təbrizli məhəlləsində yaşamış, maarifpərvərlikləri, xeyirxah əməlləri ilə Migümovlar nəslinin nümayəndəsi Gülşən xanıma da mehribanlıqla qucaq açdı.
Beləcə, Şuşa onilliklər boyu əməli işləri ilə “İnsan kimin üçünsə dəyərli deyilsə, o ölü kimi bir şeydir” devizi ilə yaşayaraq ömrünün hər anında vətənə, xalqa, soydaşlarına, saysız-hesabsız dostlarına dəyərli xidmətlər göstərən Bəhruz həkimə qoynunda gəzmək, loğman havasını udmaq, suyunu içmək haqqını verdi. Bəhruz həkim isə bu haqqa söykənərək ömürlərinin ən xoş anlarını Şuşada keçirmiş atası Zülfüqar müəllimin, anası Qənirə xanımın bu füsünkar diyarın səmalarında dolaşan ruhlarına salam söylədi...
Yubileyiniz mübarək, Şuşa haqqı olan Adam!
Hikmət Xudiyev
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, İstefada olan polkovnik