Modern.az

Şəkidə qazilər və şəhid ailələrinin problemləri müzakirə olundu - FOTOLAR

Şəkidə qazilər və şəhid ailələrinin problemləri müzakirə olundu - FOTOLAR

Актуально

12 Sentyabr 2023, 12:06

Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi növbəti-üçüncü tədbir bu dəfə Şəki şəhərində düzənlənib.

 

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

 

Modern.az xəbər verir ki, sentyabrın 11-də Şəki şəhərində - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən tədbir iki saatdan çox davam edib.

 

Tədbirdə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova,  təşkilatın digər təmsilçiləri, o cümlədən şəkili qazilər, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları və bəzi şəhid ailələri iştirak ediblər.

 

Onu da qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətindən, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən heç kim tədbirə qatılmayıb.

 

Bu isə həm “Vətən Naminə” təşkilatının təmsilçiləri, həm də şəkili qazilər və şəhid ailələri tərəfindən mənfi qarşılanıb.

 

Tədbirdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra “Vətən Naminə” təşkilatının sədri Tünzalə Abduləlimova tərəfindən layihənin mahiyyəti, məqsədi barədə məlumat verilib.

 

Bir daha qeyd olunub, əsas məqsəd qazilərə, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etmək, eyni zamanda, problemlərini dinləyib, aidiyyatı qurumlara çatdırmaq və həmin problemlərin həllinə nail olmaqdır.

 

Tünzalə Abduləlimovanın qısa təqdimatından sonra çıxışlar başlayıb.

 

Qazilər, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış ediblər.

 

“Azərbaycan Bayrağı” ordenli, birinci qrup müharibə əlili Polad Mədəni, 3-cü dərəcəli “Vətənə xidmət görə” ordenli, üçüncü qrup müharibə əlili Qaçay Abdullayev, Şəhid analarından Rəşad Əhmədovun anası Şərafət Əhmədova və digər iştirakçılar çıxışlarında tənqidlərini, iradlarını, təkliflərini səsləndiriblər.

 

Onlar qazilərin, eləcə də şəhid ailələrinin üzləşdiyi, qarşılaşdığı problemlərdən, xüsusilə, işsizlikdən, məmur bürokratiyasından, şəhid ailələri və qazilərə diqqət göstərilməməsindən söz açıblar. Eyni zamanda qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs ediblər.

 

Tədbirin sonunda xatirə fotoları çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı