Modern.az

Hafiz Hacıyev, yoxsa Jirinovski?

Hafiz Hacıyev, yoxsa Jirinovski?

Актуально

22 Sentyabr 2013, 13:26


Namidə BİNGÖL

Nəhayət, aylardır bir-birinın bostanına daş atan siyasi cameənin nümayəndələri, üz-üzə gəldilər. Yəni demək istəyirəm ki, prezidentliyə namizədlərin teledebatına artıq start verilib. İndi “vur çatlasın, çal oynasın” məsəlini kənara qoyan siyasətçilər, sanki fərqli cığırla addımlamağa söz veriblər. Bu arada, eyni masa ətrafında iqtidarlı, müxalifətli bir araya gələn namizədlərin işi “xeyirli olsun” deyirəm. Elə bilirsiniz, təkcə mən xeyir-dua verdim?! İlk xeyir-duanı Müsavat başqanı İsa Qəmbər verdi. Yanlış anlamayın. Toy, filan yoxdu. Sadəcə, MŞ-nın prezidentliyə namizədi Cəmil Həsənlinin ilk debata qatılması İsa bəyin üzünü güldürdü. Həmişə qəzəbli görünən, özündə, sözündə olmayan, yəni özünü ələ almağı bacarmayan Hafiz Hacıyevin də üzü güldü. Hafiz bəyin gülərüz olmasına səbəb İsa Qəmbərlə Əli Kərimlinin debatlara qatılacağı xəbərinin yayılması oldu.

Bu arada, İsa bəylə, Əli bəyin debatlara qatılıb-qatılmayacağını dəqiq deyə bilmərəm. Amma bir şeydən tam əminəm. İllərdir Əli Kərimli və İsa Qəmbərlə üz-üzə gələ bilmədiyindən arxalarınca gen-bol tənqidlər səsləndirən Hafiz bəy, onların hər ikisini eyni masada görmək arzusundadır. Bir də ki Hafiz Hacıyevin arzuları reallığa çevriləndə nəriltidən qulaqlar tutulur. O zaman ya gərək baş yarılsın, ya da qol əzilsin. Neyləmək olar, Hafiz Hacıyev fərqli reakasiyaları ilə həmişə od püskürür. Bu arada, Cəmil Həsənlinin İctimai televiziyadakı ilk çıxışını İsa bəyin “əla başlanğıc” adlandırmasına Əli Kərimlinin reaksiyası fərqli oldu. Əli bəyə görə tanınmış ziyalı olan Cəmil müəllimin “özünü oda atması” yalnız xalqının qarşısında üzərinə götürdüyü öhdəlikdir. Hafiz Hacıyev isə üzərinə götürdüyü öhdəliyi yarımçıq qoymaq fikrinə düşdü. “Əla başlanğıcdan təhlükəli oda” doğru istiqamət alan Hafiz bəy, maliyyə sıxıntılarının olmasından narahatlıq keçirdi. Yəni namizədliyini geri götürmək arzusu, yardım maşınının işə düşməsinə bir mesajdır. Nədənsə yardım maşınını görə bilmirəm.

Bu yaxınlarda 45 yaşını haqlayan İqbal Ağazadə isə doğum günündə cəmiyyətə mesaj verməyi də unutmadı. Sağlamlığa ön sıralarda yer ayıran İqbal bəy, bilmirəm qocalmaqdan qorxur, yoxsa yox. Hər halda, mənim təbrik mesajıma bir kəlmə “qocaldıq” deyə cavab verdi. Eh İqbal bəy, hələ başınızdan prezident olmaq sevdası çıxmayıb. 100-ü haqlayın, sonra qocalıqdan danışarsınız, məncə. Hərçənd, 80 yaşlıların da prezident olmaq istəyi qüvvədədir. Nə isə. 80 yaşlılardan söz düşmüşkən, prezidentliyə namizəd, “Ədalət” partiyasının sədri İlyas İsmayılov deyəsən, qocalıq yorğanı ilə mübarizə aparır. Allah tərəfi, İlyas müəllimin 80 yaşı yoxdu. Cəmi-cümlətanı 75 yaşı var. Amma, ilk debata qatılmamasının səbəbi bəlli olmadı. Zahid Orucun isə coşmasının səbəbi bəllidir. Debatlar zamanı Cəmil Həsənli və Hafiz Hacıyev qarşıdurmasına münasibət bildirən Zahid müəllim, bu cür ittihamları qəbul etmir. Əslində, Zahid müəllim, Hafiz Hacıyevin aşırı emosiyaya malik olduğundan çox az adam tapılar ki, bixəbər olsun. Hətta, Hafiz bəyin bu cür hərəkətləri sakit ilanı belə pələngə çevirə bilər. Bu arada Hafiz Hacıyevin aqressivliyi soyuqqanlı olan Cəmil müəllimi də lap hövsələdən çıxardı. Ancaq bu hövsələnin içində bir təmkinlilik görmək olardı. Hafiz Hacıyev 2003-cü il prezident seçkisi zamanı keçirilən teledebatda ona atılan stəkanın heyfini Cəmil müəllimdən çıxmaq istədi. Ancaq Cəmil bəyin də səbr kasasının daşmasına baxmayaraq o öz təmkinini qorudu. Deyəsən Hafiz Hacıyev Əli Kərimlidən qisasını almaq üçün Cəmil Həsənlidən bir vasitə kimi istifadə etməyə çalışdı. Teledebatda xoşa gəlməyən bir atmosferin yaşanması mətbuatda birmənalı qarşılanmadı. Hafiz Hacıyevə haqqında olmazın ifadələr və sözlər işlədildi... Kimin haqlı kimin haqsız olduğunu deyə bilmərik, amma görünən budur ki, cəmiyyətimiz, o cümlədən prezidentlik iddiasında olanların bəziləri, əsasən də Hafiz Hacıyev müzakirə mədəniyyətini öyrənməlidir. Yoxsa debatda bundan sonra daha çox qarşılıqlı təhqir və söyüşlər səslənəcək ki, bununla da dünyada müzakirə etikası ilə bağlı ölkəmiz haqqında mənfi təəssürat yaranacaq...

Yeri gəlmişkən Hafiz Hacıyevi bu tavrlarına görə, Jirinovskiyə bənzədənlər də az olmadı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı