Modern.az

"Azarkeş"lər...

"Azarkeş"lər...

Aktual

27 Fevral 2014, 23:50

Sahib Əsədbəyli

Dünən ölkəmizdə Xocalı soyqırımının 22-ci ildönümü qeyd edildi. Hər hansı bir şəxsin vəfatının ildönümündən fərqi olmayan bir günlük anım mərasimi başa çatar-çatmaz xalq ekran başına əyləşdi. Kimisi Türkiyənin “Qalatasaray” klubunun “Çelsi” ilə oyununu, kimisi isə İspaniyanın “Real Madrid” klubunun Almaniya səfərini izləmək üçün. Beləcə bir günlük hüzn, kədər bu iki oyunun başlanması ilə növbəti ilədək təxirə salındı. Fanatiklər ekran başına əyləşər-əyləşməz, Azərbaycan vətəndaşının düşüncə tərzi dəyişilməz olduğunu növbəti dəfə sosial şəbəkələrdə yaranan ab-havanın timsalında özünü təsdiq etdi.

Türklərin bir çox xüsusiyyətlərinə, onların öz diliylə desək, azəri olaraq həsəd aparmağa dəyər. Lakin bir çox məsələlərdə fanatik mövqe tutmalarına qarşı tolerant olmaq heç də asan deyil. Hər bir cəmiyyətdən yaxşını deyil, pisi götürməyə vərdiş etmiş bizimkilər də öz növbəsində borclu qalmayıb, türklərdən heç də az qayğılanmırdılar. Keçən il ölkə çempionatında ikinci yer tutmaqla Çempionlar Liqasına vəsiqə qazanaraq, sonradan məlum qalmaqala görə yarışlardan uzaqlaşdırılan “Fənərbağça”  azarkeşlərinin Çelsi "sevgisi"ylə qarşı-qarşıya gələn “Qalatasaray” fanatları bir tərəfdən Mourinyonu susdurmaq üçün xeyli həyəcan keçirirdi. Beləcə şəhid olan Xocalı sakinlərinin ruhuna rəhmət yerini “Qalatasaray” üçün edilən dualara verdi. Bununla da Xocalı soyqırımi ən yeni tariximizdən bir il daha uzaqlaşdı...

Yuxarıda vurğuladığım kimi, digər tərəfdən isə gözlər Almaniyanın "Helzenkirhen Arena" stadionuna dikilmişdi. Ölkəmizdə kifayət qədər azarkeşi, hətta fanat ordusu olan “Real Marid” klubunun azarkeşləri isə öz növbəsində "barsalı" dost-tanışlarının yanında "başıaşağı", "üzüqara" olmamaq üçün ekran qarşısında dəridən-qabıqdan çıxırdılar. Portuqaliyalı Ronaldoyla argentinalı Messinin hansının daha yaxşı olduğunu sübut etmək üçün fürsəti özlərinin böyük arzusu hesab edən minlərlə şəxs Ronaldonun qızıl topa necə layiq olduğunu görmək istəyirdi. Beləcə 90 dəqiqənin sonunda qazanılan böyükhesablı qələbə onlar üçün sabahkı günün ən maraqlı söhbət mözsusu oldu.

Ümumiyyətlə, adicə ünsiyyətdə belə, səmimiyyət qıtlığı olan ölkəmizdə hər hansı şəxsin nüfzulu Avropa klubuna azarkeşliyinə ciddi yanaşmaq doğru olmazdı. Zənnimcə bir kluba azarkeşliyin əsas səbəbi ya dostlarından fərqlənmə istəyi, ya klubun adından xoşlanma, qadınlar üçün isə ya sevdiyi şəxsə özünü yeni bir tərəfdən bəyəndirmək, ya da öz rəfiqələrindən zövq etibarilə fərqlənmək istəyidir. Yaş keşdikcə şüuraltı olaraq dərkedilən bu fanatiklik kimisində tamamilə yox olur, kimisində isə daha da inkişaf edir. Burada isə insanın əhatə olunduğu mühitdən çox şey asılıdır.

İllərdir, haqqında danışdığım futbol da daxil olmaqla bir çox idman növləri üzrə keçirilən beynəlxalq yarışları diqqətdə saxlayıram. Namiq Abdullayevin Sidney, Fərid Mansurovun Afina, Elnur Məmmədlinin Pekin, Toğrul Əsgərov, hətta dağıstan əsilli Şərif Şərifovun London zəfərinə öz uğurum kimi sevinmişəm. Ağdamın “Qarabağ” klubunun Avropa Liqasındası uğurlu çıxışlarına məcburi köçkün statuslu Azərbaycan vətəndaşı olaraq biganə qalmayıb, klubun uğurunun tək idman çərçivəsində olmadığını dərk etmişəm. Qərbi Avropa klublarından çox “Qarabağ”-Ağdam-Azərbaycan birləşməsinin Avropa arenasında səslənməsinin daha vacib olmasını ətrafımdakılara izah edib, onları stadiona səsləmişəm. Bütün bunların təməlində milli ruh, öz ölkənin bayrağını dünyanın bir çox ölkələrindən, xüsusən, mənfur ermənilərdən yüksəkdə durmasını görmək istəyi dayanıb... Bu cür azarkeşliyin səmimiyyətinə şübhə edib, ona ironiyayla yanaşmaq doğru olmaz. Necə ki, bu qələbələrə hər vasitə ilə kölgə salıb, sadəcə biznes obyekti olan Avropa klublarına azarkeşlik etməyin doğru olmadığı kimi...

P.S Ümid edirəm, son hissədə birinci şəxsin təkindən bir qədər çox istifadə etməyimdən daha artq sadaladıqlarımın nə qədər doğru olmasına diqqət yetirdiniz...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı