Deyirlər ki, AzTV böyük məktəbdir. Bunu məhdud mənada başa düşmək lazım deyil. AzTV-də jurnalist kimi püxtələşmək öz yerində, bura həm də həyat məktəbidir. Bəziləri bu məktəbdən bəhrələnərək bir nəticə çıxarır, irəli gedir, parlayır, bəziləri isə yerində sayaraq bu məbədin adını “bataqlıq” qoyurlar. Mən də AzTV-nin şinelindən çıxanlardanam. Bu məktəbdən mənə qalan isə 11 il müddətində topladığım müşahidələrdir. Telefon kitabçamda tanış olduğum 2 mindən çox müxtəlif peşə, sənət, vəzifə sahibinin adı var. Onlardan biri də ekologiya və təbii sərvətlər nazirimiz olan Hüseyn Bağırovdur. Onu həm alim, həm rektor, həm ticarət naziri, həm də ekoloqlarımızın böyüyü kimi tanımışam, müşahidə etmişəm. Bir jurnalist kimi bəyənmişdim.
Düz tutdunuz. Sözümdən belə çıxdı ki, daha jurnalist deyiləm, ona görə də Hüseyn müəllimi bəyənmirəm? Əsla. Amma həqiqət də budur ki, AzTV-dən ayrıldığım yeddi il ərzində nə Hüseyn müəllim atlı kimi mən piyadanı yada salıb, nə də mən onu. Heç küçədə də rastlaşmamışıq. Bəs nə oldu ki, birdən-birə onun haqqında yazmağa qərar verdim? İnanmazsınız. Bu yaxında Masazıra gedirdim. Xırdalan dairəsindən üzü Sumqayıt yoluna tərəf bir 200-300 metr irəliləyəndən sonra sağ tərəfdə böyük ərazidə ucaldılmış qəşəng ofis binasını gördüm. Köhnə xatirələrim oyandı. Ziyalı, mədəni, alicənab, jurnalistlərə həmişə hörmətlə yanaşan, mətbuata açıq olan Hüseyn Bağırov – bizim Hüseyn müəllim yadıma düşdü. Niyə məhz ofis binasına baxandan sonra? Tələsməyin. Yavaş-yavaş, hər şeyi ardıcıllıqla.
REKTOR HÜSEYN BAĞIROV
Mənim həyatda bir problemim var. İngilis dilini öyrənə bilmirəm. Nə edirəmsə alınmır. Beləcə gəlib çatmışam 48 yaşına. Arzum isə ürəyimdə qalıb. Amma o vaxt 34 yaşım vardı.
Nə isə məni göndərdilər Qərb Universitetinə çəkilişə. Sürətli ingilis dili kurslarının açılışı idi. Xaricilərlə birgə layihə. Həm Azərbaycan, həm də ingilis dilində sərbəst danışan bir nəfər tədbiri aparırdı. Deyirdi ki, bu kurslarda qısa müddət ərzində - altı aya ingilis dilinə yiyələnməyi bacaracaqsınız. Sonra bildim ki, bu natiq rektor Hüseyn Bağırovdur.
Tədbir bitdi. Qayıtdım, materialı hazırladım. Amma rektorun “altı aya ingilis dilini öyrənəcəksiniz” sözü beynimdən çıxmırdı. Bu necə olur ki, yeddi il orta məktəbdə, beş il də universitetdə bu dərsi keçiblər, heç nə qavramamışam, altı aya necə ingilis dilində danışmağı bacaracağam ki? Bir yandan isə Qərb Universiteti AzTV-yə yaxın olduğundan həvəsə düşmüşdüm. Mədəni barter planı çızmışdım: onlar mənə ingilis dilini öyrədərlər, mən də əvəzində onların tədbirlərini işıqlandıraram.
Ertəsi gün. “Hyatt Recensi-Naxçıvan” otelində konfransdaydım. Keçib zalda əyləşdim. Təsadüfən Hüseyn Bağırovla yanaşı düşdüm. Məni tanıdı:
- Baxdım süjetə. Çox sağ olun. Minnətdaram.
- Siz də sağ olun, Hüseyn müəllim. Amma bir şeyi başa düşmədim sizin çıxışdan. Mən 12 il məktəbdə ingilis dilini öyrənə bilmədim ki, bilmədim. Bəs siz altı aya bu dili necə öyrədə biləcəksiniz? Mən də bu kurslara yazılmaq istəyirəm, ona görə soruşuram.
- Neçə yaşınız var?
- 34.- deyə cavab verdim.
- Evlisiniz?
- Bəli.
- Uşağınız varmı?
- İki qızım var. Məktəbə gedirlər.
- Altı aya cavan uşaqlar, tələbələr öyrənə bilərlər. Bu cür ailə qayğılarıyla, AzTV-də gərgin iş rejimiylə siz altı yox, bir ilə bu dilə yiyələnə bilərsiniz. Gəlin yazılın kursa, başlayın. Həftədə iki dəfə.
- Hüseyn müəllim, çox sağ olun. Amma, mən başa düşmək istəyirəm ki, 12 ilə heç nə qavramayan mən, bir ilə necə dil öyrənə bilərəm ki?
- Mahir, sənə 12 il ingilis dili dərsi keçiblər. Biz isə sənə ingilis dili keçməyəcəyik, öyrədəcəyik.
Çox sevindim. Amma arzum ürəyimdə qaldı... Niyə?
TİCARƏT NAZİRİ
AzTV-də işləyəndə, özünü tərifləmək olmasın, ayağı yüngül jurnalistlərdən sayılırdım. Kimi çəkirdimsə, işıqlandırırdımsa irəli gedirdi. İntiqam Babayev, Azay Quliyev, Əkrəm Abdullayev, Fuad Muradov, Ceyhun Osmanlı, Fərhad Əliyev və sairə. Sonra bəziləri məni yaddan çıxarırdılar. Başlayırdılar geriyə saymağa.
Bu ingilis dili öyrənmək həvəsindən iki-üç gün keçmişdi. Prezident sərəncamı gəldi: “Hüseynqulu Bağırov ticarət naziri təyin edilsin”. Baş redaktorun məsləhətiylə ilk müsahibəni almağa mən getdim. Nazirlər Kabinetinin binasında otururdu. Kabinetə girəndə Qərb Universitetinin rektoru Hüseyn müəllimi gördüm. Demə, adı pasportda rəsmi olaraq Hüseynqulu imiş. Ona görə tanımamışam sərncamı oxuyanda. Təbrik elədim. Müsahibə aldım. Azərbaycanın milli valyutasının yeni variantının kağızının, görünüşünün hansı standartlara uyğun olacağı barədə məlumat verdi və gələcək planlar haqqında danışdı. Gəlib müsahibəni efirə verdim. Daha Qərb Universitetinə “yolum bağlandı”. İngilis dili öyrənmək arzum yenə ürəyimdə qaldı.

HÜSEYN BAĞIROVUN MEŞƏSİ
Dostum, iş yoldaşım, jurnalist Akif Məcidoğlu da Hüseyn müəllimi gözəl tanıyırdı. Qarşılıqlı hörmətləri vardı. Biz də çəkilişlərə birgə gedərdik. Günlərin bir günü gəldi ki, bəs xəbərin var da... yeni nazirlik yaradılıb. Hüseyn müəllimi də qoyublar ekologiya və təbii sərvətlər naziri. Strukturu formalaşdırır. Zəng eləmişdi ki, bir tədbiri var, Cəngidə, ora getmək lazımdır. Hazırlaş.
Dalımızca nazirliyin işçisi Asif adlı bir nəfər gəldi. Köhnə “Niva” maşınında. Noyabr ayında, çiskinli havada maşına oturub yola düşdük. Şamaxıya tez-tez gedən biri kimi Cənginin harada yerləşdiyini bilirdim. Çöllü-biyaban idi. Üç-dörd dənə ev vardı. Bir də ki, məşhur Cəngi aşırımı. Vəssalam. Fikirləşdim. Görəsən orda nə çəkəcəyik ki? Xülasə çatdıq Cəngiyə. Maşından düşdük. Uzaqda bir quyuqazan maşın işləyirdi. Palçığı tapdalaya-tapdalaya yoldan 150 metr həmin qurğuya doğru getdik. Biz görcək iki nəfər sevinə-sevinə qarşımıza qaçdı:
- Asif müəllim, dediyimiz kimi də oldu. Su çıxdı. Özü də şirin su.
Məəttəl qaldım. Axı burda qəribə nə var ki? Neft çıxmayıb ki, su çıxıb da... Ətraf palçıqdır, su da axıb eləyəcək gölməçə. Sonra? Nə olsun ki? Lap tutaq ki, su çıxıb. Bunu AzTV-nin “Xəbərlər” kimi hörmətli proqramına nə dəxli? Bu zaman Asif müəllimin səsi gəldi:
- Çəkin də... hava qaralır.
- Nəyi çəkək? – deyə Akif dilləndi.
- Maşını, suyu, çöllü-biyabanı.
- Tutaq ki, çəkdik, sonra? Burdan nə yazacağıq ki?
- Onları cənab nazir özü deyəcək.
Çəkiliş apardıq. Əgər buna çəkiliş demək mümkündürsə. Maşın, su, çöllü-biyaban görüntüləri. Geri qayıtdıq. Nazirin kabinetinə girdik.
- Sizə məlumat verim ki, o ərazidə əvvəllər məşhur Cəngi meşələri olub. Biz də ilk olaraq bu meşənin bərpasını qarşımıza məqsəd qoyduq. Amma problemimiz su idi. O əraziyə su çəkdirmək mümkünsüz idi. Quyu qazdırdıq, su çıxdı. Problem həll oldu. Ürəklə meşə salınmasına başlaya bilərik.
O vaxt bu müsahibə, nazirin sevincli baxışları mənə çatmırdı. Amma indinin özündə Şamaxıya gedəndə, uçsuz-bucaqsız gənc meşəliyi görəndə sevinirəm. “Hüseyn müəllimə, halal olsun” deyirəm. Elə özümə də, Akifə də, bütün Azərbaycan jurnalistlərinə də. Özümüzə niyə?
HÜSEYN MÜƏLLİM, GƏLİN ÇIXIN DA....
Elə həmin ildən ağacların əkilməsinə başlandı. Mal-qaranın o ərazidən keçməsinə qadağa qoyuldu. Meşəbəyi təyin edildi. Hüseyn Bağırov bir az da irəli getdi. “Perevalda” da ağac əkməyə başladı. Suvarılma isə belə aparılırdı. Su aşağıdakı quyudan su maşınlarına doldurulurdu, sonra maşınlar aşırımla yuxarı qalxır, tinglərə su verirdi. Böyük zəhmət və əzab-əziyyət. Bu meşənin əsası qoyulandan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı öz yerində, biz jurnalistlərin də “qara günləri” başlandı. Taqsır özümüzdəydi. Dilimizin bəlasına düşmüşdük.
Günlərin bir günü Akif Məcidoğlu dedi ki, sabah səhər saat 8-də olmalıyıq nazirliyin qabağında. Gedirik Cəngiyə. İməcilikdir. Tezdən gəldik. Ayrıca bir avtobus ayrılmışdı. İçi də dolu jurnalist həmkarlarımız. Bütün yolu gülə-gülə, danışa-danışa gəldik Cəngiyə. Yamaclarda ağac əkilirdi. Nazir müavini Firdovsi müəllimdən sıravi işçiyəcən hamısı burdaydı. Çalalar qazır, peyin tökür, ağac əkir, sonra da vedrəylə su daşıyıb dibinə tökürdülər. Çəkiliş aparan zaman yaman gülərüz olurdular, həvəslə işləyirdilər. Amma çəkiliş qurtaran kimi dodaqlarının altında nəsə mızıldanırdılar. Baballarını yuya bilmərəm, deyəsən “bazar günü bu nə bəladır, ay Allah, düşmüşük. Camaat kefdə, yemək-içməkdə, biz isə ağac əkirik” deyirdilər.
Biz də lazımi kadrlar götürüb, başladıq naziri gözləməyə. Bir də gördük ki, “Nissan-Maxima” maşını dayandı. İçindən bir nəfər düşdü. Düzü tanımadıq. Rezin sapoq, əynində göy, qalın gödəkcə, əlində bel – başladı yamacı bizə tərəf qalxmağa. Demə Hüseyn müəllim imiş. Bu imicdə birinci dəfə idi ki, nazir görürdüm. Jurnalistlərdən kimsə dilini dinc qoymadı:
- Hüseyn müəllim, harda qalmısız e... Donduq, axı? Bircə sizdən müsahibə almağımız qalıb. Onu da götürək gedək.
Cavab ani və gözlənilməz oldu.
- İndi hərəyə 10 dənə ağac əkərsiniz, yaxşıca da qızışarsınız. Ağac əkməsəniz müsahibə də verməyəcəyəm.
Bu dəfə mən dilimi dinc qoymadım. Səhərdən ac-susuz olmağımıza işarə olaraq, çırtmanı boğazıma vurub:
- Hüseyn müəllim, qızışmağın başqa yolları da var.
- Mahir, o asan yoldur. Biz çətin yolla gedəcəyik.
Nazir göstəriş verən kimi nazirliyin işçiləri o saat hərəmizi əlcək, bel və on dənə ağacla təmin etdilər. Başladıq ağac əkməyə. Özü də Hüseyn müəllimin ciddi nəzarəti altında. Peyini yolun qırağına tökmüşdülər, ordan vedrələrə doldurub yamaca qaldırırdıq, suyu da həmçinin. Nəhayət hərəyə on ağacı əkib qurtardıq. Hüseyn müəllim ondan sonra müsahibə verdi. Sonuncu sualı yenə mən verməli oldum.
- Hüseyn müəllim, bu rəsmi hissə idi, bədii hissə də olacaqmı?
Nazir arif adam idi. O saat bildi ki, yeyib-içməkdən dəm vururam. Sözümü yerə salmadı. O saat göstəriş verdi. Həmkarlarımın alqışını qazandım. Beləliklə soyuq havada həm belə, həm də elə qızışdıq. Və indi o yolu gedəndə uşaqlarıma fəxrlə deyirəm:
- Bax, o ağacları görürsüz? Onları atanız əkib.
Əlbəttə ki, Hüseyn müəllim məcbur edəndən sonra.
QURD, KOSTYUM, CƏZA
İsmayıllıda qurd peyda olmuşdu. Adı da səhv etmirəmsə Amerikan kəpənəyi idi. Nazirliyin bütün qüvvələri buna qarşı səfərbər olunmuşdu. Əraziyə gedib çıxanacan bu məsələyə ironik yanaşırdım – meşədə qurd olar da... Amma hər şeyi gözümlə görəndən sonra bildim ki, məsələ çox ciddidir. İsmayıllı meşələri məhv olmaq təhlükəsiylə üzləşib. Elə bil ki, multfilmə baxırdın. Qurd yarpağı beş saniyə ərzində yeyib qurtarırdı. İşçilər də kəpənək və tırtılları əllə toplayıb, doldururdular torbalara, sonra da bir yerə yığıb, nöyüt töküb yandırırdılar. Başqa əlacı yox idi. Sonradan prezidentin sərəncamıyla əlavə vəsait də ayrıldı, sanaviasiya işə qoşuldu.
Bu prosesi işıqlandırmaq üçün getmişdik İsmayıllıya. Nazir bir az gecikirdi. Bir də gördük ki, gəldi. Maşından düşdü. Həmişəki kimi iş formasındaydı. Ayağında sapoq, əynində fəhlə paltarı.
Maşından düşən kimi kostyum geyinmiş, qalstuk taxmış, ayaqqabları par-par parıldayan biri ona yaxınlaşıb salamlaşmaq istədi. Düzü mən Hüseyn müəllimi birinci dəfəydi ki, belə əsəbləşən görürdüm.
- Bu nədir? Burda səndən başqa gör bu cür geyinən var? Sən buraların böyüyüsən. Biz də gəlmişik sənə köməyə ki, meşələri xilas edək. Hamımız da “raboçi formada”. Sən isə kostyum geyinib durmusan qabağımda. Get, gözüm görməsin səni.
Həmin adam demə İsmayıllı meşə idarəsinin rəisiymiş. Allah bilir nazirinə xoş gəlmək üçün neçə saat güzgünün qabağında bəzənib-düzənmişdi. Amma Hüseyn müəllim o nazirlərdən deyildi. Nazirliyin yanımda duran bir işçisindən soruşdum:
- Yazıq. Yəqin indi töhmət verəcək ona, hə?
- Yox.Ondan da pis.
- İşdən çıxaracaq?
- Yox.
- Bəs nə edəcək?
- İsmayıllının səfalı meşəsindən keçirəcək Cəngi meşəsinə müdir. Başına gün döyüb ağlı gəlsin yerinə. Hüseyn müəllimin öz cəza metodları var. İşdən çıxmaqla canını qurtara bilmərsən.
MAHİR, SUALIN YOXDU Kİ?
Əvvəldə qeyd etdiyim kimi, Hüseyn Bağırov jurnalistlərin sevimlisiydi. Deyəsən elə indi də elədir. Yoxsa digər həmkarları kimi mətbuatda onun da adına tez-tez rast gələrdik. Əlbəttə ki, adını oxuyuram, amma müsbət prizmadan. Bu da məni sevindirir. Cəngidə nazirdən yemək-içmək xahişim jurnalistlərimizə yaman ləzzət eləmişdi. Ona görə də hər müsahibədən sonunda gözlərini mənə zilləyirdilər ki, “bəs, dillən!”. Axi, AzTV flaqman sayılırdı.
Günlərin bir günü qərara aldım ki, sevimli sualı verməyəcəyəm. Düzü hörmətsiz olmağımdan qorxurdum. Nazir adamdır, bir də gördün ki, qanı qara oldu, qayıtdı pis söz dedi. Nəsə dillənmədim. Müsahibə qurtardı. Sonda soruşdu ki, bəs “başqa sualınız yoxdur ki?” Heç kim dinmədi. Müsahibəni Akif Məcidoğlu aldığından mikrofonu da o tutmuşdu. Mən isə qıraqda dayanmışdım. Birdən Hüseyn müəllim mənə tərəf çönərək:
- Mahir, sualın yoxdur ki?
Həmkarlarım gülüşdü. Əlavə etdi ki, filan yerdə süfrə açıblar. İndi burdan gedirsiniz ora. Nahar edib, sonra yollanırsınız işə. Bilmirəm indi də belədir ya yox? İnanıram ki, nazirimiz bu köhnə ənənəyə bu gün də hörmətlə yanaşır.
(davamı var)