Modern.az

Ağdamın sızıltısı...

Ağdamın sızıltısı...

Current

23 İyul 2015, 11:14

İçimdəki sızıltının tərifi yoxdu. Çünkü mənim yurdum yoxdu. Yurdum var, ora getməyə cəsarətim yoxdu. Çünkü mənim Ağdamımın ağ damları yerlə-yeksandı.

Bəzən mənə “evinizi, Ağdamı xatırlayırsanmı” sualını verirlər. Bu cılız suala nə cavab verim,  bilmirəm. Mən viran qalan Ağdamımın hər küncünü xatırlayıram. “Üzümçülər evi”ni, “Raykom”unu, “Çay evi”ni, “Dostluq” kinoteatırını, hətta evimizin tam qarşısında olan Klava xalanın bizə 20 qəpiyə satdıgı “cırtdan” saqqızını da... Məhəlləmizin Udanını, (Ulduzə, dəli olduöu üçün nədənsə ona Udan deyirdilər) “peşmək” satan xalasını, süd satan dayısını xatırlayıram. İnsan doğulub böyüdüyü yurdunu necə unutsun? Onları xatırladıqca üzülür, üzüldükcə utanıram. İnsanın, yeməyi, çayı, geyimi, evi olmaya bilər. İnsan yurdsuzmu olar? İnsan atasız, anasız olar. Amma torpaqsız olmaz.  

Bu yaxınlarda sosial şəbəkədəki qruplaırn birində didərgin düşmüş insanlarla bağlı müzakirələri oxuyurdum. Cavab yazmadım. Çünkü elə fikirlər oxudum ki, 2015-ci ildə bu düşüncəylə yaşayan insanlara nə cavab verəcəyimi bilmədim. Bu hadisəni bir dəfə də yazmışdım. İndi təkrar edirəm. “Torpaqlar işğaldan azad edilsə, kimsə qayıtmaz” deyənlərə cavab olsun.

…Evdə oturmuşduq, ermənilərin atdıgı “qrad” düz evimizin altına saplanmışdı. Amma xoşbəxlikdən açılmadı. Biz ailəlikcə ölümdən qurtardıq. Amma o gün aldığmız zərbəni hələ beynimizdə daşıyırıq. Ondan bir az sonra rayonumuz işğal edildi. O gün evimizi tərk edəndə kiçik qardaşımın dönüb evdəki xalçanı və divarı öpüb “birdən geri qayıtmarıq”deyib ağlmağının içimizdə açdığı yaranı unutmaq üçün zaman yetərlimi? 
Bir azyaşlı uşağın aldığı zərbəni hiss etmək üçün ürəyin ölçüsü nə qədər olmalıdır? Evliykən evsiz, yurdluykən yurduz? Yerliykən yersiz olmaq? Başqasının süfrəsində boynunu bükmək? Dişinlə, dırnağınla tikdiyin evini qoyub, yataqxana köşələrində əzilməyin nə olduğunu bilirsinizmi? Bir gündə evinə iki şəhid tabutunun gəlməsi hissini yaşamısınızmı? Bir atanın işğala dözməyib ölməsinin nə olduğunu bilirsinizmi? Sizi oxuduğunuz məktəbdə “qaçqın” deyib ələ salıblarmı? Siz məktəbə gedəndə yardım torbasından çıxan köhnə ayaqqabı geyinib, yırtılmış burnunu gizlətmisinizmi? Sizə köhnəlmiş makaronu yardım adına sırıyıblarmı? Siz hər gecə yatanda doğulduğunuz evin otaqlarını tək-tək düşünüb ağlamısınızmı? Sizin doğmalarınızın qəbirlərini ermənilər dağıdıbmı? Siz bayramlarda ata məzarına gül qoymaq istəyəndə, o daşı tapmayıb ağlamısınızmı?...
Belə olsaydı indi oturub kimsəyə namus dərsi keçməzdiniz. Kimsə torpağından, elindən obasından vaz keçməz.

Namussuzluq və namus anlayışını qadınların ətəyinin ölçüsü ilə ölçənlər, Qarabağ Azərbaycan torpagıdır! Bizim hamımızın namusu işğal olunub.  

Sonra da düşünürəm ki, mən yurdumu tərk edəndə, daha doğrusu didərgin düşəndə 16 yaşım vardı, indi 38. Anası, atası didərgin düşdükdən sonra doğulan uşaqlar var. Onların yurd anlayışı varmı? Onlar dədələrinin işğal altında olan torpaqlarını nə qədər sevəcək? O torpaqda gəzməyib, oranın suyun içməyib, yağışda torpağın qoxusu içinə çökməyib, heç bir xatirəsi olmayan 20 yaşlı gənc. İndi ona vətən sevgisi ilə yurd sevgisinin fərqini necə anladasan? Biz mənəvi dəyərlərimzi itirmişik deyəndə çoxlarının qınağını alıram. Amma mən bu gün böyüdüyüm torpağa ayaq basa bilmir, o elin-obanın adətlərini yavaş-yavaş unuduramsa, kültürümə başqa yurdların adətlərindən oğurladığım adətləri qatıramsa, o zaman 20 yaşlı yurdsuz gəncdən nə gözləyim... O paytaxt insanıdır. O, torpağına deyil, asfalt döşəmələrə ayaq basıb.

...İşğal altında olan evmizin ünvanını təkrarlayıram... Füzuli küçəsi 90... Füzulinin isə goru çartlayır.  Biz qeyrətli xalqıq. Xan qızı Natəvanın məzarı ilə mənim ev ünvanımın arasında çox az məsafə vardı. Natəvanın ruhu ermənilərlə danışırmı?

Bilirsinizmi, mən evimi, Ağdamımı istəyirəm... Mən öləndə orda dəfn olmaq istəyirəm... Ağdam olmasa, məni məzara əmanət qoyun....

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı