Modern.az

Qarabağ münaqişəsi niyə gündəmdə deyil? - ŞƏRH

Qarabağ münaqişəsi niyə gündəmdə deyil? - ŞƏRH

Aktual

16 Oktyabr 2015, 13:54

Ukrayna hadisələrindən sonra dünyanın diqqəti Yaşın Şərqdəki Suriya böhranına yönəlib. “İslam dövləti” (İŞİD) kimi tanınan terror təşkilatı dünya ölkələrini hədəfə almaqda davam edir.

Rusiyanın Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarına başlaması, Qərbin buna etirazı onu göstərir ki, siyasi  vəziyyət daha təhlükəli şəkil almaqdadır.

Gözlənilməz müharibələr, qəfil yaranan münaqişə ocaqları, terror təşkilatlarının çoxalması fonunda Dağlıq Qarabağ konflikti  yenə  də  həll olunmamış qalır.

Dünyanın Suriya böhranına diqqət yetirdiyi məqamda Dağlıq Qarabağ məsələsi gündəmdən düşdüyünü ehtimal etmək olarmı?

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında qeyd edib  ki,  Suriya-Ukrayna məsələsi olmadan da böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə o qədər də maraq göstərmirlər.

“Danışıqlar getsə də, görüşlər keçirilsə də, münaqişənin həllində irəliləyiş yoxdur. İndi vəziyyət bir az daha da çətinləşib. Ukrayna böhranı, üstəgəl Suriyada şiddətli müharibə, qaçqın axını beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinə marağının  azalmasına gətirib çıxarıb. Məsələnin digər tərəfi də var. Suriya münaqişəsində Amerika, Fransa, Rusiya və Türkiyənin maraqları kəsişir. Həmçinin, bu, siyasi maraqlar Ukrayna məsələsində də kəsişirdi. Bu dövlətlər o cümlədən, Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa, Amerika münaqişənin həll edilməsində birbaşa məşğul olmalıdırlar. Əgər bu dövlətlərin Ukrayna və Suriya məsələsi ilə bağlı fikirləri fərqlidirsə, onların Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq məxrəcə gəlməsi lap çətindir. Bütün bu amillər də Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edir. Burda bir amilə diqqət yetirmək yerinə düşər. Onsuz əvvəllər də beynəlxalq müstəvidə ona nail ola bilmirdik ki, böyük dövlətlər münaqişənin həllini sürətləndirib, Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına nail olsunlar. Belə çıxır ki, münaqişənin həlli ilə özümüz məşğul olmalıyıq. Suriya böhranı yatırılsa belə, dünyada başqa böhran üzə çıxacaq və biz yenə gözləmə mövqeyində dayanacağıq?! Durumu dəyişmək haqqında ciddi düşünməliyik”.

Elxan Şahinoğlu Suriyadakı döyüşlərə qoşulan azərbaycanlıların da vəziyyətinə toxunub.

“Dağlıq Qarabağ müharibəsi başlmasa belə, bu məsələ artıq bizim üçün problem yaradıb. 100-lərlə Azərbaycan vətəndaşı Suriyaya yollanıb onlara dəxli olmayan savaşda iştirak edirlər. Hətta, onların görüntüləri də yayılıb. Yaxşı haldır ki, onlar vətənə dönərkən cinayət məsuliyyətinə cəlb olunurlar.  Həm də  onlar terror təşkilatlarına qoşulurlar. Bu, müəyyən qədər bizə də problem yaradır. Rusiyaya da problem yaratdığından uzaq məsafədən Suriyanı vurur ki, bir gün həmin terrorçular Rusiyaya gəlib problem yaratmasın. Biz də bu məsələni son dərəcə diqqətdə saxlamalıyıq. Əslində, vətəndaşlarımız Qarabağ uğrunda savaşıb şəhid olmalı idilər. Onlar isə Suriyada hədəfi bilinməyən savaşa qoşulub qətllər törədib cinayətlərdə iştirak edirlər. Bu porsesin qarşısı çox ciddi şəkildə alınmalıdır”

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı