Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanlarına start verib. Modern.az saytının məlumatına görə, 2011-ci ilin ilk sınaq imtahanları fevralın 12-13-də Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin 11-ci və 9-cu sinifləri üzrə keçirilib.
Redaksiyamıza sınaq imtahanlarının nəticələri barədə maraqlanan çoxsaylı oxucu müraciətini nəzərə alıb Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az-a bildirildi ki, Bakı şəhərinin ümumtəhsil ocaqlarında keçirilmiş sınaq imtahanlarının nəticələri bu həftənin sonunadək Təhsil Nazirliyinin internet saytına yerləşdiriləcək. Şagir iş nömrəsini daxil etməklə cavabı öyrənə biləcək.
Xatırladaq ki, bu il orta məktəblər üzrə sınaq imtahanları təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən 12 fevral – 17 aprel aralığında keçirilir.
Növbəti sınaq imtahanları 20 fevral tarixində Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində sınaq keçiriləcək.
İmtahanlar test üsulu ilə keçirilir və əldə olunan nəticə şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək.
11-ci sinif şagirdləri üçün sınaq imtahanları səkkiz, 9-cu sinif şagirdləri üçün isə iki fənn üzrə keçirilir.
Modern.az