Modern.az

Eldar və Nigar bu gün «Eurovision»da çıxış edəcəklər

Eldar və Nigar bu gün «Eurovision»da çıxış edəcəklər

Ölkə

10 May 2011, 08:05


Almaniyanın Düsseldorf şəhərində stat götürən «Eurovision-2011» mahnı müsabiqəsində bu gün ilk yarımfinal yarışması keçiriləcək. Bakı vaxtı ilə saat 24.00-da müsabiqənin birinci yarımfinal mərhələsi başlayacaq. Azərbaycan da birinci yarımfinal mərhələsində çıxış edir. Təmsilçilərimiz Eldar və Nigar səhnədə 18-ci çıxış edəcək və “Running scared”  mahnısını ifa edəcəklər.  Mahnının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və İain Farquharsondur.
4 vokalçı-rəqqasədən ibarət bek-vokal qrupunun müşayiəti ilə ifa olunacaq “Running scared” mahnısı maraqlı səhnə həlli və xoreoqrafik hərəkətlərlə canlanacaq.
Mahnının səhnə quruluşunun müəllifi Tarmo Krimmdir. Azərbaycanı təmsil edəcək duetin paltarı ağ rəngli geyim dəstindən ibarətdir. İsveçli dizayner Lars Vallinin  hazırladığı kostyumlar bu ilin dəb trendlərinə tam uyğundur. Açıq tonlarda və çəhrayı rənglərdə hazırlanan libaslar şifon və ipək parçalardan tikilib. Yüngül, çəkisiz və son dərəcə xəfif görünən paltarlar mahnının romantik ruhunu tamamlayır və nömrənin xanım istirakçılarını xüsusilə cazibədar edir. 
Xatırladaq ki, Lars Vallin Azərbaycanı Eurovision-2009 müsabiqəsində təmsil edən Aysel Teymurzadə və Araşın səhnə geyimlərinin dizayneri olub.

Eldar Qasımov - 1989-cu ildə Bakıda dünyaya gəlib. 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Alman dilində sərbəst danışır.

Nigar Camal - 7 sentyabr 1980-ci ildə Bakıda dünyaya gəlib. 1988-95-ci illərdə musiqi məktəbində təhsil alıb. 1995-96-cı illərdə "Pöhrə" respublika müsabiqəsində iştirak edib və 1996-nın mayında müsabiqənin fəxri diplomantı adını qazanıb.
1997-ci ildə 203 saylı məktəbi bitirib. 1997-2001-ci illər ərzində "Xəzər" Universitetində iqtisadçı ixtisası üzrə təhsil alıb. 2005-ci ildə ailə həyatı qurub və Londona köçüb. RnB, Soul, Pop tərzlərində mahnılar oxuyur. İki uşaq anasıdır.

10 may - I yarımfinal:

1. Polşa
2. Norveç
3. Albaniya
4. Ermənistan
5. Türkiyə
6. Serbiya
7. Rusiya
8. İsveçrə
9. Gürcüstan
10. Finlandiya
11. Malta
12. San-Marino
13. Xorvatiya
14. İslandiya
15. Macarıstan
16. Portuqaliya
17. Litva
18. Azərbaycan
19. Yunanıstan.

12 may - II yarımfinal:

1. Bosniya və Herseqovina
2. Avstriya
3. Niderland
4. Belçika
5. Slovakiya
6. Ukrayna
7. Moldova
8. İsveç
9. Kipr
10. Bolqarıstan
11. Makedoniya
12. İsrail
13. Sloveniya
14. Rumıniya
15. Estoniya
16. Belarus
17. Latviya
18. Danimarka
19. İrlandiya.

Qeyd edək ki, mayın 14-də keçiriləcək finalın 5 iştirakçı ölkəsi artıq məlumdur. Bunlar ev sahibi Almaniya, yarışmanın əsas donorları Fransa, İngiltərə, İtaliya və İspaniyadır. Finalda 25 ölkə çıxış edəcək. Onlardan "Eurovision" yarışmasının təsisçiləri olan bu 5 ölkə daxil olmaqla ölkələrin çıxış ardıcıllığı belədir: 

14 may - Final
.....
11. Fransa
12. İtaliya
14. Böyük Britaniya
16. Almaniya
22. İspaniya

Səsvermə qaydası: 

Müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərin. 1 SMS-in qiyməti 60 qəpikdir.
Xatırladaq ki, 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. 
Xatırladaq ki, yarımfinalda Azərbaycanın kodu 18-dir. 
Final mərhələsində çıxış edəcək ölkələrin kodu isə yarımfinal mərhələsindən sonra keçiriləcək püşkatma zamanı bəlli olacaq. 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı