Modern.az

215 saylı məktəbdən xəbər var: valideynlərin pulları qaytarılacaq

215 saylı məktəbdən xəbər var: valideynlərin pulları qaytarılacaq

Ölkə

13 May 2011, 16:56

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi və şikayətçi valideyn arasında razılaşma əldə olunub

Bu gün səhərdən günortaya qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki əməkdaşı – Elmira Xəlilova və Fərman Abdullayev Sabunçu rayonu 215 saylı orta məktəbdə korrupsiya faktı üzrə araşdırma aparıblar. Araşdırma hərbi jurnalist Cəsur Sümərinlinin (Məmmədov) mayın 12-də Prezident İlham Əliyevə və Təhsil Nazirliyinin “qaynar xətt”inə ünvanladığı korrupsiya faktı üzrə aparılıb. Xatırladaq ki, şagird valideyni olan C.Sümərinli həmin məktəbdə təmir adı ilə uşaqlardan 5-7 manat civarında pul yığıldığını bildirmişdi. Halbuki  215 saylı orta məktəbin adı prezidentin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlərin obyektidir (2.8.72. maddə).

C.Sümərinli bəyan edib ki, valideynlərdə böyük narazılıq var və bu pul yığılması prezidentin elan etdiyi korrupsiyaya qarşı hamılıqla mübarizə strategiyasına uyğun deyil.
“Xahiş edirəm bu özbaşınalığın durdurulmasına və yığılmış pulların valideynlərə qaytarılmasına göstəriş verəsiniz”, - deyə C.Sümərinli müraciətində bildirmişdi.

Mayın 12-ci axşam saatlarından başlayaraq 215 saylı orta məktəbin 1-ci və 2-ci siniflərinin valideynlərinə zəng olunub və onlar bu günə məktəbə çağırılıb.
“Mənə bildirdilər ki, bu gün səhər  Bakı şəhər Təhsil İdarəsindən göndərilən nümayəndə gəlib valideynləri bir otağa yığıblar və onlara ərizə imzaladıblar ki, guya pul verməyiblər. Amma nədənsə məni və bəzi valideynləri bu iclasa çağırmadılar. Mən Təhsil Nazirliyinin "qaynar xətt"inə  zəng edib onlara növbəti şikayətimi çatdırdım ki, məktəbdə araşdırılma aparılırsa şikayətçi niyə dəvət olunmur? Onlar da nümayəndə heyətinə bunu çatdırdılar və sonra məni məktəbə dəvət etdilər”, - deyə C.Sümərinli bildirib.

Təhsil İdarəsinin nümayəndə heyəti, məktəb rəhbərliyi ilə Cəsur Sümərinli arasında keçirilən görüşdə şikayətçi tərəf problemləri diqqətə çatdırıb və bildirib ki, təhsildə, xüsusilə də orta məktəblərdə rüşvət , şagirdlərin bu prosesdə alət kimi istifadı olunması yolverilməzdir. 

C.Sümərinli 215 saylı orta məktəbdə təmir adı altında valideynlərdən yığılan pulların geri qaytarılmasını və bundan sonra bu təhsil ocağında oxşar qeyri-qanuni hadisələrin baş verməməsinə təminat istəyib. Daha sonra C.Sümərinli öz fikirlərini günorta saatlarında yenidən keçirilən valideynlər iclasında diqqətə çatdırıb.

Təhsil İdarəsinin nümayəndələri  problemlərin araşdırılma prosesinin davam etdrirləcəyini və anonim sorğular keçiriləcəyini qeyd ediblər. Görüşün sonunda aşağıdakı nəticələr razılaşdırılıb:

1.      Valdeynlərdən yığılan pullar qısa zaman kəsiyində geri qaytarılacaq;

2.      Şagirdlərin pulyığma prosesində alət kimi istifadə olunmasına son veriləcək;

3.      Pul vəsaitlərinin qeyri-leqal yola toplanması prosesinə son qoyulacaq;

4.      Müxtəlif tədbirlər adına pul yığılması mümkünlüyünün prosedurları dəqiqləşdiriləcək və bunun sənədli şəkildə həyata keçirilməsi imkanları öyrəniləcək;

5.      215 saylı məktəbdə Valideyn – Müəllim Assosiasiyalarının yaradılması imkanları öyrəniləcək.

C.Sümərinli bildirib ki, bu nəticələr onu qane etsə də ümumi qiymət verməyə tələsmir. “İlk növbədə pulların valideynlərə qaytarılmasını gözləyirəm, bundan sonra bu məsələyə yekun qiymət verə bilərəm”, - deyə o bildirib.

Mail Ağaxanov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı