Modern.az

Avtobuslarımızda terror təhlükəsi

Avtobuslarımızda terror təhlükəsi

Ölkə

18 Avqust 2011, 17:56

Baki Beynəlxalq Avtovağzalındakı qanunsuzluqlar  terrorçulara da münbit şərait yaradır

Dünya terrorun əlində girinc qalıb. Bu gün terrorçular ABŞ kimi özü terrorçu yetişdirən dövlətə də meydan oxuyur. Norveç kimi sakit, sabit bir ölkə də terrorun əlindən qan ağladı. Amma Azərbaycan o qədər güclüdür ki, terrordan-filandan qorxmur. Bunu isbat etmək üçün gecə-gündüz fəaliyyət göstərən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının “Titanik”ə bənzəyən  əzəmətli binasında beşcə dəqiqə müşahidə aparmaq kifayətdir. Bir yandan baxanda əsl demokratik şəraitdir; kim nə vaxt istəsə, avtovağzala girər, heç bir kassaya yaxınlaşmadan, sadəcə, sürücü tələb etdiyi məbləği nağd şəkildə ödəyib, heç bir sənəd-filan təqdim etmədən, heç yanda qeydiyyatdan keçmədən istənilən istiqamətə hərəkət edən istənilən avtobusa əyləşə bilər.(Söhbət əsasən yerli marşrutlardan gedir. Rusiya və Gürcüstan qismən istisna olmaqla, qonşu ölkələrə lisenziyasız avtobus, biletsiz-sənədsiz sərnişin gedə bilmir). Bundan əlavə, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq istənilən sərnişin heç bir nəzarətdən keçirmədən avtobusun yük yerinə, altına, üstünə, yaxud oturacağın altına istədiyi  çantanı, zənbili, kisəni və s. sərbəst şəkildə qoya bilər. Üstəlik, hansı düzdə, hansı dərədə, hansı ağacın altında istəsə, avtobusu saxlatdırıb düşə bilər. Eləcə də əksinə,  boş yer varsa, harda olur-olsun, kimsə sürücüyə əl edib istədiyi yüklə avtobusa əyləşə bilər...

Həqiri-bəndənizi qınaya bilərlər ki, dəlinin ağlına daş salırsan. Yəni, guya ermənilərin, PKK-çıların,  yaxud digər terrorçuların bu münbit terror şəraitindən xəbərləri yoxdur və bu yazını oxuyub dərhal hər hansı bir avtobusda terror törədə bilərlər? Belələrinə bir sualla cavab vermək istəyirəm; məgər bilmirsiz ki, bu gün demokratiyadır (!), dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, sənədləri düzgün olan istənilən şəxs Azərbaycana gəlib-gedə bilər və bu da istənilən ölkənin, o cümlədən Ermənistan xüsusi xidmət orqanlarının, eləcə də bu və ya digər terrorçu təşkilat üzvlərinin ölkəmizin  istənilən yerində müşahidə aparmalarına, əməliyyat keçirmələrinə şərait yaradır. Və ən başlıcası, məgər paytaxtımızda və digər bölgələrdə on minlərlə erməni, ermənisoyluların və erməniyosunluların sərbəst yaşamasından xəbəriniz yoxdur?..

 Sözüm ondadır ki,  qəzetlər yazsa da, yazmasa da, ermənilər və digər düşmənlərimiz Azərbaycanın zəif yerlərindən kifayət qədər xəbərdardırlar. Sadəcə, onlar əlverişli məqamı və ya supergüclərin siqnalını gözləyirlər...

1988-ci ildən bəri Azərbaycanda kütləvi insan itkisi ilə nəticələnmiş xeyli terror aktı baş versə də, xeylisinin də qarşısı alınıb. Lakin onu da bilmək lazımdır ki, Vətənimizin təhlükəsizliyi yalnız dövlətimizin güc və təhlükəsizlik strukturlarının peşəkarlığından deyil, eyni zamanda beynəlxalq güclərin maraqlarından da asılıdır. Söhbət yalnız erməni terrorundan getmir. Bu gün İraqda, Əfqanıstanda, Pakistanda, Şimali Qafqazda və s.  fəaliyyət göstərən terrorçu təşkilatlar, xüsusilə, vəhhabilərdən ibarət qruplar, o cümlədən “Əl-Qaidə”, eləcə də PKK bilavasitə ABŞ, Böyük Britaniya və NATO-nun, eləcə də İsrailin, Rusiyanın himayəsi, maliyyə dəstəyi və göstərişləri əsasında fəaliyyət göstərir. Hansı ölkədə həmin təşkilatların özəkləri, nümayəndələri varsa, həmin dövlət supergüclərin təhdid və təzyiqi altındadır. Son vaxtlar həmin güclərin  Azərbaycanı “terror təhlükəsi olan zona” elan etməsi əslində dövlətimizə “bizləri unutma!” mesajıdır...  2009-cu il 30  apreldə Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı da hansısa gücün dövlətimizə kəskin xəbərdarlığı idi...

Hamının yadındadır ki,  2001-ci ilin oktyabrında ABŞ-ın Əfqanıstana müdaxiləsinə bəhanəni guya həmin ilin  11 sentyabrında Nyu-Yorkdakı göydələnləri  partladan və regionda sabitliyi pozan  “Əl-Qaidə” yaratdı... Əgər bu gün İraqda, Əfqanıstanda dinc əhaliyə qarşı terror aktları davam etməsə, sabitlik yaranar və ABŞ öz qoşunlarını  həmin ölkələrdə saxlamağa bəhanə tapa bilməz...
Terrorçuluğa bu prizmadan yanaşdıqda, əgər Azərbaycan iqtidarının xarici siyasəti, xüsusilə, neftlə bağlı siyasəti hegemon qüvvələrə sərf etməzsə,  ölkəmizdə dərhal terror serialları başlaya və Azərbaycan terrorçu yuvası elan edilə bilər. Bu halda avtobusların da əlverişli terror obyektləri seçilməsi mümkündür...

Yenə deyirəm, bizim güc və təhlükəsizlik strukturlarının peşəkarlığına şübhə etmirəm. Amma təbii ki, ABŞ və ya Rusiya qarşısında... Və məsələnin diqər əsas  tərəfi, biz güclüyüksə, niyə ölkə ərazisində terrora münbit şərait yaradılmasının qarşısını almırıq. Bax, sözümün əsl canı da elə bundadır. Məgər bizim gördüklərimizdən Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, eləcə də əlaqədar Nəqliyyat Nazirliyinin xəbəri yoxdur?.. Axı sabah, Allah eləməmiş, istənilən şəxs bayaq dediyim qaydada sərbəst şəkildə avtobusa minib terror törədib heç bir iz qoymadan aradan çıxa bilər... Deyə bilərsiz ki, terrorçu sənədlə bilet aldığı təqdirdə də öz əməlini həyata keçirə bilər.

Amma gəlin düşünək, hansı halda terrorçunun şəxsiyyətini, mənsub olduğu təşkilatı, ölkəni  müəyyən etmək asan olar...

Qəzetlərə bu mövzuda yazı vermək ideyam neçə illər bundan qabaq  yetişmişdi. O zaman  ki, “20 Yanvar” yaxınlığındakı avtovağzalda vəziyyət daha bərbad idi. Lakin yeni vağzal tikiləcəyi artıq məlum idi. Odur ki, “oğrunun yadına daş salmamaq” məntiqi ilə ümid etdim ki, inşallah, dünya standartlarına uyğun tikiləcək yeni avtovağzalda hər şey qaydasına düşər. Yəni, bilet satışı və nəzarət də beynəlxalq standartlara uyğunlaşar. Təəssüf ki,  dəyişiklik yalnız zahiri və texniki cəhətlərdən oldu...

Təqdirəlayiq haldır ki, son illər həm yerli, həm xaricə  gedən qatarlara  şəxsiyyət vəsiqəsindəki məlumatlar qeydə alınmadan, biletsiz yer verilmir. Və əksər hallarda vaqonlara  girişdə sənədlər və yüklər nəzərdən keçirilir. Əlbəttə, qatar rəisləri və bələdçilərin şərait yaratdığı müəyyən istisnalarla... Bəs bu cür təhlükəsizlik tədbirləri avtovağzallarda niyə görülmür? Hələ mən yüklərin xüsusi qurğularla yoxlanılmasını demirəm...

Məgər 1988-1994-cü illərdə Tbilisi-Ağdam avtobusunda və Bakı-Moskva qatarındakı terror aktları unudulub?..

Son günlər Hacıqabulda, Şabranda və Dağıstanda insan itkisi ilə nəticələnmiş avtobus qəzaları Allahın bizə bir  xəbərdarlığıdır bəlkə də... Sərnişinlərin sənədsiz-biletsiz minmələri həmin avtobuslarda həlak olmuş və ya yaralanmış insanların şəxsiyyətini müəyyən etməkdə problem yaratmadımı?..

Avtovağzallarda ciddi nəzarətin tətbiq edilməsi, xüsusilə, sənədsiz. biletsiz şəxslərin marşrutlara minməsinə icazə verilməməsi eyni zamanda buradakı rüşvətxorluğun və dövlət büdcəsindən yayınmaların da qarşısını alar...

Bəlkə hörmətli nazirlər və başqaları dediklərimi təkzib etmək cəhdində buluna bilərlər. Buyursunlar, keçmiş şahlar, vəzirlər kimi dərviş-libas olub  Bakıdan başlamış külli-məmləkətdə avtovağzallardakı mənzərəni seyr edək...

Vətəndaşların təklükəsizliyinə və dövlət büdcəsinə bu cür laqeyd münasibət, qeyri-iradi, adları çəkilən və digər əlaqədar dövlət məmurlarının vətənpərvərliyinə, dövlətçilik sevgisinə şübhə oyadır. Əksər məmurların rəhbərlik etdikləri qurumlara, idarələrə yalnız  şəxsi gəlir obyekti kimi baxmaları bütün neqativ hallara; qanunsuzluğa, rüşvətxorluğa, o cümlədən terrorçuluğa şərait yaradan başlıca amillərdəndir...

Əlqərəz, Allah bizi nəfsimizdən qorusun!..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı