Modern.az

İstibdaddan İstiqlala

İstibdaddan İstiqlala

کشور

17 Oktyabr 2011, 18:38

İstiqlal və İstiqlal şairi haqqında düşüncələr...

Tarix: II minilliyin dördüncü yüzilində Efes şəhərində, 120 ilə inşa edilən Artemida məbədi yandırılır. Dünyanın möcüzələrindən biri hesab olunan məbəd 356-cı ildə bazar alverçisi Herostratın şöhrət qazanmaq və tarixə düşmək istəyinin qurbanına çevrilir...

...Hər il Dövlət müstəqilliyimizin yenidən bərpa olunduğu gün ərəfəsində bizi bir millət olaraq istibdaddan İstiqlala aparan yola - ziddiyyətlərlə dolu tariximizin özünəqayıdış səhifəsinə ayna tutmağa çalışıram.

Adətən düşüncəmin və duyğularımın süzgəcindən keçirərək baxış bucağımın cizgilərinə və Əlahəzrət Ədalətin əbədi sərhədlərinə uyğun cilaladığım tarixin personajları olmur. Tarixə dramaturiji material kimi baxa bilmədiyim üçün keçdikləri yolu, yaşadıqları həyatı bu günkü mövqelərinə uyğunlaşdırmaqla gerçək qəhrəmanlığın sərhədlərini neobolşevik inkarçılığı ilə səhv salanların ikrah doğuran davranışlarını remarkalara çevirmək, yaxud boğazdan yuxarı - qurşaqdan aşağı söz ifrazatçılarının pafoslu monoloqlarını qabartmaq istəmirəm.

...Bu dəfə də ənənəmə sadiq qalacağam. Amma kiçicik bir istisna ilə. Elə bir istisna ki, bəlli bir zaman kəsiyində bizi istibdaddan istiqlala aparan məşəqqətli yolun hər qarışında onun izi görünür. Elə bir istisna ki, ilk Cümhuriyyətimizdən yol alan azadlıq ideallarımızı tarixin qaranlıqlarında gömülməyə, qan yaddaşımızı, bir millət kimi varlığımızın, mövcudluğumuzun təməlində dayanan milli idrakımızın Günəşini sönməyə qoymayıb, şərəfli dünənlə şərəfli bu gün - iki İstiqlal arasında mənəvi körpü rolunu oynayıb.

...Söhbət İstiqlal şairimiz Bəxtiyar Vahabzadədən gedir. İstiqlal Günü ərəfəsində ünvanına bəsit mülahizələrin səsləndirildiyi Bəxtiyar Vahabzadədən...

İşə gəldiyim zaman yolu boyu istedadlarına sayğı duyduğum, böyük hədəflərlə daş atmaqla böyümək istəyən gənc dostlarımın İstilalımızın 20-ci ildönümü ərəfəsində nədən məhz Böyük Ustadı nişan aldıqları barədə düşünürdüm. Doğrusu, əsaslı, daha dəqiq desək, stimullaşdırıcı, hərəkətverici və yönəldici bir səbəb tapa bilmədim. Bəlkə də tapmaq istəmədim...

Sadəcə Ramiz Rövşənin Əbülfəz Elçibəy haqqında yazdığı şeirin ilk misrasını xatırladım: "Sənə bir daş atar yerindən duran..."

...Kaş ki, hər şey bu qədər sadə, məkrsiz, böyümək, yaxud böyük görünmək arzusundan doğan üsyankar bir cığallığın nəticəsi olaydı. Kaş ki...

Ənənəsizlik sindromu

...Amma 21-ci yüzilin ikinci onilliyinin başlanğıcında bizi ötən əsrin 20-ci illərindən başlayaraq təqib edən və bir çox problemlərimizin, ziddiyyətli dünyagörüşümüzün təməlində dayanan mənəvi naqisliklərin, deklorativ dünyagörüşünün, proletkul inkarçılığının səbəbi göründüyü qədər sadə deyil. Problem ənənə ardıcıllığının olmamasındadır. Həm də bütün müstəvilərdə... Şübhəsiz ki, atasını satan Pavel Morozovların qəhrəman kimi təqdim olunduğu ultraqapalı bir cəmiyyətin paramparça olmuş və yeni sərhədləri çərçivəsində bütövləşməyə macal tapmamış coğrafi-mənəvi hissəciklərində ənənə axtarışına çıxmaq sadəlöhvlükdür. Çünki Allahına, atasına, Vətəninə, Millətinə asi düşənlərin ideoloji kumirə çevrildiyi, bütləşdirildiyi cəmiyyətlərdə ənənə anlayışı olmur. Belə cəmiyyətlərin "ənənəsi" dönüklükdü, asilikdi, nankorluğdu, bəsit və kor inkarçılıqdı! Qarşılıqlı sayğıya, minnətdar olmaq bacarığına, vərəsəlik ənənələrinə söykənən mürşid-mürid, ustad, müəllim-tələbə, ata-oğul münasibətlərinin formalaşmadığı cəmiyyət isə köksüz idealların, saxta bütlərin tapdağı altında can verməyə, əxlaqsızlığın, mənəvi naqisliyin girdabında boğulmağa məhkumdur.

...Bu gün ailələrimizdən başlayaraq təhsilimizədək hər addımda qarşılaşdığımız mənəvi-əxlaqi problemlərin əhəmiyyətli hissəsi məhz ənənəsizlikdən və sistemsiz tərbiyədən (sistemli tərbiyəsizlikdən - E.M.) qaynaqlanır. Qarşılıqlı sayğısızlıq və etimadsızlıq səbəbindən nəsillər arasındakı mənəvi bağlar qırılır, hər fərdin timsalında öz kökündən qopmuş, yaxud qoparılmış yeni və əsilsiz bir başlanğıcın əsası qoyulur. 

Hə isə... Mövlana Cəmaləddin Rumi demişkən, "Kor cəhalət insanları çirkaba bulaşdırır! Susqunluğum əsalətimdəndir... Hər sözə verəcək bir cavabım var... Lakin bir sözə baxaram sözmü deyə, bir də söyləyənə baxaram adammı deyə..."

Unutmayın!

Azərbaycanın yeni müstəqillik tarixi 18 Oktyabrdan başlayır. Qanımız və canımız bahasına əldə etdiyimiz Müqəddəs İstiqlalın üzərinə kölgə salmaq istəyənlər isə Milli Azadlıq Hərəkatını, 20 Yanvar hadisələrini, Bakı küçələrinə divan tutan rus tanklarını, dişinə qədər silahlanmış və millətimizin qanına susamış imperiya əsgərlərini, Şəhidlər Xiyabanını, Azərbaycan xalqının yalın əllə göstərdiyi ağlasığmaz müqaviməti, mərhum prezident Heydər Əliyevin bu hadisələrlə bağlı Moskvada, daimi nümayəndəliyimizdəki çıxışını xatırlasınlar. Xatırlasınlar və yaxşı-yaxşı düşünsünlər...

...Qriqori Qorinin "Herostratı unudun" pyesi oduqca maraqlı bir dialoqla bitir:

Uzaqdan yerə düşən daşların və xorla ifa olunan nəğmə səsi gəlir.

Teatr adamı: Bu nədir?

Kleon: Onlar teatrı bərpa edirlər.

Teatr adamı: Kimlər?

Kleon: Onlar, efeslilər...

Teatr adamı: Bəs onların adları nədir? Heç olmasa birinin adını çək. Bu bizim üçün çox vacibdir.

Kleon: Xatırlamıram...

Teatr adamı: Xatırla, Kleon! Onların adlarının unudulması ədalətsizlikdir. Xatırla!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı