Modern.az

Qafqazlılar kurortda

Qafqazlılar kurortda

Ölkə

8 Noyabr 2012, 17:28

Hekayə

O, xoşbəxt idi. Xoşbəxtlik kişinin çöhrəsini elə işıqlandırmışdı ki, üz-gözü bərq vururdu. Üç sarışının əhatəsində oturan qafqazlı balası astadan zümzümə edir, içindən gələn musiqinin ahənginə uyğun başını ahəstə yırğalayırdı. Rahat-rahat oturmuşdu. Halından məmnun idi.

Gündəlik həyatında adətən iş dalınca tələsər, ciddi və sakit görkəmiylə diqqət çəkməzdi. İndi bambaşqaydı. Sanki içindən yeni bir adam çıxıb əvvəlkini kənara itələmişdi. Gözəllərin cilvəsi Samirə həyatının ən ləzzətli anlarını yaşadırdı.

– Mən bu yağmurun altında oynamaq istəyirəm,- deyə Birinci Sarışın şıltaqlığa davam edirdi. – Qalxın, nə oturmusuz?  Getdik...

Çağırış hamısının ürəyindən oldu. Dərhal açıq hava altındakı restoranın yağış tutmayan rəqs meydançasına atıldılar. Şənlik, gülüş, qəhqəhə səsi leysanın şırıltısına qarışdı. İri yağış damcıları meşədəki qocaman ağacların yarpaqlarına dəydikcə “tap-tap-tap” kimi səslər çıxarır, elə bil rəqsə ritm tuturdu. Üzlər gülür, gözlər süzülürdü. Arada şimşək çaxdıqca rəqs edənlərə elə gəlirdi ki, göy qübbəsi də şaqqanaq çəkib gülür. Göylər də gözəllərə gülümsəyir və sevincindən tez-tez dodağı qaçır. Meşəni çimizdirən leysan da göyün sevinc göz yaşlarıdır.

Dildən pərgar olan Əsas Sarışın özündən çox razıydı. Gözəlliyə qalsa o, Birinci Sarışının əlinə su tökməyə yaramazdı. Amma bu dəsgah onun şərəfinə qurulmuşdu. Kişi də onun erkəyi idi. Ona görə Əsas Sarışın özünü külli-ixtiyar sahibi kimi aparırdı. Tez-tez ofisiantı çağırıb yeni sifarişlər verirdi. Ətrafdakılara qaş-göz edir, yan masalardakı erkəklərə müştəri gözüylə baxmağı da unutmurdu. Hərdən diqqət çəkmək üçün qəribə jestlər edir, qısa replikalar verirdi. Deyəsən, o lap Allahın bəlasıydı. 

Bütün bunları dinməzcə seyr edən Üçüncü Sarışın yaşca onlardan böyük görünürdü. Əyləncənin yaşa dəxli yoxdu. İş burasındadı ki, onun hərəkətləri də  ölçü-biçili idi. Deyəsən, fələyin qismətindən nəsibinə düşən zövqü alırdı. Cavan sarışınlar nədənsə bu qadına xüsusi hörmətlə yanaşırdılar. Aralarında rəqabət hissi olmadığı aydın görünürdü.    

Qafqazlı balası sonalar gölünə düşmüşdü. İllərlə qəlbində gizlədiyi istəkləri, içinə yığdığı arzuları reallaşırdı. Həmişə dostları kurort macəralarından danışanda onun da ürəyindən keçmişdi bu səadəti dadmaq. Qismət bu günə imiş. Axır ki, iş-güc, arvad-uşaq, bacı-qardaş qayğısından göz açıb özünə vaxt ayırmışdı. Samir kama çatmışdı.

Badələrin çaqqıltısı onları elə şirnikdirirdi ki, içkidən doymaq bilmirdilər. Yoldan ötən həmyerliləri Samiri görüb ayaq saxladılar.

– Əəə, bir buna baax! Nə özünü vurub gözəllərin arasına...

– Sözündə    ehtiyatlı ol, Mikayıl, o yaşlı xanım bacısıdı. Onu o sıraya qatma.

– Bacısıdı, çıxsın da biri sıradan, noolacax? Sən bunun canına-cürəpəsinə bax, yanında hərlədiyi canlara bax. 

– Ayə, əlinnən almıyıflar ha... Sən də bir-ikisini yanla. Yoxsa buranın nəyi oldu kurort? Elə bil azad xəstəsən, axşamatan o həkim sənin, bu həkim mənim... Doxdur qapılarında gəzirsən. Müalicə prosedurlarına nobat gözləməkdən canımız çıxdı. - Asəf əl-qolunu hərləyib mətləb üstə gəldi: – Əsas müalicəni almasaq, qalan hamısı havayı seydi! Elə Bakıda da doxdura gedə bilərdik.

Dostlar əllərini əllərinə çırpıb xeyli gülüşdülər. Onların nəşəli gülüşü meşənin sükutunu diksindirdi. Onsuz da kurort yeri çox gözəldi, füsunkar təbiəti vardı. Allah-Təala yaradanda bu yerlərdən səxavətini əsirgəməmişdi. İndi də yağışda yuyunmuş meşə adama lap gəl-gəl deyirdi. Daş döşənmiş cığırlarla tənbəl-tənbəl irəliləyən qafqazlı dostlar sağa-sola baxınıb “quş” axtarmağa başladılar.

Mikayılgilin yolu üstündəki ikinci restoran da dolub-daşırdı. Elə bil hər yeri qafqazlılar zəbt eləmişdilər. Onlar da küncdə bir masa tapıb içki sifariş verdilər. Asəf pivəsini içə-içə siqaretini tüstülədirdi ki, birdən gözü tələbəlik dostu Nadirə sataşdı. Çox mehriban görüşdülər. Nadirgilin masası qələbəlik idi, Asəflə Mikayıl qoşulduqdan sonra lap səs-küylü oldu. Nədənsə, bu masada tək bircə qadın vardı. Onun da kimliyi kimsəyə bəlli deyildi. Sevgiyə susamış kişilər əlaqə yaratmaqçün çırpınırdılar. Musiqi səslənincə, rəqs vaxtı danışıb-anlaşmaq ümidiylə hərə bir yandan dəvət edirdi qadını. Təzə qonaqlarının şərəfinə badə qaldıran Nadir həmin xanımı təqdim edincə məclisə su ələndi.

– Yanımda əyləşən bu gözəl xanım da mənim ikinci arvadımdı. Evdəki də bilir. Uşaqlarım da. Mən öz səadətimi bu xanımda tapmışam. Bir ömür bərabər yol gedəcəyik.

Bayaqdan büzüşüb oturan, pərtliyini büruzə verməməyə çalışan gənc qadın sanki bu sözlərdən sonra böyüdü, qanadlandı, məclisə sığmaz oldu. O, yerində dirçəlib ayağını ayağının üstünə aşırdı. Başını dik tutaraq bayaqdan söz atanlara oturuşu-duruşuyla meydan oxuyurdu: “Gördünüz, mən kiməm?! Siz məni nə yerinə qoymuşdunuz? Hansı ampluada qəbul etmişdiniz? İkinci də olsam, mən bu kişinin arvadıyam! Siz düşündüyünüzdən deyiləm.” Masadakı erkəklərin hamısı sustalmışdı. Qızaran kim, utanan kim... Qadına girişmək fikrinə düşən Asəfi də tər basdı: “Nə yaxşı, tələsmədim. Biabır olacaqdım Nadirin yanında. Bu heç kişilikdən deyildi. Kişi kişinin qadınına göz dikməz!” Məclis bitməmiş Asəfgil sabahkı prosedurlara hazırlığı bəhanə edib masadan qalxdılar. Kor-peşman otaqlarına yollandılar.

– Adamda bəxt yaxşı şeydi, Mikayıl. Bizimki yatıb hələ. Az qalmışdı xəta törədəm. Yaxşı ki, Nadir vaxtında dilləndi.

– Gördüün, yan tərəfdəkilər də bizimkilərdi. Arvadınnan qorxan köpəyoğlu ailəsi ilə oturduğunu bildirməkçün dəqiqə başı “elə deyilmi, arvadcan?” - deyirdi. Guya kimin nəyinə lazımdı sənin burda kiminlə oturduğun?.. Fasonbaz oğlu, fasonbaz. Əzrayılın yanında olmayaydı, görəydim sənin ailənə sədaqətini...

– Hamını bir tutma, ayə. Elə bizimlə oturan Natiqə fikir verdiin? Bir dəfə durub oynamadı. Nə qədər dürtmələdilər, tərpənmədi. “Mən namuslu ailə başçısıyam” - deyib durdu.   

– Əvvəl elə bildim zarafat eləyir, sonra gördüm yoox, ciddidi. Özü də yaraşıqlı, cavan oğlandı. Hansı “quş” ona “yox” deyər?- dostlar dərdləşə-dərdləşə  diskotekaya üz tutdular. Yenə ümidləri ora idi.  

Samirin qonaqlığı bitmək bilmirdi. Yaman uzun sürdü. Əyləncə hamısının ürəyindəndi. Ancaq qaranlıq düşmüşdü. Ayağa durmağın vaxtıydı. Qarnı tutduqca yeyib-içməyə çalışan Əsas Sarışının acgözlüyünü o da sezmişdi. Ancaq vecinə almırdı. Bu axşam xərc-xəracat gözünə görünmürdü. Ürəyində deyirdi ki, bu gün yaman yorulacaq, istədiyi qədər yeyib-içsin. Gecə yarısı “acam” deyib zəhləmi tökməsin. Səxavət kisəsini açan Samir ömründə ilk dəfəydi ki, özünü əzizləmək fikrinə düşmüşdü. Bu kurort mövsümündə tam proqramı yerinə yetirəcəkdi. Özü öz qarşısında öhdəlik qoymuşdu elə bil.

– Burdan qalxan kimi diskotekaya gedək. Mən bu əhval-ruhiyyə ilə dörd divar arasına girib nəşəmi pozmaq istəmirəm, - deyə Birinci Sarışın yenə şıltaqlığını nümayiş etdirdi.

– Lap yaxşı olar. Diskoteka bağlanana qədər rəqs edərik. -Masanın erkəyi şıltağa dəstək verdi. Bu da səbəbkarı açmadı. O, kişini Birinci Sarışına qısqanırdı.

– Mən üşüyürəm. Oynadıq daa. Evə gedək,- deyib qəmzə atan Əsas Sarışın dərhal kişini qucaqlayıb ona sığınmaqla həlledici qərarı vermiş oldu.

– Elə isə meşənin içiylə gedək. Daha romantik olsun. - Samir zövqdən-əyləncədən doymaq bilmirdi. Əlinə düşmüş fürsəti axıracan istifadə etmək fikrindəydi.

Ooo! Cavan oğlan, siz həm də romantika istəyirsiz?!

Şıltağın eyhamı hamıya çatdı. Ancaq eyhamın hədəfini dəyişmək istəyən Üçüncü Sarışın “gözəllik hamıya ləzzət edir”- replikasıyla romantika söhbətini uzatmağa qoymadı. Meşə yoluna yenicə qədəm qoymuşdular ki, yenə həmyerlilərinə rast gəldilər. 

Çal saçlı, bəstəboy kişilər yeznə-qayın idilər. Vəzifəcə Bakıda mühüm postları tuturdular. Mədət müəllimin arvadı çoxdan rəhmətə getmişdi. Eldən-gündən abır-həya edib evlənməmişdi. Ailə içinə təzə arvad gətirmək onların kitabında yoxuydu. Qənbər müəlliminsə arvadı illər xəstəsiydi. Oğul evləndirib, qız köçürəndən sonra arvad boşamağı özünə sığışdırmamışdı. Neçə illərdi ki, bu iki qohum ümidini kurorta bağlamışdı. İl uzunu qazandıqlarından yığıb hər yay istirahətə gəlirdilər.  İstirahət də ki nə istirahət!.. Hər il eyni mövsümdə gəldiklərindən burda daimi tanışları, rəfiqələri vardı. Amma yenə də “təzə quş” görən kimi maraqlarını gizləyə bilmirdilər. İndi də elə oldu. Samirgillə hal-əhval tutub, yerli-yataqlı tanış oldular cavan sarışınlarla. Eləmədilər tənbəllik, hətta birlikdə oturub məclis qurmağı da təklif elədilər.

– Samir, qadan alım, bu nə vaxtın “otboy”udu? İndidən evə girib neyləyəcəksiz? Gedək bir çay içək, sonrasına baxarıq. Xanımlar istəsə, yemək də yeyərik.

–  Sağ olun, ay Mədət müəllim. Bu dəqiqə elə yeyib-içməkdən gəlirik. Qızlar yorulub. Əyinləri də nazikdi.

– Noolacax, gedək siz tərəfə, isti jaketdən-koftadan bir şey götürsünlər, gələk oturaq.

– Başqa vaxt oturarıq, Mədət müəllim. Hələ buralardayıq,- deyib onlardan sovuşan Samir başının dəstəsilə beş addım aralanmamışdı ki, mağaza sahibi olan cavan həmyerlilərinə rast gəldi. Hardansa əllərinə pul düşən Nazimlə Qərib sözün əsl mənasında yonulmamış kötük idilər. Nə ünsiyyət qabiliyyətləri vardı, nə də davranış. Hələ həyatı yaxşı tanımadıqlarından sanırdılar ki, pulları varsa, hər şeyə icazəlidirlər. Kurorta kef eləmək iştahasıyla gəlmişdilər. Amma umduqlarından yeyəmmirdilər. Dil bilmədikləri qürbət ölkədə suallarını, istəklərini üzlərinə geyinib müraciət edirdi onlar. Mimikadan, him-cimdən bir şey çıxmadığını görüncə, yapışmışdılar Samirin yaxasından:- “Sən dil bilirsən. Bizə də “quş” tap. Onnarı başa sal ki, nə qədər istəsələr pulumuz var.” İndi də yanındakı qızları görüncə, sorğu-suala çəkirdilər ki, bəs bizə verdiyin söz nə oldu...

– Kurorta təzə gələndə mən də elə bilirdim ki, bu millətin bütün qadınları gəzəyəndi. Ancaq tanış olduqca baxdım ki, yoox, ərli qadınlar qətiyyən yaxın buraxmır adamı. Camaat bura dincəlməyə, müalicə olunmağa gəlir. Hamı “siz deyən”nən deyil. Gəzmək, əylənmək istəyən özü işarət verir. Bir az dözün. Yaxşı olacaq.

Samir ha çalışdı, Nazimlə Qəribi yola gətirəmmədi. Köntöy cavanlar az qalırdı desinlər “sən çəkil kənara, biz davam edərik”. Mübahisə etməyin mənası yoxuydu. Onsuz da başa düşməyəcəkdilər. Samir müdrikliyini işə salıb - “iki-üç günə mən gedirəm, onda tapşıracam qızlara siznən görüşsünnər”- deyib onları sakitləşdirdi. Söz oğlanların ağlına batdı. Axır ki, əl çəkdilər.

 Leysan ara vermişdi. Havada oksigen bolluğu yaranmışdı. Təmiz havaya həsrət olanlar kurort boyunca gəzişib bu nemətdən bəhrələnirdilər. Meşənin qaranlığında dolaşanları seçmək olmurdu. Amma asfalt yollarda, daş döşənmiş cığırlarda yanan rəngli işıqlar mehriban cütlükləri ifşa edirdi. Onların arasında qızı yerində gənclərə sarmaşanlar da vardı, tay-tuşu ilə şirin söhbət edənlər də. Qafqazlılara meylli olanlar yaxşı bilirdilər ki, onların kurort macəraları bir-birinə bənzəyir. Çünki hər il eyni ssenarilər təkrarlanırdı.

avqust-sentyabr  2012

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı