Modern.az

Xaricdəki tələbəmiz: “Buradakı əsas çətinliyim havanın soyuq olmağıdır” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Buradakı əsas çətinliyim havanın soyuq olmağıdır” - MÜSAHİBƏ

Ülke

26 Dekabr 2013, 16:46


Modern.az
saytı “Xaricdəki tələbəmiz” layihəsini davam etdirir.  Budəfəki müsahibimiz Türkiyədə magistr pilləsində təhsil alan Orxan Faiqovdur.

Orxan 1988-ci ildə Saatlı rayonunun Varxankənd kəndində anadan olub. 2011-ci ildə Xəzər Universitetinin Jurnalistika fakültəsini bitirib. 2012-ci ildə isə Türkiyənin Atatürk Universitetinin İletişim fakültəsində Teleradio və kino bölümünün magistraturasını qazanıb. Hazırda axırıncı kurs tələbəsidir.

- Niyə məhz Türkiyədə təhsil almağa qərar verdin?

- Türkiyə hər il xarici ölkələrdən öz hesabına tələbələr gətirərək təhsil verir, mən də bununla bağlı araşdırma aparıb müraciət etdim, Türkiyə baş nazirliyi bütün haqlarımızı ödəyir.

- Harada qalırsan?

- Türkiyənin bütün şəhərlərində olduğu kimi, Ərzurumda da dövlət yataqxanaları var. Biz bura gəlməzdən öncə hansı yataqxanada qalacağımız bildirilmişdi. İndi yataqxanada qalıram və bildirim ki, çox razıyam.

- Ailəndən uzaqda yaşamaq çətin deyilmi?

- Əlbəttə, ailədən uzaqda yaşamaq çox çətindir, Bakıda oxuyanda da ailəmdən ayrı qalırdım, amma xarici ölkədə daha da çətin olur.

- Türkiyəyə öyrəşmək çətin olmadı?

- O qədər də çətinlik çəkmədim, çünki bura gəlməmişdən əvvəl Türkiyənin sosial-mədəni  həyatı haqqında məlumatlar əldə etmişdim. Dilimiz eynidir və əvvəldən də türkcəni çox gözəl bilirdim. Türklərlə dil və mədəni bağlılığımız var, ona görə də mənə rahat oldu.

- Ümumiyyətlə, orada əsas problemlərin nədir?

- Ərzurumun havası çox soyuq olduğundan tez-tez səhhətimlə bağlı problem yaranır. Başqa bir çətinliyim yoxdur.


- Orada səndən başqa azərbaycanlı tələbə varmı və münasibətiniz necədir?

- Ərzurumda 100-dən çox azərbaycanlı tələbə var. Burada ahıskalı gənclərlə birlik qurmuşuq. Münasibətimiz çox yaxşıdır.

- Müəllimlərin xarici tələbələrə qarşı rəftarı necədir?

- Türkiyədə xarici tələbələrə çox da fərq qoyulmur. Dərslər və imtahan metodları eynidir. Yəni xüsusi fərq yoxdur.

- Bəs, xarici tələbələrlə münasibətin necədir?

- Xarici tələbələrlə universitetin klubları çərçivəsində daha çox münasibət qurulur. Amma daha çox “dostlar dostları artırır” prinsipi ilə xarici tələbələrlə münasibət qurmuşam. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, İran, Gürcüstan və digər ölkələrdən olan dostlarım var.

- Aldığın təhsil səni qane edirmi?

- Xeyr. İxtisasıma uyğun olaraq media qurumları Ərzurumda çox deyil. Türkiyədə oxumaq üçün gələn tələbələrə də səslənmək istəyirəm, çalışsınlar qərb tərəflərdəki universitetlərdə təhsil alsınlar. Əlbəttə, Türkiyədə təhsil almaq çox asandır.

- Oxumaq necə, çətindir? Ümumiyyətlə, Azərbaycandakı təhsil sistemindən nə ilə fərqlənir?

- Buradakı təhsil sistemi dəyişikdir. Can sistemi (zəng) ilə tələbələr adətən bir-biri ilə rəqabət aparırlar. Çünki bu sistemdə sinifin ortalama göstəricisinə baxaraq tələbələr imtahanlardan keçirilir. Amma bəzi fakültələr bolonya sistemi ilə təhsil verir.

- Azərbaycanı tanıtmaq üçün nələr edirsiz?

- Tez-tez Gürcüstandan olan tələbələrlə Qafqaz gecələri keçiririk. Mədəniyyətimizi əks etdirən nümunələr sərgiləyirik. Xalq rəqsləri və adət ənənələr nümayiş etdirilir. Yaz aylarında yenidən böyük konfrans təşkil etməyi planlaşdırırıq.

- Azərbaycandakı tələbə həyatınla Türkiyədəki tələbə həyatın arasında hansı fərqlər var? Hansı daha yadda qalan olacaq?

- Suala cavab vermək bir az çətin olacaq. Deyərdim ki, tələbəlik dövrü çətinliyi ilə yanaşı, gözəldir. Hər ikisi mənim üçün yadda qalan olacaq. Amma ölkədən kənar olmaq fərqli bir şeydir. Tez-tez Ankara və İstanbula gedib konfranslara qatılmaq şansım olur. Gürcüstanı gedib gəzirik.

- Orta hesabla ayda nə qədər pul xərcləyirsən? Daha çox pulun nələrə çıxır?

- Türk lirəsi ilə təxminən 500 lirə. Amma onu da deyim ki, təqaüddən əlavə yurdda qalmaq və yemək haqqı da dövlət tərəfindən ödənilir. Amma az xərcləmək də olar. 300 lirə ilə də dolanmaq olar. Ən çox pulu nəqliyyatla gediş-gəlişə xərcləyirəm. Kitab sifariş etmək və boş vaxtlarımda uşaqlarla əylənmək də öz yerində.

– Necə düşünürsən, xaricdə təhsil almaq dünya görüşündə nələri dəyişib?

- Dünya görüşümdə müsbət dəyişikliklərin olması inkar edilməzdir. Amma insan ən çox Vətənin vaz keçilməz müqəddəs yer olduğunu daha çox dərlk edir.

- Xaricdə təhsil alan tələbələr sonradan Azərbaycana qayıtmaq isdəmirlər. Sən nə fikirdəsən?

- Əlbəttə, gənclər xaricdə təhsil alanda oradakı şəraiti görürlər. Məsələn, müəllimlərin ən az maaşı 1000 dollar olan ölkədən 300-400 dollar olan ölkəyə getmək nə qədər məntiqlidir? Həm də Türkiyədə bir çox şey Azərbaycandan ucuzdur. Ən az maaşla insanlar ailəsiylə həftə sonları əylənməyə belə gedə bilərlər. Tələbələr daha çox iş tapa bilməmək qorxusuyla Azərbaycana geri dönmək istəmirlər. Əminəm ki, bu şərait yaxşılaşsa, bütün azərbaycanlı tələbələr vətənlərini birinci növbədə seçəcəklər.


Könül Qidayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı