Modern.az

Şuşaya getmək istəyən varmı? Yaxındı, cəmi 95 km...

Şuşaya getmək istəyən varmı? Yaxındı, cəmi 95 km...

Ölkə

9 İyun 2014, 14:50

Tərtərə jurnalist dostumuz  və qonşumuz Kənan Rövşənoğlunun anasının yas mərasiminə gedirdik. İsti, yolboyu  ilan mələyən boş torpaqlar, təkəmseyrək insanlar, qarğıdalı qaynayan qazanların hisli tüstüsü Ceyms Bond filmlərinin səhnələrini xatırladır. Maşında etdiyimiz şən söhbətin şirin ovqatını yola basdırılmış dirək darmadağın edir. Adi dəmir dirəkdir. Mavi rəngə boyanıb. Üstündə  “Şuşa -95 km” yazılıb... Dayan, necə yəni 95 km? Yəni, sükan arxasında olan dostumuz Niyaz maşının sürətini 140-yə qaldırsa, o zaman biz cəmi 40 dəqiqədən sonra Şuşada olacağıq? Bu qədər yaxın?

...Şuşa lap yaxın imiş. Bu elan yaddaşımızda virtual-psixoliji olaraq  “haradasa uzaqlarda olan torpaq” kimi kök salmaqda olan  Qarabağın real coğarfi formatını tərs sillə kimi üzümə çırpır. Atəşkəsin 20 ili Qarabağı gör nə qədər uzaqlaşdırıb bizə? Bakıdakı çayxanalarda isti çayı hortuladaya-hortuldaya içərək “heyf Qarabağdan” deyəndə, toyxanada “Şuşa” deyib zarıyaraq oynayanda, bizim üçün Qarabağ hardasa 5 min , 10 min kilometr uzaqda olan bir torpaq kimi xatırlanır. O isə yaxında - burda imiş. Burnumuzun ucunda. 95 km o tərəfdə... Biz isə ona “Google Map”dan baxırıq. Köhnə kinoxronikaların əsən kadrlarından seyr edirik.  İllər bizi Qarabağdan uzaqlaşdırıb, yaxın coğrafi məkan kimi unutdurub, virtual yaddaşımızın uzaq bir küncünə yazıb. Atəş altında yaşayan doğma torpağımız isə burnumuzun ucunda imiş... Cəmi 95 km o yanda.


...Maşın bizi sürətlə Şuşaya doğru aparır... İsa bulağına çatmağa 90 km qalıb. “Cıdır düzü” dedikdə közdə bişən əmlik quzu kababları ilə oranı xatırlayanlar indi Şuşaya kosmosda olan məkan kimi baxırlar. Bütün kef məclislərinin şirin xatirəsi isə 95 km bu tərəfdə qalıb.  Bizim kar yaddaşımızda Qarabağ hardasa uzaqlarda sayrışan işıq, sonu görünməyən nağıldır sanki. Bu mavi dirək və üstündə yazılan “95 km” sözü, rəqəmi bütün yalançı vətənşüvənliyə, geydirmə patriotluğa, çərənçiliyə, Şuşa üzərində kareyra quranların üzünə tüpürülən tüpürcəkdir. Bu ağ rənglə yazılmış “95 km”  bütün suallara cavab gözləyir, Kefli İsgəndərə çevrilib “tfu sizin üzünüzə!” deyir. Ağzı köpüklənə-köpüklənə vətəndən danışanları ələ salır, hər gün qanına bələnən əsgərlərimizin matəminə ağlayır. 

...Son 20 ildə yaşa dolmuş “pepsi nəsli” üçün yaddaş qoymadıq. İnternet saytlarında, TV efirində  Qarabağ davalarını əks etdirən kəsik döyüş fraqmentləri, boğazdan yuxarı “vətən” şüarları divara dəyən quru palçıq oldu. Qarabağ, Şuşa, “7 rayon” böyük güclərin həyasız diplomatiyasının çörək ağacına çevrlidiyi andan uzaqlaşdı bizdən Şuşa. O vaxtdan bəri  Qarabağ ora piyada gedən Həsənin yaddaşından yox, həmsədr Conun durbinindən görünür artıq. Bizə uzaq ölkələrdə stol üstə qoyulan protokollardan boylandı Şuşa, Laçın. Halbuki, o burda imiş. Cəmi 95 km o tərəfdə.  

Keçmiş döyüçü, Qarabağı qarış-qarış tanıyan Rey Kərimoğlunu xatırladım. Rey, Şuşa lap yaxın imiş ki... 1 saatlıq yol qədər... Bəs niyə 95 km bu tərəfdə qalanlar üçün Qarabağ ritorik və təntənəli nitqlərdə, əcnəbi qovluqların gizlətdiyi yalançı diplomatiyada,  bəzən isə psixi tutmalara oxşayan ağlaşmalarda qalıb? Niyə?..  

Türklər demiş “dirək” kimi sualdır..

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı