Modern.az

Voroşilov küçəsinin sakinləri

Voroşilov küçəsinin sakinləri

Ülke

23 Dekabr 2014, 10:07

- Elə bir gün olmur ki, yuxuda Ağdamdakı evimizə getməyim. Hətta iki gün əvvəl də məhləmizə getmişdim. Əzizbəyov küçəsindən sol tərəfə dönüb Voroşilov küçəsinə keçdim. Həvəslə gəlib darvazamızı döydüm. Təəssüf ki, qapını açan olmadı…

Həmsöhbətimlə Ağdam barəsində danışıram. Ağdama getməmişdən əvvəl ziyalılarımızdan söz düşür. Büllur kimi təmiz olan ziyalılarımız Ramiz Rövşən və Musa Yaqubdan danışırıq. Mən isə Musa müəllimi daha yaxından tanıdığımdan onun gözəl yol yoldaşlığından danışıram. Həmsöhbətim bu arada maraqlı bir məqama toxunur:

- Vüqar, həyatda belə bir bölgü var. Biləsiniz ki, bu təkcə Azərbaycana aid deyil. Yer üzündəki bütün millətlərdə iki faiz insanlar var ki, onlar təkcə öz dövlətlərini deyil, bəşəriyyəti öz arxalarınca apara bilmək iqtidarında olurlar. Adını çəkdiyin insanlar məhz belələrindəndir”.

Həmsöhbətim təvazökarlıqdan öz adını çəkməsə də hər birimiz onun Azərbaycan adına nə qədər şərəf gətirdiyini gözəl bilirik.

Bu məqamda ləngiməyimin səbəbi kimi yaxınlıqdakı məktəbin yanından maşın əlindən keçə bilmədiyimi deyirəm:

- Maraqlıdır ki, bir ailədə beş məktəbli varsa hamısına ayrıca maşın təhkim olunur. Nəticədə birinin rahatlığı yüzünün narazılığı hesabına başa gəlir.

Cavab olaraq həmsöhbətim dünyada qəbul edilmiş bir normanın olduğunu dedi.

- Burada söhbət sosial kodlaşdırmadan gedir Yenə necə ola bilər ki, birinin iyirmi maşını olsun, digəri isə acından ölsün. Belə hal sivil dünyada da qəbul olunmur. Hər bir cəmiyyətdə sosial maksimum və sosial minimum olmalıdır. Amma biz buna hələ hazır deyilik…

Bilirsiniz, dəyərləri dəyişməklə millətin xarakterini dəyişmək olar. Hitler məhz faşist ideologiyasnı belə qəbul etdirmişdi. Alman xalqı kimi təmiz xalq faşist ideologiyasının hesabına məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı…

Belə ağır mövzulardan sonra yenidən Ağdama qayıdırıq…

Beləliklə, bu dəfə də doğma şəhərimə AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə gedəsi oluram. Yenə xəyallarımızda Ağdamı canlandıraraq, onu yaşatmaq arzusuyla…

Söhbətimizin maraqlı alınması üçün bulvardakı Üzeyir bəyin heykəlinin şəklini təqdim edirəm. Şəkil ətrafında söhbətə başlayırıq. Rafiq müəllim əvvəlcə buna oxşar heykəlin Vyana şəhərində olduğunu deyir.

…Biz Ağdam şəhərinə 1946-ci ildə Novruzlu kəndindən köçmüşük. Atam o illərdə İpək idarəsinin müdiri idi. Ağdamda mənzilimiz olmadığından, bir il idarənin qonaq evində qalası olduq. 1948-ci ildə atam Voroşilov küçəsində Dərgahovlara məxsus mənzili aldı və biz birmərtəbəli kürsülü evə köçdük…

Rafiq müəllim xəyalən artıq öz küçəsində idi. Voroşilov küçəsi 21 ünvanında darvazanın qapısını açıb içəri keçmişdi. Həyətdə gölgəsiylə ətrafa meydan oxuyan tut ağaçının altında dayanmışdı…

Tut çırpılan vaxtı isə tez-tez şəhərə gələr, səhər tezdən evdəkiləri oyatmamaq üçün ehmalca qapını açıb həyətə düşər və tutun gilələrini bir-bir həvəslə yeyərdi...

Sonra isə şüşəbənddəki masaya yaxınlaşıb oturar, masanın sol gözündəki şeir dəftərini götürüb məktəb illərində yazdığı şeirləri təkrarlayardı…

Sanki yuxudan ayılmış kimi, bu anda Rafiq müəllimin səsi dəyişdi. Evdə mənim üçün ən əziz əşyalardan bir də məhz şüşəbənddəki stol idi. Qəribə təsadüf nəticəsində yazdığım şeirlərin hamısı o stolun gözündə qaldı. Özüdə o şeirlərin hamısını rəhmətlik Famil Mehdi yığıb vermişdi. Şairliyimə, əgər belə mümkündürsə, qəzəl yazmaqla başladım. Yerli mətbuatda çıxan və əlyazmada olan, hətta o dövrdə səhnələşdirilən “Ana” mənzum pyesinin əlyazması və iki poemam qaldı…


Qeyd edim ki, Voroşilov küçəsi 1988-ci ildən sonra Xudu Məmmədov adlandırıldı. Bu küçə uzunluğuna görə şəhərin ən kiçik küçələrdən idi. Ancaq kiçik olsa da, bir çox mötəbər insanlar məhz bu küçədə yetişmişdi.

Küçə “28 aprel”dən başlayıb V.İ.Lenin prospektini və M.Frunze küçəsini kəsərək Əzizbəyovda qurtarırdı. Uzunluğu cəmi 800-900 metr olardı. Maraqlı idi ki, ən kiçik küçədən çox böyük ziyalı ordusu yetişmişdi. Akademik Cahid Quliyev, tanınmış jurnalist Şahin Quliyev, professor Oktay Quliyev, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, tanınmış səhiyyə işçisi Tələt Əliyev, tanınmış şair Ramiz Məmmədzadə məhz bu küçənin sakinləri olmuşdu…

Küçənin sakinlərindən biri də o dövrdə avtoritet hesab edilən Rey Babayev idi.

Rafiq müəllim qonşularını və küçə sakinlərini belə xatırlayır:

- Əzizbəyov küçəsi ilə Sarıtəpə istiqamətindən gələndə Lahıclılar məhəlləsindən dönəndə sol tərəfdə birinci ev kamança ustası Elman Bədəlovun kürəkəni Zakirgilin ata eviydi. Bacıları da o həyətdə qalırdılar. Qəşəng də həyətləri var idi. Üzbəüz sağ tərəfdə isə Dərgahov qardaşlarının mənzili idi. Bitişik mənzilin bir hissəsini biz almışdıq. Dərgahovlar əslən Pərioğulları kəndindən idi. Bizim mənzildən sonra Miriş kişigilin evi gəlirdi. Onların mənzili ilə üzbəüz əslən Şəki şəhərindən olan ailə, sonra Yaşargilin həyəti idi. Ondan sonra Qəzənfər müəllimgilin evi gəlirdi. Şairə Roza Qarabağlı onun qızı idi.Ondan sonra su satan Gopangilin evi gəlirdi. Cahid, Oktay və Şahin Quliyev qardaşlarının ata mənzili burada idi.

Mirişgildən sonra Məmikişigilin evi gəlirdi. Onun həyat yoldaşı sovet dövründə məsul vəzifələrdə çalışan Aqşin Rüstəmovun xalası idi. Sonra Ramiz Məmmədzadəgilin ata yurdu idi. O arada olan döngədən Ağdam Rayon Maarif şöbəsinə yol var idi. Rey Babayevgilin evi də burada idi.

Qeyd edim ki, Ağdamda “aptek Tələt” kimi tanınan və əslən Quzanlı kəndindən olan Tələt Əliyev də bu döngədə olan mənzilində yaşayırdı. Küçənin sonunda “karyer Qasım”gilin mənzili gəlirdi. Uzbəuz isə Ağdama ilk “Pobeda” avtomobili almış Həsənqulu kişigilin, Xasaygilin, sonra sovxoz direktoru Bəhram kişigilin evi gəlirdi. Sovxoz direktoru olmuş Səfər Səfərovda sonradan bu küçəyə köçmüşdü…

Ağdam raykomu da uzun illər bu küçədə idi. Sonradan raykomun binasında Komsomol təşkilatı fəaliyyət göstərdi. Küçə 28 aprel küçəsindən məhz raykomun binası ilə başlayırdı…

Bu arada hörmətli alimimiz sovet mədəniyyətinə toxundu.

- Lütfi Zadə ilə görüşlərin birində dedi ki, sovet dövləti bilirsən niyə dağıldı?

Cavabımı gözləmədən özü cavab verdi.

- Sovetin güclü hərbi texnikası və mədəniyyəti var idi Amma iqtisadiyyatı yox dərəcəsində idi. Əgər iqtisadiyyatı olsaydı dağılmazdı. Həqiqətən də o dövrdə mədəniyyətə yüksək qiymət verirdilər. Təsəvvür edin ki, bir nömrəlidə oxuyan zaman “Ana” mənzum pyesim Ramiz Rəsulov tərəfindən səhnələşdirilmişdi. Mədəniyyət şöbəsi tərəfindən məktəbə verilən sarı rəngli avtobusla Mingəçevirə və Bərdəyə tamaşanı göstərməyə gedirdik. Bu məqamları həyatımın qızıl anları hesab edirəm. Ümumiyyətlə, əllinci illəri Azərbaycanın intibah dövrü hesab etmək olar. Bu illər Ağdama da müsbət mənada təsir etmişdi…

Nəhayət hörmətli ziyalımızla söhbəti başa vururam. İnanıram ki, növbəti görüşlərin birini xəyalən deyil, real olaraq Ağdamda Xudu müəllim təklifi ilə inşa edilən “Çay evində ” oturub uğur və səhvlərimizi ürəklə müzakirə edəcəyik…

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı