Modern.az

“Qara Piar”dan xilas olmaq mümkündürmü?

“Qara Piar”dan xilas olmaq mümkündürmü?

Ölkə

30 Avqust 2010, 15:06

Sovet  jurnalistikasından  fərqli olaraq  müasir media  ağ və qara  rənglərdən  ibarət deyil.  Bütün çalarların olması əslində azad jurnalistika üçün normal haldır.  Nisbi də olsa   azadlığın mövcudluğu, istənilən Azərbaycan vətəndaşının   qəzet təsis etməsi,  fikirlərini ictimaiyyətə çatdırması   önəmli    məsələdir.  Bütün bunları   qanunlar, jurnalistlərin qəbul etdiyi əxlaq kodeksi, bazar iqtisadiyyatının prinsipləri tənzimləməlidir.    Təəssüf   ki,  bu sahədə  olan problemlər  “qara  piara” yol açır. 

Mediada fakta söykənməyən radikallıq, söyüş dueti, bir-birini inkar cəmiyyətdə təkamül prosesinə olan inamı, qarşılıqlı etimadı azaldır. Hər bir kəsin, o cümlədən jurnalistin də siyasi partiyaya, liderə rəğbət bəsləməsi normal haldır. Lakin bu simpatiya jurnalistikanın prinsiplərinə, mahiyyətinə zidd olmamalıdır. Acınacaqlı haldır ki, Azərbaycan mediasında  seçki  qabağı  daha  kəskin  şəkildə  kimisə öymək, kimisə söymək tendensiyası dərinləşir. Bunun özü də  həmin mətbu orqanın vəziyyətinin ağırlaşmasına gətirib çıxarır.

 Bir məsələni də qeyd etmək istərdim. ABŞ-da "Vaşinqton Post" qəzetinin Respublkaçılar, "Nyu-York Tayms" qəzetinin isə Demokratlar partiyasına simpatiyası həmişə olub. Bu rəğbət, yaxınlıq qəzetin peşəkar nüfuzuna xələl gətirmir.  Vaxtı ilə  həmin ölkədə keçirilən dünyada ən bahalı, qalmaqallı Konqres seçkilərində adını çəkdiyimiz bu iki qəzet jurnalistikanın prinsiplərinə sadiq qalaraq obyektiv mövqe nümayiş etdirdilər.

İstənilən ekstremal şəraitdə, seçki proseslərində medianın tərəfsiz, qərəzsiz informasiya daşıyıcısı kimi hadisələrin fövqündə durması cəmiyyət üçün çox önəmlidir. Jurnalistin kiməsə rəğbəti, hətta siyasi yönümü onun professionallığına, peşə etikasına xələl gətirməməlidir.

Ümumiyyətlə,  “qara piarı” yaradan  səbəblər var. Ona  diqqət  yetirib   aradan qaldırılmasına çalışmaq  lazımdır. Dəfələrlə qeyd olunduğu kimi halal iqtisadi faktor, təmiz gəlir  media,   cəmiyyət  üçün   hər zaman  aktual olub  və olacaq.

 Bəs, “qara piarın” yaranmasına hansı amillər şərait yaradır?

 Birincisi,  media  sistemində  sağlam  iqtisadi  maraqların, rəqabətin  olmaması və qəzetlərin  maliyyələşməsi prosesində şəffaflığın  gözlənilməməsi,  bir çox hallarda qəzet rəhbərliyi tərəfindən məsuliyyətin  dərk edilməməsi  “qara piara” yol açır. 

İkincisi,  faktların dəqiqləşdirilməsində  problemlər olur.   Hansısa sözügedən tərəfi axtarıb tamaq  və  həmin  şəxsin mövqeyini  öyrənmək, məsələyə aydınlıq gətirmək müşkülə çevrilir.  Bəlkə də  burada jurnalistin heç bir qərəzçiliyi yoxdur. Lakin yazı “qara piar” kimi qəbul olunur. İctimai fiqur,  yəni   cəmiyyətdə kifayyət qədər tanınan şəxs  mediaya dözümlü və açıq olmalıdır. Onun  haqqında  mətbuatda gedən yanlış  yazıya  görə dərhal təkzib verə  bilər.  Təbii ki burada jurnalistin  etik qaydalara   nə dərəcədə əməl etməsi, onun hadisələrə  nə dərəcədə  peşəkar yanaşması da  mühüm  rol  oynayır.  Lakin  ictimai fiqur adlandırdığımız  şəxslər  mediaya açıq deyilsə,  onda problem daha dərinləşir.

Üçüncüsü, sifarışli  və  həddən artıq  qərəzli yazıları qeyd etmək lazımdır.  Həmin  məqalələri oxuyanda məlum olur ki,  hədəfdə kimdir. Təəssüf  ki, bəzən heç  bir fakta  əsaslanmayan,  kimisə  aşağılamaq  məqsədilə yazılan  yazılara,  mövzulara   mediada  rast gəlmək mümkündür.

 “Qara piar” haqqında   çox danışıb, səbəblər  göstərmək mümkündür. Onu da unutmaq olmaz ki, problemlərdən  çıxış yolu  heç də az deyil. Bu məsələ   kompleks yanaşma tələb edir.

Öncə  Mətbuat  Şurasının  tərkibində geniş tərkibli bir komissiya yaradaraq  "qara piar"la bağlı monitorinq keçirmək olar. Və bu işlə məşğul  olan  media quruluşlarının adını  ictimaiyyətə təqdim etmək  mümkündür. 

Bundan  əlavə qəzetlərin  ideoloji və mövqe baxımdan uyğun gələnlərinin birləşməsini,  səhmdar cəmiyyətlərə çevrilməsini gündəmə gətirmək olar.  Bu da kollegial iqtisadi idarəetmə sisteminin  yaranmasına,  nisbətən şəffaf maliyyələşməyə  təkan verər. 

Digər tərəfdən media qurumlarının rəhbərləri arasında  "qara piar"a yol verməməklə bağlı  anlaşma sənədinin imzalanması mümkündür. İctimai mahiyyət kəsb edən bu saziş  bəzi anlaşılmazlıqların aradan qaldırılmasına   kömək edər.

Cəmiyyətdə   hər bir kəsin  doğru sözə ehtiyacı  var.  Lakin  onu da  unutmayaq ki, qərəzli,  sifarişli yazını, məlumatı  yayan   mediaya sağ ol deyənlər çox  az  olur.   

 Belə bir məsəl var, Vətəni sevmək imandandır.  Deməli, sadəcə olaraq hansı statusda,  hansı vəzıfədə olmasından asılı olmayaraq hər bir məsələyə imanlı və vicdanlı yanaşma yetərlidir.

   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı