Modern.az

Sahibkarları “ÖLDÜRƏN” icra başçıları

Sahibkarları “ÖLDÜRƏN” icra başçıları

Ölkə

4 Avqust 2015, 12:38

 
Azərbaycanın bölgələrində yerli İcra hakimiyyətləri öz səlahiyyətlərindən və qanunlardan kənara çıxaraq, sahibkarlara maneələr yaradırlar. Sözsüz ki, bu işdə icra başçıları da məsuliyyət daşıyır, bəlkə də, elə onların öz göstərişləri əsasında sahibkarlardan qanunsuz pullar yığılır, “şapka” alınır.  

Bununla da bəzi yerlərdə Azərbaycan iqtisadiyyatının önəmli sahələrdən biri olan azad sahibkarlıq üçün münbit şəraitin olması müşkülə çevrilir. İstər xırda, istərsə də orta biznes fəaliyyətinin İcra hakimiyyətləri tərəfindən boğulması Azərbaycanın iqtisadiyatına da mənfi təsirini göstərir.  

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev mövzu ilə bağlı Modern.az saytına danışıb.  

O, Azərbaycanda hər bir dövlət strukturuna görə qanunvericiliklə tənzimlənən qaydaların mövcud olduğunu xatırladıb.  

Ekspert bildirib ki,  icra başçıları qanunları oxuyub və ona riayət etməli, sahibkarlara mane olmamalıdırlar:  

“İcra başçıları bu qanunlara əməl etsələr, onda sahibkarlara qarşı belə özbaşınalıqlar olmaz. Prezident də dəfələrlə məmur özbaşınalığından söz açıb və onlardan tələb edib ki, qanun çərşivəsində fəaliyyət göstərsinlər. İcra başçıları qanunları yerinə yetirməyəcəyi təqdirdə yerlərdə bu özbaşınalıqlar da davam edəcək. Bəzi icra başçıları elə davranırlar ki, bu onların çox savadsız və mədəniyyətsiz olduğunu göstərir”.  

Oqtay Haqverdiyev deyib ki, icra başçılarının qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün müvafiq dövlət orqanları tədbirlər görməlidir. Keçmiş şöbə müdiri qeyd edib ki, İcra hakimiyyətlərinin əsasnaməsində sahibkarların fəaliyyətini təftiş etmək yazılmayıb.  

“Sahibkarların fəaliyyətini üç ildən bir Vergilər Nazirliyi yoxlayır. İcra başçılarının bu sahəyə girişməyə heç bir haqqı və hüququ yoxdur. İcra hakimiyyətlərinin əsasnaməsində də belə bir şey yoxdur”.  

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, Azərbaycanda bəzi icra başçılarının fəaliyyətində müsbət dəyişiklik yoxdur.  

“Bu məsələni hamısına şamil etmək olmaz. Bir sıra rayonlarda ən asan yol tapılıb – sahibkarı sıxışdırmaq. Nümunə kimi Tərtər rayonunu misal çəkə bilərəm. Bu rayonda yerli məmurlar hətta sahibkarları həbs etməklə də hədələyirlər. Halbuki, sahibkarın mənafeyini qoruyan addımlar atmaq lazımdır. Yerlərdə çox ciddi problemlər var. Buna görə də regionlarda sakinlərin sosial vəziyyəti gündən-günə pisləşir”,-deyə Fazil Mustafa bildirib.  

Aqşin Kərimov    

P.S. Növbəti yazımızda ayrı-ayrı rayonlara icra başçılarının sahibkarların başına açdıqları oyunlar barədə məlumat verəcəyik.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı