Modern.az

Hamı azadlıqdan danışıb, Anar isə...meşədən

Hamı azadlıqdan danışıb, Anar isə...meşədən

Ölkə

13 Dekabr 2010, 21:11

Keçmiş “KVN”çi demokratiyanı “azəriləşdirmək” istəyir   

Keçmiş millət vəkili, «Ultraprodakşn TV» şirkətinin prezidenti Anar Məmmədxanov “Effektiv idarəetmə” Fondunun təşkil etdiyi və Ukraynanın paytaxtı Kiyevdə keçirilən möhtəbər tədbirdən təzəcə qayıdıb.

«Söz azadlığı nədir?» adlı debatda iştirak edən keçmiş “KVN”çi  öz  “şehrli” açıqlamasında bildirib ki, müzakirələrdə Kanadanın keçmiş baş naziri Kempbell, ABŞ-ın sabiq prezidenti Bill Klintonun mətbuat katibi olmuş Lokxart, tanınmış teleaparıcı Pozner, Ukrayna Ali Radasının 30-a yaxın deputatı iştirak edib.

Etiraf etmək lazımdır ki, belə fürsət həmişə ələ düşmür. Görək həmyerlimiz belə fürsətdən necə istifadə edib.  

Anar müəllim bildirir ki, “tədbirdə çıxış edənlər hamısı söz azadlığı barədə danışırdılar, mən isə...”

Sizcə, bizim “KVN”şik belə bir mühüm tədbirdə nədən danışsa yaxşıdır?

Gəlin nöqtəsinə-vergülünə toxunmadan onun özünü dinləyək:

“Mən bildirdim ki, postsovet məkanını Qərb standartlarına uyğunlaşdırmaq mümkün deyil. Çünki onlar üçün tənqid bizim üçün hava, meşə kimi təbii bir şeydir, bizim üçün isə tənqid təbii şey deyil. Onlar üçün parlamentdə bir-biri ilə dava edəndən sonra axşam ailələri ilə birlikdə şam etmək normal bir haldır, bizdə isə səni kim tənqid etsə, deməli, ömrünün axırına kimi sən onunla danışmayacaqsan. Ona görə də bu standart postsovet məkanı üçün əsas götürülə bilməz. İştirakçıları hər bir ölkənin spesifikasını nəzərə almağa çağırdım. Çıxışımda bildirdim ki, 1000-ə çatmaq üçün 700-dən başlamaq lazım deyil, «0»-dan, heç olmasa 5-dən başlamaq lazımdır. Siz deyəndə ki, bizdə belədir, sizdə də belə olmalıdır, unudursunuz ki, sizdə tarix olub, qanlı vətəndaş müharibələri olub, 250 illik parlamentarizmdən keçmisiz. Çıxışımı keçmiş “KVN”çi kimi yumor üzərində qurmuşdum və məni çox yaxşı anlayırdılar”.

Bu  cür baş-ayaq, məntiqsiz açıqlamaya şərh vermək nə qədər çətin olsa da, məncə, ehtiyac var.

Birincisi, ondan başlayaq ki, keçmiş postsovet məkanı deyəndə 100-dən artıq millət, ondan çox dövlət, Baltik dənizindən Çinə, Kamçatkadan Gürcüstana qədər uzanan böyük bir məkan, sayı yüz milyonları keçən əhali nəzərdə tutulur. Bu boyda həngamənin  “Qərb standartlarına uyğunlaşdırmağın mümkün olmadığı” barədə mütləq və birmənalı fikir söyləmək ancaq “KVN”şikə məxsus ola bilər. Özü də məclisdə oturan ağıllı adamların hamısı azadlıqdan danışdığı bir vaxtda bizim Anar  heç olmazsa  “uyğunlaşdırma prosesinin çətin olduğunu” da demir, ümumiyyətlə, “mümkün olmadığını” bildirir.

Görəsən, cəmiyyətin demokratiyaya hazır olub-olmadığını birmənalı şəkildə necə söyləmək olar? Bunu necə, hansı metodla müəyyən edir, cənab Məmmədxanov? Ümumiyyətlə, cəmiyyət filan məsələyə hazır deyil düşüncəsi özü köksüz bir şeydir, mənasız müzakirədir.

Anar Məmmədxanov özünün baş-ayaq cümləsi ilə demək istəyir ki, bizim üçün meşə nədirsə, Qərb üçün tənqid elə təbii bir şeydir. Vallah, tənqid dinindən. irqindən asılı olmayaraq heç bir insan oğlunun, adam qızının canına sarı yağ kimi yayılmır. Tolstoy demişkən, yəhudini sevmək olmur, ancaq məcburuq. Tənqid də eləcə. Heç kim tənqidi sevmir, ancaq tənqidlə hesablaşmalıyıq, tənqidə dözümlü yanaşmalıyıq. O ki qaldı tənqidi meşəyə bənzətməyə…

Vallah, bizimkilər üçün meşə yemək-içmək, kef eləmək və sonra batırmaq üçün bir rahatxanadır. Anarın dediyindən belə çıxır ki, Qərbdə azadlığa, demokratiyaya, tənqidə rahatxana kimi baxırlar.

Anar Məmmədxanov deyir ki, Qərb insanları üçün parlamentdə bir-biri ilə dava edəndən sonra axşam ailələri ilə birlikdə şam etmək normal bir haldır. Guya bizimkilər tənqiddən sonra ömrünün axırına kimi küsülü qalırlar.

Vallah, bu da absurd bir fikirdir. Bizdə elə oğlanlar var ki, nəinki tənqidə, hətta ən ağır söyüşə dözümlü yanaşır. Bir-birinin anasını söyənlər, üzünə tüpürmək istəyənlər, atasını gordan çıxaranlar bir-biri ilə elə öpüşüb-görüşür ki, adam məəttəl qalır.

Necə yəni bizlər tənqidə hazır deyilik? Bu gün  Azərbaycanda “müdirin”, “xozeyin”in öz tabeçiliyində olanların anasını, arvadını söyməsi az qala normaya çevrilib. Hazırda “oğraş”  sözü bizdə ən gözəl müraciət formasına dönüb.

Məmmədxanov üzünü xaricilərə tutub deyir ki, “sizdə qanlı vətəndaş müharibəsi olub, sizin tarix olub…”
Həə, Anar bəy, nə edək? Biz də vətəndaş müharibəsinə başlayaq? Saxta tarix yazaq? Bəlkə təzədən “milli velosiped” icad edək? Qərb parlamentarizminin 250 illik tarixi var deyə, biz də oturub 250 il gözləməliyik?

Keçmiş postsovet məkanının tərkib hissəsi olan Estoniyada, Latviyada, Litvada azadlıq, demokratiya, insan haqqı, azad sahibkarlıq, azad mətbuat, yüksək rifah,  rüşvətsiz cəmiyyət adi hal olub. Lap elə qonşu Gürcüstanda rüşvətin kökü 4-5 ilin işərisində kəsildi. Ukraynada president Yuşşenko demokratik seçkilər yolu ilə özü hakimiyyətdən getdi. Sən bunları görmürsən, ay KVN professoru? Bunları adamın gözünə soxmaq lazımdır ki, görsün?..

Bu mütərəqqi dəyişikliklərə nail olmaq üçün sadəcə siyasi iradə və istək lazımdır. Sənin kimi “Xalq hazırdır, yoxsa hazır deyil” disskusiyası açmaq lazım deyil.  

Sən hansı bir məntiqlə deyirsən ki, cəmiyyət demokratiyaya hazır deyil…

Bir də istiqaməti düz  seçməmisənsə, 250 il yox ee, 2500 il də yol getsən demokratik cəmiyyət qura bilməzsən.

Bütün bu biabırçılıqlar azmış kimi Məmmədxanov tədbirdə iştirak edənlərə “dəyərli məsləhət” də verir: “İştirakçıları hər bir ölkənin spesifikasını nəzərə almağa çağırdım”.
Deyəsən, Məmmədxanovun könlündən “milli velosiped” keçir...      

Bəlkə cənab “KVN”şik  demokratiyanı “azəriləşdirmək”  istəyir?

Beləsinə nə deyəsən? Dərd odur ki, ölkədə beləsi bir deyil, iki deyil…

Vallah, XXI əsrdə bir cəmiyyətin ki,  “ağıllı”ları belə düşünürsə, gör “dəlilər”i nə gündədir…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı