Modern.az

Ərdoğanın siyasət yolları yaşıl işıqlarla doludur

Ərdoğanın siyasət yolları yaşıl işıqlarla doludur

Образование

3 Aprel 2014, 09:52


Türkiyədəki bələdiyyə seçkilərinin nəticələri baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin xeyrinə oldu.

Halbuki bələdiyyə seçkilərindən öncə AKP-də baş verən siyasi çalxalanmalar Ərdoğan hakimiyyətinin sonunun çatdığı ehtimallarını sürətləndirirdi.

Türkiyədə yaşanan 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarının ardından AKP-dən kütləvi istefa dalğası ana müxalifət CHP və MHP-nin mövqeyinin möhkəmlənəcəyi, üstünlük əldə edəcəyi ilə fikirlərə yol açsa da, bələdiyyə seçkilərinin nəticələri bütün bunları alt-üst etdi.  

Buradan belə qənaətə gəlmək olar ki, Türkiyənin böyük əksəriyyəti Ərdoğan hakimiyyətindən narazı deyil.

Türkiyənin dindar kəsimi, əsasən də Fətulla Gülənin nurçu təriqətinə məxsus qruplar seçkidən bir neçə ay öncəyə qədər Ərdoğanı dəstəkləyirdi. Lakin Türkiyədə Gülən camaatına məxsus təhsil ocaqlarının bağlanması gündəmə gələndən sonra nurçular siyasi orientasiyalarını 180 dərəcə dəyişdilər.  Ərdoğan-Gülən ittifaqı bir heçə çevrilməklə kompromat savaşlarına start verildi.

Düzdür, AKP hakimiyyəti zamanında ordu siyasətdən kənaralaşdırıldı, Atatürk dəyərlərinə qarşı rəsmi münasibət dəyişdi. Ölkə şəriət dövləti olmaq təhlükəsi ilə üz-üzə qaldı. Bütün bunlar isə Türkiyə cəmiyyətinin millətçi və Atatürk ideyalarını bölüşən kəsimində narazılıqlar yaratdı.  

Bu münaqişənin yaratdığı gərginlik Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatları ilə siyasi mübarizənin pik həddinə gəlib çıxdı. 

Məhz bundan sonra AKP üçün xoş olmayan proseslərin proqnozları dünya siyasi gündəmini zəbt etdi. İş adamlarının həbsi, külli miqdarda çirkli pulların yuyulması iddiaları sonda  daxili işlər naziri Muammer Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan və ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın istefa verməsinə gətirib çıxardı.

Ona görə də ekspertlər hesab edirdilər ki, Ərdoğan hakimiyyətinin dayaqlarının sarsılması onun üçün neqativ hallara gətirib çıxaracaq. Yaranmış şərait ana müxalifət CHP və MHP üçün siyasi xallar qazandırdığı da bəllidir.   Rüşvət əməliyyatlarının ardından CHP-nin Ərdoğanın düşməninə çevrilmiş Fətulla Gülənlə əlaqələri haqda iddiaları hadisələrin xarakterini də dəyişdi. CHP sədri Kamal Kılıçdaroğluna qarşı  “Dövlət içində dövlət”, “paralel yapı”nın əsas fiqurlarından biri olmaq  ittihamları səslənməyə başladı.  

Bəzi müşahidəçilərin qənaətincə, Gülənlə CHP-nin əlaqələri Ərdoğanı sıradan çıxaracaqdı. O da məlumdur ki, Gülənə məxsus qruplaşmalar həqiqətən də Türkiyədə güclü şəbəkəyə malikdirlər. Hətta Gülən camaatına aid olan media orqanları da Ərdoğan əleyhinə kampaniya aparmaqdan belə çəkinmədilər. Siyasi rəqabətin Türkiyə dövləti üçün mənfi nəticələr hasil edəcəyi ilə bağlı bədbin notlara söykənən şərhlər verilirdi.

Maraqlıdır ki, ABŞ-dan Türkiyəyə idxal olunan Gülənin siyasi ehtiraslarının dövlət olaraq Türkiyəyə ziyanı barədə Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Baxçalı sanki özlərini görməzliyə vurdular.   Həqiqətənmi onlar Fətulla Gülən şəbəkəsinin mövqeyini ifadə edirdilər? Bax, bunu birmənalı söyləmək olmaz. Əvvəla ona görə ki, bu barədə səhih məlumatlar yoxdur, digər tərəfdən bunu Ərdoğanın rəqibləri ilə mübarizədə subyektiv mövqe olaraq taktika kimi də qiymətləndirmək olar.  

Təhlillər göstərirdi ki, Ərdoğanın siyasi karyerasının sonu çatıb. Lakin Ərdoğan bu amillərin özünü uçuruma apardığını da hesablamamış deyildi. Buna görə də Ərdoğan itirilmiş nüfuzunun qaytarılması istiqamətində vaxtilə Gülənlə birgə müəllifi olduğu və icra etdiyi “Ergenekon” əməliyyatlarının əsassızlığını gündəmə daşıdı. Ərdoğanın ordu generallarını həbsdən azad etdirməsi qismən də olsa, onun üçün əlavə imkanlar yaratdı.  

Onu da qeyd etmək yerinə düşər ki, Ərdoğan hakimiyyəti bir neçə ildə Türkiyəni dünya siyasi səhnəsində aparıcı dövlətə çevirib və bölgə gücü edə bilib. Sentimentallığa, millətçi hisslərə qapılıb bu faktı danmaq düzgün olmaz. Ona görə də Ərdoğanın növbəti illər üçün hakimiyyətinin saxlanılmasında bu faktor da  önəmli rol oynayırdı. Üstəgəl, Türkiyə hökuməti PKK ilə mübarizədə yeni “demokratik kürd açılımı” adlı proyektini irəli sürmüşdü.

Bu isə Ərdoğanın seçici elektoratının siyahısına kürdlərin müəyyən qismini də əlavə etmək üçün yaxşı fürsət idi.   Bələdiyyə seçkilərində qazanılan uğurun bir səbəbi də ana müxalifətin özünü doğrultmamasıdır. MHP-nin islami mövqeyi, CHP-nin Ərdoğanla mübarizədə Gülən kartından kozır kimi istifadələri Türkiyə cəmiyyətinin bitərəf və ya praqmatik kəsimində də onlara qarşı neqativ münasibət yaratdı. 

Bələdiyyə seçkiləri ilə bu ilin avqust ayında keçiriləcək prezident seçkilərində qələbəsini sığortalayan Ərdoğanın növbəti illər üçün də ölkəsinə rəhbərlik edəcəyi gün kimi aydındır. O, dəfələrlə bütün çıxışlarında, bəyanatlarında hakimiyyətdə qalması üçün iddialı olduğunu bildirib. Xarici mətbuat da Ərdoğanın bələdiyyə seçkilərindəki qələbəsindən yazaraq onun siyasi perspektivini şərh edib.

 Hələlik Ərdoğanın siyasət yolunda yaşıl işıqların sayının artdığı göz önündədir. Bu qədər siyasi çaxnaşmalar, qalmaqallar, təxribatlar, Gülənin hədə dolu mesajları  Ərdoğan hakimiyyətini zəiflədə bilmədi.

Aqşin Kərimov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı