Modern.az

Məktəblərdə illərdir həllini tapmayan PROBLEM – Çıxış yolu varmı?

Məktəblərdə illərdir həllini tapmayan PROBLEM – Çıxış yolu varmı?

19 Oktyabr 2022, 16:00

Ötən gün Milli Məclisin plenar iclasında məktəblərdə şagird sıxlığı problemi qaldırılıb. Bakı məktəblərindən bəzilərində bir sinfə 40-dan çox uşağın cəlb olunduğu bildirilib və bunun təhsilin keyfiyyətinə ciddi təsir göstərdiyi vurğulanıb. 

 

Bəs, şagird sıxlığının aradan qaldırılması üçün hansı addımları atmaq lazımdır. İllərdir həllini tapmayan problemdən xilas yolu varmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Bakıda əhali sayının çox olması sıxlığın yaranmasına birbaşa təsir göstərir. Deputatın sözlərinə görə, məktəblərdəki sıxlıq probleminin digər səbəbi bölgələrdən paytaxta axının davam etməsidir.

 

 

“Nəzərə almalıyıq ki, bölgələrdən paytaxta kütləvi axın var. Bu da məktəblərdəki sıxlığa gətirib çıxarır. Son illər xeyli sayda məktəb inşa olunaraq istifadəyə verilib, amma bu məsələ öz həllini tapmır. Çünki əhali artımı sürətlə baş verir. Hesab edirəm ki, ilk öncə bölgələr və Bakının rayonları üzrə bu vəziyyəti ciddi təhlil etməliyik. Sıxlığın əsas səbəblərindən biri də valideynlərin hansısa tanınmış məktəbə daha çox maraq göstərməsidir. Proseslər ciddi araşdırılıb təhlil edilməli və qərarlar qəbul olunmalıdır. Məncə, yeni məktəblərin inşasına ehtiyac var, çünki əhalinin sayı artıq 10 milyonu keçib. Şagirdlərin məktəblər üzrə bölgüsü düzgün aparılmalıdır. Elə məktəb var ki, şagird sıxlığı müşahidə olunur, eləsi də var ki, sinifdə cəmi 10 uşaq təhsil alır”.

 

Deputat problemdən çıxış yolu kimi əlavə korpusların tikilməsini təklif edib:

 

“Bu gün paytaxtda həm nəqliyyatda, həm məktəbdə, həm də universitetlərdə sıxlıq var. İnsanların yenidən bölgələrə qayıtması üçün ciddi addımlar atılmalıdır. Bölgələrdə yeni iş yerləri yaradılmalıdır. İndi Qarabağda da sürətli abadlıq işləri həyata keçirilir. Əhalinin tez bir zamanda ora köçürülməsi bu prosesə öz təsirini göstərəcək. Bu gün 1 milyona yaxın qaçqın və məcburi köçkün ölkənin müxtəlif bölgələrində məskunlaşıb. Onlar daha çox Bakıya yaşayır, övladları paytaxt məktəblərində təhsil alırlar. Şagird sıxlığının qarşısını almasaq, məsələ daha böyük aktuallıq kəsb edəcək və təhsilin keyfiyyətinə ciddi təsir edəcək”.

 

Təhsil eksperti Kamran Əsədov isə vurğulayıb ki, hər sinifdə 20, maksimum 25 şagird olmalıdır. Bundan artıq şagirdin bir sinfə cəlb olunması yolverilməzdir.

 

“Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Sinifdə şagird sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni müəllim təyin olunmalıdır. Hesab edirəm ki, pedoqoji tələb yerinə yetirilməlidir. Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var, bundan istifadə edilməlidir. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə, həmin sinifdə şagirdlərə sadəcə olaraq ümumi məlumat verirlər. Öz təcrübəmizə, elə qanunumuza görə, bir sinifdə 25 nəfər şagird olmalıdır. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olanda bu vərdişlər ötürülmür. Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır, dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil edilməlidir ki, biliyin ötürülməsi maksimum səviyyədə mümkün olsun”.

 

Ekspert onu da əlavə edib ki, təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylər yaradılmalıdır:   

                                                                      

“Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı