Modern.az

Milli mənlik şüuru

Milli mənlik şüuru

مورد توجه

20 İyul 2016, 12:51

Türk Dünyası Araşdırmaları Vakfı,

Bakı Atatürk liseyinin        

10a sinif şagirdi

Məmmədova Sevinc

 

Milli mənlik şüuru dedikdə öz içində hissələrə bölünmüş vətənpərvərlik, milli-mənəviyyat və milli vicdan ağlagələn ilk sözlərdəndir. Elə söhbətə milli-mənəvi cəhətdən yanaşaq. Milli mənəvi cəhət dedikdə bizə mənsub olan mənəvi xüsusiyyətlərdən söhbət gedə bilər. Yəni xalqımıza aid olan adət-ənənələrimiz buna ən böyük nümunədir. Elə bunların qorunması da bizim mənlik şüurumuzun səviyyəsi ilə bağlıdır.

           Müəllimim bu mövzu haqqında yazı yazmağımızı təklif edəndə, doğrusu, bir az tərəddüd etdim. Ona görə ki bu, gündəmdə olan saysız-hesabsız tədbirlərlə bağlı ağır mövzudur. Ancaq  bir inam hissi var idi ki, bunun öhdəsindən gələ biləcəyəm. Mövzunu açıqlayanda belə bir sual yarandı: milli şüur və milli mənlik şüuru. Mənlik sözündən istifadə düşünməyə vadar etdi. Evə gələn kimi ilk araşdırmam da buna bağlı oldu. Mənlik şüuru hər bir şəxsin daxili xüsusiyyətini, insanlara və cəmiyyətə olan münasibətini bildirir. Zənnimcə, insanda güclü vətənpərvərlik hissi mənlik şüurunun olmasından asılıdır. Səbəbi isə mənlik şüuruna sahib olan gənc öz xalqını düşünən, onun uğrunda vuruşmağı, şəhid olmağı qəbul edən insandır. Məhz buna vətənpərvərlik deyilmirmi?

   Vətənpərvərlik hissi milli mənsubiyyətimizə xas olan ən mühüm əxlaqi hisslərdən biridir. Vətənpərvərlik bu günümüzdən törəməyib. Onun çox qədim  tarixi bağları vardır. İnsanların elinə-obasına, ocağına, torpağına, öz xalqına, adət-ənənələrinə məhəbbət və sədaqətini ifadə edən bu hiss çox qədim zamanlardan mövcuddur. Xalqımız əsrlər boyu bu hisslərlə yaşamış, heç bir vaxt elinə, obasına, torpağına - bütövlükdə vətəninə biganə qalmamış, fədakarlıq göstərmiş, onun uğrunda şəhidlər vermişdir. Vətəni alovlu məhəbbətlə sevməyən, vətən eşqi ilə yaşamayan adam çətin şəraitdə ona sadiq ola, uğrunda mətanət və qəhrəmanlıq göstərə bilməz.

    Hər kəsin mənlik şüuru onun vicdanıdır. “Vicdan” cəmi altı hərfdən ibarət çox dəyərli və məsuliyyətli bir sözdür.  Təəssüf ki, xalqımız, türk eli bu günə kimi düşmənlərimizin törətdiyi, hələ də izləri solmayan nə qədər vicdansızlıq və alçaqlığın şahidi olub. Minlərlə azərbaycanlını işgəncə ilə öldürüb, sonra öz vandal hərəkətlərindən ləzzət alan mənfur düşmənin  əzazilliyi qan içinə qərq olmuş tariximizə həkk olunmuşdur. Beləcə, millətimizə qarşı  vicdansız münasibət hələ də davam etməkdədir: hətta düşmən türk sözünə intiqamla, alçaqlıqla yanaşaraq, öz millətinin şüuruna daşnak zəhəri yeridir.

    Şüurna yeritmək dedikdə nə nəzərdə tutulur? Məhv etmək, yox etmək, dünyanı ələ keçirmək, soykökü kəsmək, tarixsiz tarixlərini yazıb, sonra da onu gerçək şəkildə göstərmək, ya da kiminsə tarixini mənimsəmək və bütün susan dünyanın qarşısında həqiqəti saxtalaşdırıb öz adına çıxarmaq, şüursuz insanların beyinlərini doldurmaq. Bax budur ən dəhşətlisi! Yeni nəslin beynini yalanla doldurmaq, olmayan tarixlərini olmuşcasına anlatmaq deyilmi? Axı bizə tariximizi anlatmasalar, haradan bilərik ki, nə düzdür, nə yalan?  Bax elə məni düşündürən də budur. Nə üçün düşmənlərimiz uşaqlarını körpə yaşdan “yat, yoxsa türk gələcək” deyə, qorxudurlar? Bəlkə biz də gələcək nəslimizi belə yetişdirək? Onları qorxudaraq nəyəsə məcbur edək? Vətənpərvərliyi bu cürmü aşılatmalıyıq?

   Bunu cavablandırmaq mənim kimi 15 yaşlı bir qız üçün bir qədər çətindir. Amma öz nümunəmdə deyə bilərəm ki,evdə məni heç vaxt “yat, düşmən gəlir” sözləri ilə qorxu altında saxlamayıblar. Onu yaxşı bilmişəm ki, düşməndən qorxmazlar! Onun adını eşidəndə yatmazlar! Ayıq-sayıq,dik, ayaqüstə olmaq lazımdır, düşmən qarşısında uyumazlar.

    Hər bir Azərbaycan gəncinin qanında vətənpərlik var. Onu yaratmağa ehtiyac olmadığından bizi yalanla bəsləyib qorxutmayıblar. Olmayan bir hissi insana aşılatmaq üçün vaxt lazımdır. Düşmən nədənsə uşaqlıqlarını qəribə şəkildə  formalaşdırırlar.

   Amma biz... Bunlara ehtiyac duyuruqmu?. Bizə sadəcə düşmənimizi göstərmək bəs edər. Düşmənlə nə etmək lazım olduğunu millətimiz çox yaxşı bilir. Yaşımızın az masına baxmayaraq,yaxşını pisdən ayıra bilirik. Çünki biz tanklar altında qalanların, meşədə donaraq ölənlərin, ailəsini  itirənlərin nəvələriyik. Heç nəyimiz olmasa da, soyu türk olanlarıq.

   Bizdə qorxu yox, nifrət var. Ən önəmlisi isə heç kimin süni şəkildə yaratmadığı vətənpərvərlik, dövlətini, xalqını düşünmək, onun üçün əlindən gələni etmək eşqimiz var. Sözsüz ki, məni  bu cür formalaşdırmaqdan ötrü kim iləsə qorxutmayıblar.

      Bir anlıq özümə sual verdim: məndə milli mənlik şüuru varmı? Varsa,  deməli,o, xalqımı, adət-ənənəmi qorumaq, milli-mədəni dəyərlərimizə sahib çıxmaqdan deməkdir. Sözsüz ki, bu düşüncələr  varsa, deməli, mən bu xalqın, müəllimlərimin, ailəmin öz zəhməti ilə ərsəyə gətirdiyi dəyərli sənət əsəriyəm.

     Bəli, gənclər, milli mənlik şüuru olan hər bir insan öz xalqı üçün təbii sərvətdən də dəyərlidir!                                                                                                       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı