Modern.az

Boksçumuz finala yüksəlib

Boksçumuz finala yüksəlib

Aktual

19 Avqust 2016, 22:10

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Modern.az saytı xəbər verir ki, bu gün yarımfinal görüşünə çıxan Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor finala yüksəlib. Belə ki, 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq (3:0) boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Qızıl uğrunda döyüş 21 avqust saat 22:00-da başlayacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Azərbaycan boksçusu Lorenso Sotomayor finala vəsiqə qazandığı üçün çox şad olduğunu bildirib.

Yarımfinalda Almaniya ermənisi Artyom Harutyunyanla döyüşünü şərh edən kubalı legioner görüşü yüksək səviyyədə keçirərək qələbə qazandığını bildirib. O, Azərbaycana olimpiya çempionluğu söz verdiyini xatırladıb: "Mən Azərbaycana qızıl medal söz vermişəm. Bu gün qollarım qüvvətli, özüm hazırlıqlı idim. Əmin idim ki, qələbə qazanacağam. Finalda fiziki hazırlığım, qollarım, endirəcəyim zərbələr bundan da güclü olacaq. Çünki mən özümü qələbəyə hazır hiss edirəm. Bu gün döyüşü yaxşı keçirərək qələbə qazandım. Finalda da özbək rəqibim üzərində qələbə qazanaraq, qızıl medal əldə edəcəyəm. İnanıram ki, çempion olacağam".

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı