Cənub bölgəsində baş verən zəlzələ nəticəsində Lənkəranda 80-ə yaxın evdə çatlar əmələ gəlib.
Bunu Modern.az-a Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev bildirib.
O qeyd edib ki, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı komissiyanın iclası keçirilib:
“Bu saatadək ayrı-ayrı vətəndaşlardan 80-ə yaxın müraciət daxil olub. Komissiya üzvləri müraciətlər əsasında evlərin hamısına baxış keçirib və evlərdəki çatların dərəcəsini müəyyən ediblər. Hazırda yerlərdən müraciətlər daxil olmaqdadır. Məsələ ilə bağlı akt tərtib olunub və aidiyyəti qurumlara göndərilib".
Komissiya sədri bildirib ki, zəlzələ nəticəsində kəndlərlə yanaşı Lənkəran şəhərinin kənar hissələrində bir-neçə evdə də çatlar yaranıb:
"Əsasən Rvo, Şovu, Əşlə kəndlərində, İstisu qəsəbəsində və şəhərin bəzi yerlərindəki evlərdə çatlar yaranıb, eyni zamanda, əvvəlki çatlar genişlənib”.