Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) iyunun 2-dən etibarən yaz semestrinin imtahan sessiyasına start verilib.
Modern.az xəbər verir ki, pandemiya səbəbindən onlayn keçirilən semester imtahanları iyulun 5-də yekunlaşacaq. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın əmrinə əsasən, imtahan sessiyası təsdiq olunmuş cədvələ uyğun olaraq distant (məsafədən) formada, magistratura səviyyəsində test və şifahi, bakalavr səviyyəsində yazılı və test üsulu ilə keçiriləcək.
Buraxılış kurslarında təhsil alan tələbələr dövlət imtahanlarını 25.06 - 05.07.2021-ci il tarixlərində test formatında verəcəklər, buraxılış işləri və magistr dissertasiyalarının müdafiələri isə 21.06- 05.07.2021-ci il tarixlərində onlayn qaydada təşkil olunacaq. Qiyabi qruplarda təhsil alanların diqqətinə çatdırmaq istəyirik ki, yaz imtahan sessiyası 05.07-15.07.2021-ci il tarixlərində keçiriləcək.
Bu günə qədər 267 qrup üzrə 42 imtahan keçirilib, bu imtahanlarda toplam 6341 tələbə iştirak edib. Məlumat üçün onu qeyd edək ki, bu semestrdə əyani qruplarda 1, 2 və 3-cü kursda təhsil alan 5500 (bakalavr və magistrlər) tələbə yaz imtahan sessiyasında iştirak etmək hüququ qazanıb, 698 tələbə müəyyən fənlərdən 50 faizlik qayıb limitini keçdiyi üçün həmin fənlərin imtahanlarına buraxılmayıb.