2012–ci il Azərbaycanın ali təhsil sistemində bir çox maraqlı hadisələrlə yadda qaldı. Azərbaycanın təhsil portalı olan telebe.az saytı bu hadisələri və ümumi gedişatı öyrənmək üçün tələbələr arasında sorğu keçirib.
Modern.az xəbər verir ki, sorğunun nəticələrinə görə, “Azərbaycanda 2012 - ci ildə ali təhsil ocaqlarında rüşvətin vəziyyətini necə qiymətləndirirsiniz?” sualına cavab olaraq tələbələrin 47 faizi bütün universitet müəllimlərinin rüşvət aldıqlarını, 33 faizi rüşvətin az olduğunu, 20 faizi isə rüşvətin olmadığını bildirib.
2012-ci ildə Azərbaycanın ən korrupsioner universiteti də bəlli oldu. Bu sırada birinci yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (42%) gəlir.
2012-ci ildə tələbələrin ən böyük problemləri sırasında - birinci yerdə keyfiyyətsiz təhsil (52%), ikinci yerdə rüşvət (31%), üçüncü yerdə isə yol, kirayə və digər xərclərin çox olması (17%) durur. Texniki avadanlıq, laboratoriyalar və müxtəlif dərs vəsaitlərinin təmin olunması baxımından qiymətləndirməyə gəldikdə isə tələbələrin 55 faizi heç bir irəliləyişin olmadığını, 35 faizi 2011-ci ilə nisbətən irəliləyişin olduğunu, cəmi 10 faizi isə vəziyyətin yaxşı olduğunu bildirib.
Ən keyfiyyətli təhsil verən universitetlər sırasında isə ilk yeri 38 faizlə Qafqaz Universiteti tutur. İkinci yeri Prezident Yanında Dövlət İdarəçilik Akademiyası (23%), üçüncü yeri Bakı Dövlət Universiteti (16%) tutur. Sonrakı yerləri isə Xəzər Universiteti 13, Turizm Universiteti 10 faizlə paylaşırlar.