Quba rayonunun dağlıq ərazidə yerləşən Qamqam kəndində Yaponiya hökumətinin dəstəyi və maliyyə yardımı ilə həyata keçirilən içməli su layihəsinin rəsmi açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki,tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov açıb. Qeyd olunub ki, millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə Yaponiyanın Azəbaycandakı səfirliyi ilə imzalanmış layihə çox qısa müddətdə icra olunub. Layihə çərçivəsində 6 bulaq kompleksi tikilibdir.
Tədbirdə iştirak edənb deputat Vahid Əhmədov son zamanlar Qubada həyata keçirilən uğurlu yenidənqurma və təmir işlərinin əhalinin güzaranının yaxşılaşdırılmasına yönəldiyini qeyd edib. Yaponiya səfirliyi ilə aparılan məqsədyönlü işlərin nəticəsi kimi dağ kəndi olan Qamqam kəndində subartezian quyusunun istismara verilməsi münasibəti ilə kənd əhalisini təbrik edən V.Əhmədov Yaponiya hökumətinə bu layihəyə maliyyə vəsaiti ayırdığına, Yaponiyanın Azərbaycan respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Şusuke Vatanabeyə bu işə yaxından dəstək verdiyinə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, əldə olunmuş razılığa əsasən belə xeyirxah işlərin Qubanın kəndlərində gələcəkdə də həyata keçirilməsi barədə razılığa gəlinibdir.

Modern.az