(davamı, əvvəli müəllifin yazı siyahısında)
Söhbət peyində deyilmiş
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tədbirlərdə tez-tez bir sözü təkrar edirdi. Ekologiyamıza ziyanlı bir amil kimi. Amma mənə nədənsə çatmırdı. Axı, bu necə ola bilər ki, mal-qaranı örüşə buraxmayasan. Çünki inəklər torpağı elə tapdalayır ki, ordan uzun müddət bir dənə də ot çıxmır.
Günlərin bir günü İsmayıllıya çəkilişə gedirdik. Nazirlik hansısa təşkilatla birlikdə Azərbaycanın bir neçə bölgəsində təmmənnasız olaraq beş ədəd bioqaz qurğusu quraşdırmışdı. Məlumat üçün qısa olaraq bildirim ki, həmin bu qurğular təzə mal peyiniylə doldurulur, nəticədə isə məişətdə işlənilən qaz alınırdı. Çəkilişi elədik. Qazı da yandırdıq. Fikirləşdim ki, bəs bunun Ekologiya Nazirliyinə nə dəxli?
Sonradan başa düşdüm ki, bu qurğu ən azı 7-8 baş qaramalı olan evlərdə quraşdırıla bilər. Bunun üçün heyvanlar yalnız tövlə şəraitində saxlanmalıdır ki, peyinin toplamaq mümkün olsun. Əvəzində isə kəndli havayı qaz və təbii gübrəylə təmin olunur. Hətta gübrəni plastik qablara toplayıb satıb mənfəət də qazana bilər. Ən başlıcası isə ekologiyamıza ziyan dəymir. Yaşıl düzlər səhralaşmaqdan qurtulur, kimyəvi gübrələr qrunt sularına çöküb zəhərləmir, bir də atmosferə buraxılan zərərli qazların sayı azalır. Buna el içində bir gülləylə beş dovşan vurmaq deyərlər.
SÖHBƏT MAŞINLARDA DEYİL
“Bu qədər maşın olar? Hamısının turbasından o qədər qaz çıxır ki, hava da çirklənir, Nəfəs almaq da mümkün deyil”. Yəqin bu ara söhbətləri sizə də tanışdır. Yəni ki, Bakının ekologiyasını çirkləndirən əsasən avtomobillərdir, loru dildə desək vıxlop qazlar. Amma Hüseyn müəllim hər tədbirdə Bakının ekologiyasına avtomobillərdən çıxan qazların deyil, Balaxanı zibilliyinin, zibillərin yandırılmasının ziyan vurduğunu deyirdi. Düzü mənə çatmırdı bu izah. Amma...
Günlərin bir günü Gömrük Komitəsi müsadirə etdiyi malları Balaxanı zibilliyində yandırmağa aparmışdı. Prosesi jurnalistlər də izləyirdi. Dostum Akif Məcidoğlu da kamerasıyla ordaydı. Bir saat yarımlıq çəkilişdən sonra yorğun-arğın geri qayıtdı. Təsəvvür edin də iy, üfunət, milçəklər. Kadrlarda hər şey aydın görünürdü. Amma burda qeyri-adi bir şey yox idi. Zibillikdə, özü də mərkəzi poliqonunda iy olar da, milçək də ki, öz yerində.
Nəsə materialı hazırladı verdi. Səhəri gün işə gələndə gördüm ki, Akifin qanı qaradır. Bir az da pərtdir.
- Akif, nə olub?
- Nə olacaq, srağagün firmenni mağazadan ayaqqabı almışam. Bu gün baxıram ki, altı cırıqdır. Getdim qırğın saldım ki, brak ayaqqqabını mənə sırımısınız.
- Bəs niyə pərtsən? Qanın da qaradır. Dərslərini vermisən, ürəyini də boşaltmısan.
- Yazıqlar heç nə demədilər. Amma ordan çıxandan sonra yadıma düşüb ki, dünən Balaxanı zibilliyində çəkilişdəydim, axı. Zibillik sönülü görsənsə də, demə altdan sönməyibmiş, gizli-gizli yanırmış. Bir saat yarıma da ayaqqabımın altını əridib deşib. Bu gömrükdən kim xeyir görüb ki, mən də görəm? 30 “şirvanım” batdı ara yerdə.
Onda barmağımı dişlədim. Demə Hüseyn müəllim bunu deyirmiş. Üst-üstə qalaqlanmış yüz hektarlarla zibilliklərdə, yarımadanın düz ortasında gözlə görünməsə də gecə-gündüz yanma prosesi gedirmiş. Hava zərərli maddələrlə zəhərlənirmiş. Onu da qeyd edim ki, prezidentimizin sərəncamlarıyla bu sahədə əsaslı dəyişikliklər aparıldı. Yeni struktur yaradıldı, Balaxanıda məişət tullantılarını emal edən zavodlar tikildi.
KÖMÜR
Biz AzTV olduğumuzdan çox da köntöy suallar vermirdik. Baxmayaraq ki, ekologiyayla bağlı kifayət qədər tənqidi süjetlərimiz də gedirdi. Və Hüseyn müəllim bu süjetlərə çox diqqətlə yanaşırdı. İncimirdi, əksinə özü də istəyirdi ki, gözündən qaçan problemlər üzə çıxsın, həllini tapsın.
Jurnalistlərin verdiyi əzəli suallardan biri də kömürlə bağlı idi. Bəli, kabab bişirəndə işlətdiyimiz kömür. Ekologiya Nazirliyinin bununla bağlı xüsusi reydlər keçirdiyini bilirdim. Problem bu gün də öz aktuallığını saxlayır. Amma bu suallara cavab verəndə Hüseyn müəllim güclü bir arqument də gətirirdi. Təkcə kömürlə bağlı yox.
- Siz də bilirsiniz ki, meşəliyi qırıb, ağacları kəsib odun kimi yandırmaq olmaz. Siz sual verən jurnalistlər kabab yeyirsiniz, lap bişirirsiniz də. Etiraz edin buna. Almayın kömürü, yeməyin kömürlə bişirilən kababı. Evinizi qızdırmaq istəyirsinizsə meşədəki ağacı niyə kəsirsiniz ki? Həyətinizdəki ağacı kəsin yandırın da. Yaxud nöyütdən istifadə edin. Ət, toyuq yemək istəyəndə meşəyə qaçırsınız? Yox. Həyətinizdə saxlayırsınız. Bəs onda odun lazım olanda niyə meşəyə qaçırsınız? Həyətinizdə əkdiyiniz, böyütdüyünüz ağaca heyfiniz gəlir, meşədəki ağaca yox? Biz də siz qeyd etdiyiniz neqativ hallara qarşı mübarizə aparırıq. Amma siz də bizə sualla yox, əməli işinizlə, vətəndaşlıq mövqeyinizlə kömək etsəniz yaxşı olar.
Ay jurnalist həmkarlarım, gəlin etiraf edək. İsmayıllının çubuq kömürünün kababı ləzzətli olur da... elə deyilmi? Kömür samovarının çayının dəmi bilirsiniz də nədir. Bir çayniki də 5 manat. Yaxud da odun peçinin böyründə uzanıb bir saat mürgüləyirsən a... Yaxud da peçin üstünə çörək qoyub qızdırıb, arasında da motal pendiri... bunun başqa ləzzəti var. Sonra da deyirik ki, taqsır ekoloqlardadır.
TELEJURNALİSTLİYİMİN SON AYLARI
2006- cı ildə AzTV-də sədr dəyişikliyi oldu. Yeni sədr köhnələrdən olsa da, yeni, gənc adamlarla işləməyə üstünlük verirdi. Ona görə də baş redaktorlara müxtəlif “sivil, təbii” üsullarla köhnələri aradan çıxartmaq əmri vermişdi. Təzələr isə bir az təcrübəsiz idilər. Həm də tanınmırdılar. Bunun üçün zaman lazım idi. Çünki mən özüm də televiziyaya gələndə belə idim. Onlara bacardığım köməyi edirdim də...
Çəkilişlərə elə də getmirdik. Amma günlərin bir günü baş redaktor mənə yaxınlaşdı ki, bəs get Ekologiya Nazirliyinə. Prezidentin təzə sərəncamıyla bağlı nazirdən müsahibə al. Düzü məəttəl qaldım. Nə əcəb mənə bu tapşırığı verir? Özü də bilə-bilə ki, ora həmişə Akiflə mən getmişəm. Arifdən qorxmur? Soruşdum:
- Niyə?
- Kimə tapşırmışam, yarıtmayıblar. Zəng edirlər. Onları qəbul etmirlər.
Düzü yeddi-səkkiz ay idi ki, biz də ora getməmişdik. Çəkinə-çəkinə mətbuat katibi İradə xanım İbrahimovaya zəng etdim. Tapşırıq aldığımı bildirdim. O da xahişimi nazirə çatdırdı. Bir saatdan sonra artıq nazir Hüseyn Bağırovun kabunetində müsahibə alırdım.
TƏMİZLİK AYLIĞI
Nazirlik rayon İicra Hakimiyyətləriylə birlikdə təmizlik aylığı keçirirdi. Müxtəlif rayonlara nazirliyin məsul əməkdaşlarıyla səfər edirdik. Bir gün də yolumuz Qubaya düşdü. Birbaşa getdik icraya, komissiyanın həmsədrlərindən olan icra başçısının müavinini aramağa. Demə biz bu qapıdan girmişik, o da xəbər tutub arxa qapıdan qaçıb. Əlbəttə ki, bu istiqamətdə hansı işlər görülüb, tədbirlər planı barədə məlumat ala bilmədik. Ona görə də qərara aldım ki, rayon mərkəzini tək gəzim. Niyə tək? Çünki mənimlə gedən ekoloqlar mənimlə birgə gəzməkdən, müsahibə verməkdən çəkindilər. Daha doğrusu qorxdular. “Mahir, bilirik, sən nəsə pis bir şey çıxardıb verəcəksən efirə. Arada biz qalacağıq. Nazirimiz əslən bu tərəflərdəndir. Sənə heç nə deməyəcək, amma bizi...”.
Düzün desəm, heç qaşıyıb qan çıxartmağa da ehtiyac yox idi. Sizin də şahidiniz olduğunuz çay hövzələrinə zibil atılması, qeyri-qanuni zibil poliqonları və sairə burada da vardı. Və bundan zinhara gələn Quba camaatının özəl ləhcəsində şikayət müsahibələri. Birini soruşurduq, yüzünün də yerini özləri göstərirdilər. Əzəl mübtədaları da İcra Hakimiyyətinin rəhbərliyi idi.
Nə isə, ertəsi gün efirə Qubadakı ekoloji vəziyyətlə bağlı bomba süjet getdi. Düzdür İcra Hakimiyyətində hamısı ayılmışdı, icra başçısı hamısını fərağat qoymuşdu. Amma artıq gec idi.
Düzü bu süjetdən Hüseyn müəllimin də inciyəcəyini zənn edirdim. Amma tədbirlərin birində mənimlə həmişəki mehribanlıqla görüşdü. Nigarançılığıma son qoymaq üçün soruşdum:
- Mən də qorxurdum ki, məndən incimisiniz?
- Niyə?
- Qubadan verdiyim tənqidi süjetə görə.
- Niyə inciməliyəm ki?
- Əslən ordan olduğunuza görə belə düşünmüşdüm. İşçiləriniz də yaman qorxurdu.
- Boş-boş danışırlar. Əgər mən o bölgədənəmsə, oralar ikiqat təmiz və abad olmalıdır. Düz eləmisən vermisən. Nəticə çıxarmasalar get bir də çək. Heç kimdən də çəkinmə. Prezidentimiz qarşımıza ekologiyayla bağlı konkret tapşırıqlar qoyub. Bunları da sizli-bizli əl-ələ verib birgə həyata keçirməliyik.

“PRİYATNI” ADAMDIR
Şair Ramiq Muxtarın oğlunun toyu idi. Ailəvi getmişdik. Onu da xatırladım ki, Ramiq Muxtar həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki institutlardan birinin direktorudur. Toya təşrif buyuranlar arasında nazir Hüseyn Bağırov və aparatın rəhbəri İsa müəllim də vardı. Qeyri-iradi “papa, nazir Hüseyn Bağırov da toya gəlib” dedim. Bir azdan sağlıq üçün atama söz verdilər. Yerdə olan kamera kabellərinə ilişib yıxılmağından qorxaraq, onu müşaiyət etməli oldum. Sağlığı dedi, rəqs elədi. Yerimizə qayıdanda nazir oturan qonşu stola yaxınlaşdıq. Görüşdü. Minnətdarlığını bildirdi. Sonra qayıtdıq yerimizə.
- Papa, nə məsələydi ki? Niyə minnətdarlıq etdin ki?- deyə soruşdum.
- Yazıçılardan birinin problemi çıxmışdı. Məndən xahiş etdi ki, Hüseyn müəllimə ağız açım. Mən də 4 nömrə hökumət telefonuyla zəng etdim. Sözümü dedim. Düzü səsi quru gəldi. Problem də ciddi problem idi. Belə fikirləşirdim ki, xahişimi yerinə yetirməz. Amma həmin gün sevinə-sevinə yazıçı yanıma gəlib dedi ki, bəs sağ ol, nazir sənin bir sözünlə işimi həll etdi. Düzdür “sağ ol”u mənə dedilər. Amma əsl sağ ol ona düşür. Bir neçə dəfə zəng etdim, dedilər ki xaricdədir. Telefonda səsi quru gəlirdi, amma “priyatnı” adam imiş.
MƏN ŞƏXSƏN ÇOX ŞEY ÖYRƏNDİM
Ekologiya deyəndə əsasən təbiəti, hava və suyu əsas götürürük. Hüseyn müəllimin tədbirlərinə qatılmaqla mən ekologiya barədə çox şey öyrəndim. “Quş qripi”, nərə balıqlarının yetişdirilməsi, ağacların, heyvanların qorunması üçün yeni qoruq və yasaqlıqların yaradılması. Bu tədbirlərdə prezidentlər Heydər Əliyev və İlham Əliyevin həmin sahəyə böyük diqqətinin də şahidi oldum. Amma iki şeydə AzTV-dən çıxmağıma peşmanam. Bunlardan biri Hüseyn müəllim də söz verdiyi kimi, suitilərin Xəzər sahillərindəki məskəninə səyahət idi ki, ora gedə bilmədik. Bir də Antarktidaya səyahət əlimdən çıxdı. Axı Hüseyn Bağırov həm də Hava və Ektremal İdman Növləri Federasiyanın prezidentidir.
SON
Ekologiya və Təbii Sərvətlər nazirliyinin belə bir ənənəsi vardı. İməclik. Bu təkcə ağacəkmək deyildi. Bakının ətrafında hər hansı boş, baxımsız, zibillik ərazi seçilir və orda şənbə, bazar günləri iməcliklər keçirilirdi. Biz də işıqlandırırdıq. Əlbəttə ki, nazir yenə öz sözünə sadiq qalırdı. Jurnalistlər beş-altı torba zibil yığmasaydılar müsahibə vermirdi. Qayıdaq yazımın əvvəlinə.
Xırdalan dairəsindən 200-300 metr Sumqayıt yoluyla irəliləyirəm. Böyük ərazidə yaraşıqlı tikililər salınıb. Təqribən 8-9 il bundan qabaq Hüseyn müəllimin başçılığı ilə bu nəzərdən kənar, zibil basmış ərazidə iməclik keçirmişdik. Nazir hamıdan fəal idi. Nümunə göstərirdi. Yaxınlıqda qaçqınların məskunlaşdığı bir yataqxana vardı. Yataqxananın da ətrafında sınıq-salxaq dükanlar. Birdən bu mağazanın sahiblərindən biri sadə iş formasında işləyən Hüseyn müəllimə yaxınlaşdı:
- Qardaş, dükanın ətrafında da zibil var. Sonra oranı da yığışdırarsınız.
Hüseyn müəllim heç nə demədi. Sadəcə başını bulayıb, gülümsədi.
Bakı-Ələt yoluyla Yardımlıya gedirəm. Yol boyu on sıra ağac əkirlər. Özü də ki, çox, lap çox. Görəsən bitirə biləcəklərmi. İnanmıram ki, bu çöllü-biyabanda yaşıllıq zolağı salmaq mümkün olsun. Amma Cəngi yadıma düşür. Hüseyn Bağırovun ekologiya və təbii sərvətlər naziri kimi ilk layihəsi. İndiki dildə desək, uğurlu layihəsi. Ələt yolu boyu da meşəlik olacağına inanmağa başlayıram. Çünki Hüseyn müəllimə inanıram.