Modern.az

Bizim qiyamətimiz...

Bizim qiyamətimiz...

Ülke

19 Dekabr 2012, 17:07

Guya ki, təzə xəbərdir. Elə danışırlar...  “Qiyamət qopacaq...”.  Bu xəbər o qədər köhnədir ki...

Mənim üçün uşaqlağımla həmyaşıddır. Nə zaman eşitdiyimi xatırlamasam da, kimdən eşitdiyim yadımdadır. Şirindənə nənəmdən... O mənim ana nənəmdi. Orta boylu, zərif bir qadın idi. Üzünün cizgiləri dürüst, xoşagəlimliydi. Özü boyda nur idi, işıq idi elə bil. Həyatda doğruluqdan başqa yol tanımırdı. Ən çox qiyamət günündən qorxardı. Qızları, böyük nəvələri ona acıqlanardılar: “Sən nədən qorxursan ki?”. Soruşardılar. Etiraz eləyərdi: “Yox, elə deməyin. Allahın qulu günahsız olmur”. İndi yadıma düşəndə mən də onun ruhuna eyni sualı göndərirəm: “Sən nədən qorxurdun ki? Yalan danışmırdın: “Qiyamət günü dilimdən dara çəkilərəm”, deyirdin. Günah bildiklərinə baxmırdın: “Gözlərimdən daha çəkilərəm” deyirdin. Böhtan, qiybət, qarğış dinləmirdin: “Qulaqlarımdan dara çəkilərəm”, deyirdin. O zaman balacaydım. Bəzən dodaqların həyacanından quruyub çatlamış, gözlərin təşviş içərisində bizə gələrdin. Kimsə yanında dünyanın hansı tərəfindəsə birinin bic uşaq doğduğunu deyib, gecəni səhərədək çimir eləməmisən. Titrəyə-titrəyə pıçıldayardın: “Oyyy... Ay bala, səhərə qədər gözlərimi yummadım. Sabaha qədər dişlərimi bir-birinə sıxmışam. Dünya dağılacaq...”.   

Qiyamət gününə inanardı nənəm. Bicliklərin, yalanların, haqsızlıqların o günü yaxınlaşdıracağından qorxardı. Heç tanımadığı, ilk dəfə qarşılaşdığı adamların bir-biri ilə qiybət elədiklərini, yalan söylədiklərini, kiminsə arxasınca danışdıqlarını görəndə etinasız keçməzdi. Dayanıb nəsihət eləyərdi: “Belə danışmayın, günahdı...”. Buna görə “sağ ol”, deməzdilər ona. Acılayanlar, “Sənə nə dəxli var?”, deyənlər də olurdu. Amma o sonuna qədər belə qaldı. Çünki nənəmin inancına görə haqsızlığın, ədalətsizliyin qarşısında susmaq, etirazını bildirməmək o günahları işləməyə bərabərdir.  

Onun ömrü mənim uşaqlığımdan tez bitdi. Gecə-gündüz təkcə balaları, digər qohum-əqrabası üçün deyil, dünyamız üçün dua eləyən nənəm özünün və hər kəsin bilib-bilmədən etdiyi günahlarının bağışlanması üçün Yaradana yalvara-yalvara, dua eləyə-eləyə gözlərini əbədi yumdu.   

Böyüdükcə anladım ki, mənim yazıb-oxumaq bilməyən nənəmin qorxusunun elmi və dini əsası var. Yəni, bu dünya əbədi deyil. Bir gün sonu gələcək, amma nə zaman? Bunu bir Yaradan bilir. Demək, cavabı da Onun bizə göndərdiyində, ən böyük yolgöstərənimiz olan müqəddəs kitabımız “Qurani-Kərim”də aramalıyıq. Və bu da cavab: Əraf surəsinin 187-ci ayəsində buyurulur: “(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”

Amma bu qədər bəlli mətləbə də insan övladları şayiələr, şübhələr qarışdırmaqla məşğuldular. “Öncəgörən” deyib, Nostradamus, Vanqa və başqalarından sitatlar gətirirlər. İndi də yapışıblar Mayya təqvimindən. Guya həmin təqvim dünyanın sonunun 2012-ci ilin 21 dekabrında olacağını xəbər verib. Vaxt isə yaxınlaşır...

Cəmiyyətdə hələ xeyli müddət əvvəl təşviş, xof yaratmağa müvəffəq oldular. Hətta bəziləri həmin günə hazırlıqlar gördülər. Necə? Bazar və dükanlarda bəzi məhsullara tələbat artdı. Əsasən, şam, kibrit, enerjidaşıyıcıları, müəyyən qida məhsulları alındı.

Mayyalıların qədim məskənində - Meksikada hələ bu ilin aprelindən dünyanın sonu üçün xüsusi çantalar da istehsal edilməyə başlanıldı. Xəbər verildi: “Çantanın içərisində sağ qalmaq üçün lazımi avadanlıqlar saxlanılır. Bunlara kibrit, zombilərlə mübarizə aparmaq üçün bıçaq, müxtəlif qeydlər aparmaq üçün blaknot, bir litr su və mayyalıların içdiyi xüsusi likör aiddir".
Sonra Serbiya, Rusiya kimi ölkələr də Meksikanı təqlid edərək belə çantalar satışa çıxardılar.

Deməli, bəzi işbazlar məqsədlərinə çatdılar. Alış-veriş yüksəldi. Başqa vaxtlar, necə deyənlər, dırnaqlarından darı sızmayanlar, “Süleymana qalmayan dünya, bizə də qalmayacaq” düşüncəsiylə səxavət kisələrinin ağzını açdılar. Turizmdə də canlanma yarandı. Bir neçə şəhər toxunulmaz elan olundu və dünya dağılarsa, orada olanların sağ qalacağı kimi cəfəngiyyatlarla yüz minlərlə insanı cəlb etdirlər. Elə iqtisadçılar, astroloqlar, din xadimlər də “Qiyamət günü” xəbərlərinin arxasında dayanan məqsədlərdən birinin 2008-ci ildən başlayan iqtisadi böhran olduğunu söyləyirdilər. Yayılmış xəbərlərin, sadəcə, siyasi oyunlar olduğunu diqqətə çatdıranlar da var. Həqiqət budur ki, insanların beynini bir müddət də “Qiyamət günü” xəbəri ilə məşğul etməyi bacardılar. İnanıb, xoflananlar da, inanmayanlar da aylardır bu xəbərin mübahisələri, müzakirələri ilə məşğuldurlar.

Nənəm dünyamız üçün dua eləyirdi: “Ağılsıza ağıl, insafsıza insaf ver Allahım”, deyirdi: “Kimsəni Səndən basqa birinə möhtac eləmə”. Balaca nəvələrini başına yığıb dua eləməyi öyrədirdi: “Siz məsumsuz, günahsız insanların duası Allaha tez çatar”, - deyirdi.

Nənəm bu günü görsəydi, bizlərə yazığı gələrdi. Hər gün oxuduğumuz, eşitdiyimiz xəbərlər bunlardır: “Müəllim 13 yaşlı tələbəsinə təcavüz etdi”, “Ata qızını zorladı”, “Ana qızını kişilərə satdı”, “Qardaş qardaşı doğradı”... Qiyamət gününü də biznesə, siyasi oyunlara çevirdilər. Dualar etmək, Haqqa üz tutmaq yerinə çoxları bu oyunların alətinə çevrildilər. Bunlar, əslində, elə bizim qiyamətimizdir.

Qiyamət günü Yaradanın əmridir. Nə zaman başlayacağını bir O bilir. Yaradan Böyükdür. O, hələ də bizi imtahan edir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı