Modern.az

Rəsmi qurumdan əhaliyə XƏBƏRDARLIQ: “Respirator virus infeksiyaları artıb”

Rəsmi qurumdan əhaliyə XƏBƏRDARLIQ: “Respirator virus infeksiyaları artıb”

Ölkə

1 Fevral 2013, 15:08

Havaların kəskin şəkildə dəyişməsi əhali arasında qripə yoluxma hallarını artırıb. Modern.az-ın məlumatına görə, əhali arasında qızdırma, burun axması kimi əlamətlərlə özünü göstərən qripə yoluxma hallarına daha çox rast gəlinir. Hətta paytaxt məktəblərində şagirdlər qrip səbəbi ilə kütləvi olaraq dərslərə gələ bilmirlər.

“Əhali arasında ölümcül qriplə bağlı yaranmış təşviş əsassızdır. Ağır gedişli respirator virus var ki, 38 xəstədən müayinə götürülüb və onlarda heç birində qrip virusları aşkar olunmayıb”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müdir müavini Afaq Əliyevanın dediyinə görə, əhali arasında kəşfiyyat xarakterli epidemioloji nəzarət aparılır. Onun sözlərinə görə, bütün qripəbənzər xəstələrin qeydiyyatı aparılır:

“Ağır gedişli respirator virus infeksiyalı xəstələrin laborator müayinəsi aparılır. Səhiyyə Nazirliyinin müəssisələri tərəfindən onların müayinə, müalicə olunması təmin edilir. Kəşfiyyat xarakterli nəzarət tərəfindən yanvar ayı ərzində 4744 qripəbənzər xəstə haqda məlumat verilib. Onlardan ağır gedişli kəskin respirator virus infeksiyalı 38 nəfər Taun Əleyhinə Stansiya tərəfindən analiz edilib, onlarda da qrip virusları aşkar edilməyib. Azərbaycanda hazırda qrip xəstəliyi yoxdur. Baxmayaraq ki, bu viruslar Rusiyada, Avropa ölkələrində var. Amma bu xəstəlik hələ ki, dünyanın heç bir yerində epidemik xarakter daşımır”.

Qrip xəstələrinin qeydiyyatının aparılmadığını deyən Afaq Əliyeva onu da bildirib ki, bu xəstəliyin qeydiyyatının aparılması üçün ilk növbədə laborator müayinə zamanı həmi viruslar qeydə alınmalıdır:
“Bəzi ölkələrdə qrip virusunun yayıldığı deyilir. Rusiyada dekabr ayının son bir həftəsində yalnız 25 nəfərdə qrip virusu aşkar olunub. Hətta bizə yaxın olan Rusiya da belə qrip epidemiyası aşkar olunmayıb. Əhali arasında vaksinasiyanın aparılmasına da ehtiyac yoxdur”.

Əhali arasında boğaz və baş ağrıları, yüksək hərarət və ürəkbulanma ilə müşayiət olunan respirator virus infeksiyalarının sayının xeyli artdığını deyən müdir müavini onu da bildirib ki, bu virusların yayılması ötən illə müqayisədə eynidir. Onun sözlərinə görə, infeksiyanın yayılması mövsümlə bağlıdır:

“Xəstə vaxtında ilkin əlamətlər aşkar etdikdə hökmən həkimə müraciət etməlidir, əks halda kəskin fəsadlar verə bilər. Yataq rejimini gözləmək lazımdır. Respirator virus infeksiyası vaxtında müalicə olunmazsa, pnevmaniyaya səbəb ola bilər”.

Qeyd edək ki, xəstəliyə əsasən immuniteti zəif olan insanlar yoluxur. Siqaret çəkən, alkoqoldan istifadə edənlərin orqanizmi sözügedən viruslara daha həssas olur. Ona görə də, bu fəsillərdə zərərli vərdişlərdən qaçmaq, daha çox açıq havada olmaq məsləhət görülür. Soyuq fəsillərdə xəstəliklərə yoluxmamaq üçün immuniteti möhkəmləndirmək də məsləhətdir. Qida rasionu vitaminlə zəngin olmalı, xəstəliklərə yoluxmaq halları qeydə alındıqda isə müalicəyə ciddi yanaşılmalıdır.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı