Modern.az

İstehlakçı hüquqlarından xəbərdarsınızmı?

İstehlakçı hüquqlarından xəbərdarsınızmı?

Ülke

15 Mart 2010, 11:24

15 mart İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür. Hazırda istehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən təbii ki, istehlakçılardır.

İstehlakçıların hüquqlarının qorunması ilə bağlı ilk tələb 1962-ci martın 15-də ABŞ prezidenti Con Kennedi tərəfindən irəli sürülüb. O, Konqresdə çıxış edərkən «istehlakçıların səsi ən yüksək dövlət orqanlarında eşidilməlidir»-deyə bildirib. Məhz həmin gündən 15 mart tarixi bütün dünyada Beynəlxalq İstehlakçılar Günü kimi qeyd edilməyə başlayıb.

15 mart tarixi öz mahiyyətinə görə bütün dünyada geniş qeyd edilən günlərdən biridir. Çünki istehlakçıların hüquqlarının qorunmasına yönələn bu aksiyanın nə milli xüsusiyyətləri, nə də dövlət sərhəddi var. İstehlak bazarlarının saxta, keyfiyyətsiz və təhlükəli məhsullardan mühafizəsi və bununla da istehlakçıların hüquqlarının qorunması Azərbaycan üçün də prioritetdir.

Dünyanın bütün ölkələrində olduğu kimi respublikamızda da istehlakçılar ərzaq və qeyri-ərzaq məhsulların keyfiyyəti ilə bağlı müxtəlif problemlərlə üzləşirlər. Keyfiyyətsiz, insan həyatı və sağlamlığı üçün təhlükəli malların istehsalı və satışın həyata keçirən yerli və xarici işbazlar isə hər fürsətdən yararlanmağa çalışırlar. Azərbaycanda istehlakçıların hüquqlarının qorunması ilə həm rəsmi, həm də qeyri-rəsmi qurumlar məşğul olurlar. İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bilavısitə bu məsələlərlə məşğul olur. İstehlakçı hüquqlarının qorunması ilə qeyri-rəsmi səviyyədə məşğul olan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, respublikamızda istehlakçıların hüquqlarının pozulması halları ilə müxtəlif sahələrdə rastlaşmaq mümkündür. AİB sədri Eyyub Hüseynov saxta və keyfiyyətsiz malla aldadılan istehlakçıların məhkəmələrə müraciət etməmələrini müxtəlif səbəblərlə izah edir. Səbəblərdən biri də istehlakçıların öz hüquqlarını bilməmələridir. Keçirilən sorğuların nəticələri göstərib ki, əhalinin 63 faizi istehlakçı huquqları barədə məlumatsızdır.

Qanunla hər bir istehlakçı aldığı malın keyfiyyəti, təhlükəsizliyi barədə düzgün məlumat əldə etmək, saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Xaricdən Azərbaycana idxal olunan bir çox məhsulların milli dildə markalanmaması dövlət dilinin tətbiqinə, istehlakçı hüquqlarının qorunmasına ziddir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti apardığı monitorinqlərin nəticələri göstərir ki, bir çox hallarda ərzaq və qeyri-ərzaq məhsulları ilə bağlı müvafiq standartların, texniki şərtlərin və digər normativ sənədlərin tələbləri pozulur. Hazırda ərzaq, geyim, ətriyyat, məişət avadanlığı, tikinti materialları və digər məhsul satışı bazarlarında istehlakçı huquqlarının pozulması, saxtakarlıq halları müşahidə edilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin daxili bazarda apardığı xüsusi təhlillər göstərir ki, əsas qanun pozuntusu halları rəqibin təsərrüfat fəaliyyətinin təqlidi və istehlakçıların çaşdırılması formasında baş verir. Əsasən əmtəə nişanlarının təqlidi, saxta malların buraxılması və idxalı ilə bağlı yol verilən qanun pozuntuları çox geniş yayılıb.

Ekspertlərin fikrincə, mal satışı bazarında istehlakçı hüquqlarını pozanlara qarşı müvafiq icra hakimiyyəti orqanları tərəfindən daha sərt sanksiyalar tətbiq olunmalıdır. Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı