Modern.az

Acınacaqlı şəraitdə yaşayan Azərbaycanın şair və yazıçıları - ARAŞDIRMA

Acınacaqlı şəraitdə yaşayan Azərbaycanın şair və yazıçıları - ARAŞDIRMA

Страна

21 Avqust 2013, 10:34

Modern.az saytı yazıçılara mənzillərin verilməsi ilə bağlı məsələni gündəmə gətirəndən sonra xeyli problemlər daha təfərrüatlı şəkildə ictimaiyyətə bəlli oldu. Bakı şəhərində  yazıçılara torpaq sahəsi ayrılsa da, dövlət rüsumunu ödəyə bilmədikləri və binanın inşasına maddi vəsait  tapmadığı üçün yazıçıların ev arzuları hələ də gerçəkləşməyib.  
“Zərgərpalan” küçəsində tikiləcək binada isə AYB-yə ayrılan 9 mənzil 36 yazar arasında bölüşdürülsə də, hələ ki, burada inşaat işi yaxın gələcək üçün nəzərdə tutulmur. Boş torpaq sahəsində hələ də tikintiyə başlamayıblar.
Modern.az saytı yazarlar arasında kiçik bir araşdırma aparıb. Belə ki, hazırda acınacaqlı şəraitdə yaşayan, yaxud kirayələrdə qalan yazarların çox cüzi faizi ilə sizləri tanış edirik: 

AYB sözçüsü, şair Ədalət Əsgəroğlu hazırda birotaqlı mənzildə yaşayır. Kooperativ mənzilin  bir otağında ailəsi ilə məskunlaşan şair başqa sakinlər kimi, ümumi hamamxanadan istifadə etmək məcburiyyətindədir. Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən Ədalət Əsgəroğlu üçün birotaqlı evdə yaşamaq həddindən artıq çətindir.
“Zərgərpalan” küçəsində tikiləcək binada yazıçılara ayrılan 9 mənzil 36 nəfər arasında bölünəcək. Amma tikinti hələ çox uzanacağından şair gələcəklə bağlı nikbin danışmır: “90-cı illərin əvvəllərindən birotaqlı evdə yaşayıram. Onu da mənə Allah qəni-qəni rəhmət eləsin, mərhum yazıçımız  Bayram Bayramov verib. Kooperativ mənzildir. Düzdür, 9 mənzilə sahib olacaq 36 yazar arasında mənim də adım var. Amma o mənzillərin də taleyi müəmmalıdır. Mən də xəstə adamam. Vəziyyət çox ağırdı”.

“Ulduz” jurnalının baş redaktor müavini şair Qulu Ağsəs də anoloji problemlə üz-üzədir. Əlavə iş yeri olmayan şair üçün mənzil problemini həll etmək müşkül görünür. 36 nəfər arasında onun adı olsa da, hələ tikilməmiş 9 mənzilin dörddə bir hissəsinin pay sahibi kimi o qədər də nikbin deyil:  
“Cəmi 18 kvadrat metrlik evdə yaşayıram. Bu evdə üçümüz də yazırıq: xanımım, qızım və mən.  Odur ki, vəziyyət bir qədər ağırdır. Jurnalistlər üçün ayrılan mənzildə də mənə ev verilmədi. Dedilər ki, Mətbuat Şurasının üzvi deyilsən. Həmin vaxt mənim müraciət etmək imkanım var idi. Amma özüm istəmədim. Problemlərim barədə heç vaxt danışmamışam. Bunu xoşlamıram da”.

Azərbaycanın istedadlı şair və rəssamı olan Adil Mirseyid isə uzun illərdi ki, kirayə evlərdə yaşayır. Vaxtilə AYB-nin mənzil qeydiyyatına düşsə də, sonradan naməlum səbəblərdən adı siyahıdan çıxarılıb. Səhhəti ilə bağlı ciddi problemlər yaşayan və maddi imkansızlıq üzündən tam olaraq müalicə ala bilməyən şair mənzil mövzusuna qətiyyən qayıtmaq istəmir. Bunu bir növ köhnə yaraların təzələnməsi adlandırır:
”Bu barədə heç nə deməyəcəm. Bircə onu deyirəm ki, 500 il bundan qabaq böyük Füzulini 5 axçaya görə qapılarda gəzdirən adamların indi mənim qapımı açmasını gözləmirəm”.

Çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan Xanəmir Telmanoğlu da  mənzil problemi yaşasa da, həyata fərqli baxışı səbəbindən çox nikbindir. Vaxtilə yaşadığı çox köhnə bir bina uçduğundan hazırda kirayədə qalmağa məhkumdur.
”Əvvəl Sabunçu rayonunda 1896-cı ildə inşa edilmiş bir binada yaşayırdıq. Hər halda üstündə belə yazılmışdı. Lap əvvəldən at tövləsi olub. Sonra o bina çökdü deyə, biz də köçdük. İndi kirayə qalıram. Mən elə bir adamam ki, mağarada yaşasam belə, şikayət etmərəm. Amma problemlər o qədər çox olur ki, axşam heç işdən çıxıb evə getmək istəmirsən”.

Vaxtilə həm jurnalist, həm də şair kimi çox tanınan, sonradan bəzi səbəblərə görə uzun müddət ədəbiyyatdan ayrı qalan şair Mahir Mehdi də evsizlik məngənəsində sıxılanlardandır.

Şair “Azadlıq” qəzetində çalışarkən yataqxanada qalırdı. Sonradan ora da yandı və müəyyən səbəblərə görə Yexlaxa gedən Mahir Mehdi 7 il orda yaşadı. Hazırda Bakıda çalışır. 42 yaşı olmasına baxmayaraq, ailəli deyil və birotaqlı mənzildə kirayə qalır.

Hazırda jurnalist kimi çalışan köşə yazarı, şair Muraq Köhnəqalanın da adını bu siyahıya əlavə etmək olar. Yaşı 50-ni ötməsinə baxmayaraq, Şüvəlanda yerləşən və əvvəllər yazıçıların yaradıcılıq evi kimi fəaliyyət göstərən bir binada məcburi köçkünlərlə bərabər yaşayır. Şairin özü də yaşayış şəraitindən gileylidir:
“Bu durumda olan yazıçılarımız çoxdur. Məndən soruşsanız deyərəm ki, Seymur Baycan , Günel Mövlud , Əsəd Qaraqaplan da o durumdadırlar. Mən özüm isə Şüvəlanda əvəllər yazıçılar üçün tikilmiş binada balaca bir otaqda yaşayıram. İndi orda qaçqınlar yaşayır. Aralarında yeganə yazıçı mənəm. Mətbəxi yoxdur, ayaqyolusu həyətdədir, ümümi işlədilir. 4 nəfərlik ailəmlə orada qalırıq”.

Onu da qeyd edək ki, bəzi şairlər əlverişsiz mənzil şəraitində yaşaya-yaşaya dünyalarını dəyişiblər. Yəni onlar üçün şəraitli mənzil yalnız arzu olaraq qalıb. Bunlara misal olaraq Ağa Laçınlı, Eyvaz Əlləzoğlu, Şaiq Vəli və digərlərini göstərmək olar. Eyvaz Əlləzoğlunun özünün və xanımının faciəvi ölümü bu mənzil problemlərini estafet olaraq övladlarına ötürmüş oldu. Onun oğlu, gənc yazar Ayxan Ayvaz öz bacı-qardaşı ilə anoloji problemlə üz-üzədir.
Şaiq Vəli isə Sumqayıtda çox şəraitsiz bir evdə xəstə halda dünyasını dəyişdi. İmkansızlıqdan övladlarını uşaq evinə qoyan Şaiq Vəli öz övladlarına şeirləri ilə bərabər bu problemi də miras qoydu.

P.S. Siyahını həddindən artıq uzatmaq olar. Adını çəkdiklərimiz bu problemi yaşayanların çox cüzi bir hissəsidir. Amma nə Zərgərpalan küçəsində 9 mənzildən, nə də AYB üçün ayrılmış torpaq sahəsindən hələ ki heç bir xəbər yoxdu.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı