Modern.az

Yetim yetimə paxıllıq edir

Yetim yetimə paxıllıq edir

Ölkə

15 Noyabr 2013, 11:29

“Xəbərlər”də işləyirdim.  Səhər tezdən bir çəkilişim vardı. Deputat Hüseynbala Mirələmov  Xətai rayon İcra Hakimiyyətinin ovaxtkı icra başçısı İbrahim Mehdiyevlə birlikdə Uşaq evinə gedəcək, kimsəsizlərin Yeni ilini təbrik edəcəkdilər. Çəkilişi isə mən edəcəkdim. İş elə gətirdi ki, 14 yaşlı qızım Bəyim də mənimlə birgə ora getməli oldu.  Tədbir başladı. Balacalar qonaqlar üçün gözəl proqram hazırlamışdılar. Mahnılar, şeirlər oxuyur, gözəl rəqs edirdilər. Yaş hədləri müxtəlif idi - 3 yaşdan  15 yaşa kimi oğlan və qızlar.

Atası, anası, babaları, nənələri, qohum-əqrəbası olan, hər cür qayğı ilə əhatə olunan qızım da onların arasında oturub proqrama tamaşa edirdi. Amma  üzündə təbəssüm görmürdüm. Nəsə donub, doluxsunub qalmışdı. Mən isə öz işimdəydim. Operatora kömək edirdim. Elə bu an 2-3 yaşlı balacalardan dördü divanda əyləşib çıxışlara baxan Hüseynbala Mirələmovla İbrahim Mehdiyevin üstünə şığıdılar. Qucaqlarına hoppanıb hərəsi bir dizində oturdular. Qucaqladılar, maç elədilər. Hüseynbala müəllimlə İbrahim Mehdiyev də onları  qucaqladılar. Beləcə görüşün axırınacan qonaqların qucağından düşmədilər.

Mən də çəkilişimi davam etdirirdim. Birdən qızım yadıma düşdü. Oturduğu yerə baxdım. Gördüm ki, yoxdur. Dəhlizə çıxdım. Bəyim üzünü divara çevirib için-için ağlayırdı. Yaxınlaşdım:

- Ağlama, mənim balam. Sən hələ balacasan. Başa düşmürsən. Bu uşaqların da taleyi belə gətirib də. Nə olsun ki, yetimdirlər. Görürsən ki, hər şeyləri var. Dövlətimizin hər cür qayğısıyla əhatə olunublar.

Çox şey dedim, amma qızımı ovundura bilmirdim ki, bilmirdim. Əksinə hönkürtüsü gəlirdi. Onun bu qədər kövrək olduğunu ağlıma da gətirmirdim. Amma  ilk həyat dərsini keçdiyinə sevinirdim. Onun gələcəkdə gözəl ana olacağına tam əmin idim. Nəhayət bir az sakitləşdi. Dedim ki, keç içəri, uşaqlarla əylən.

Qızım isə içəri keçmək istəmirdi. Bircə bunu təkrar edirdi:

- Dözə bilmirəm.

- Nəyə?

- Papa, baş tərəfdə divanda oturan iki kişi var e. Balaca uşaqlar gedib onların qucaqlarında oturdular. Əmilər də onları qucaqladılar, oxşadılar, öpdülər.

- Hə... Lap yaxşı burda pis nə var ki...

- Papa, mənim yanımda oturanlar nə hədiyyələrə baxırdılar, nə də çıxış eləyənlərə. Baxışlarını qucaqda oturan, əzizlənən uşaqlara dikmişdilər. Gözlərini də qırpmırdılar. Əmilərin o uşaqları əzizləmələrinə elə paxıllıqla, həsrətlə baxırdılar ki... dözə bilmədim. Dəhlizə çıxdım. Gəl gedək burdan.

Elə bu vaxt bir əlində əsa, o biri əlində 2 yaşlı qız uşağı tutmuş qoca bir qadın axsaya-axsaya uşaq evinin qapısından içəri girdi. Müdiriyyət tədbirdə olduğundan onları uşaq həkimi qarşıladı. Qoca qadın:

- Ay qızım, bu mənim nəvəmdir. Anası ölüb, atası da türmədədir. Mənim ümidimə qalıb. Xəstə, qoca adamam. Qorxuram ki, ölüm... heç kim də xəbər tutmaya, uşaq da tələf ola. Ona görə də ümidim sizədir. Götürün uşağı bura. Mən də rahat olum.

Nənə bu sözləri dedikcə balaca nəvə nənəsinin dizlərini daha bərk-bərk qucaqlayırdı. Yetimlik  astanasının ilk pillərində nənə, doğma adam istiliyini daha çox çəkməyə çalışırdı. Sanki başa düşürdü ki,  doğma adam nəfəsini, hərarətini sonuncu dəfə hiss edir, sonuncu dəfə qucaq görür.

Qızım əlbəttə ki, içəri keçmədi. Dəhlizdə qalıb nənəsinin dizlərini qucaqlayan uşaqla oynamağa başladı.  Mən isə yenidən zala daxil oldum. Qucaqda oturan balacaları və onlara dikilən baxışları seyr etdim. O balacalara bu dəfə böyük gözüylə yox, balaca qızımın gözüylə baxdım.

Özlüyümdə fikirləşdim. Bu nə həsəd, nə paxıllıqdır? Bir yetim uşaq onun kimi bir acı həyat yaşayan  digərinə bir-iki saat davam edən  isti qucağa görəmi paxıllıq edir, həsəd aparır? Sığal, mehribanlıq, qucaqmı  istəyir?

O gündən atamla şərt kəsdik ki, qurbanlıq kəsdirəndə payı bütövlükdə uşaq evinə verək. Elə də edirdik. Mir Möhsüm Ağa ziyarətgahından birbaşa uşaq evinə gəlirdik. Həyətdə oynayan uşaqlar bizi qarşılayır, lap böyüklər kimi “Allah qəbul eləsin, Allah qəbul eləsin” deyirdilər. Amma çox gözəl başa düşürdüm ki, onlara nə qurbanlıq ət, nə də rəngbərəng oyuncaqlar lazımdır. Onlar isti qucağın həsrətindədirlər.


Üstündən illər ötüb. Qızım ərdədir. Bir oğlu var. Ona göz bəbəyi kimi baxır. Uşaq evlərinə gedən, baş çəkənlərin də sayı çoxalıb. Saytlar, mətbuat da bu cür xeyriyyəçilərin nəcib əməllərini öz səhifələrində işıqlandırırlar ki, digərlərinə örnək olsun.  Yazıların içində qucağında yetim uşaq tutmuş insanların fotoların da verirlər.  Bu şəkillərə baxanda ovaxtkı Yeni il şənliyi yadıma düşür. Xeyriyyəçinin  qucağına götürdüyü  bu uşağa, bu uşağın sığındığı isti qucağa  həsəd, paxıllıqla dikilən yüzlərlə yetim baxış  göz önümdə canlanır. Bu yüzlərlə yetimin gözlərində, baxışlarında  göz yaşları yoxdur. Çünki həyat onları çoxdan qurudub. Bəlkə də bu kimsəsizlərə  qəribə gəlir: Uşağı da qucağa alarlar? Uşağı da qucaqlayarlar?  Uşağı da öpər, əzizləyərlər?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı