
Bu gün Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev barəsində 3 aylıq həbs-qətimkan tədbirinin çıxarılması haqda məlumat yayılıb.
Modern.az-ın etibarlı hərbi mənbədən aldığı məlumata görə, adıçəkilən generalın saxlanması tamamilə yalandır. Məlumatda qeyd edilir ki, Mahmud Həmzəyev guya, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılıb və onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
Hərbi mənbə isə bildirir ki, Hərbi Prokurorluq hər hansı hərbçi barəsində sanksiya verirsə, onun haqqında həbs-qətimkan tədbirinin çıxarılması məsələsinə də hərbi məhkəmədə baxıla bilər. Mahmud Həmzəyevə gəldikdə, Hərbi Prokurorluqda keçmiş komandir və onunla birgə xidmət edən polkovnik Elmar Salayevlə bağlı hələ ki heç bir araşdırma aparılmır.
Müdafiə Nazirliyin sabiq əməkdaşı, hərbi ekspert Üzeyir Cəfərov da bu xəbərin qeydi-ciddi olduğunu vurğulayıb:
”Nə vaxtdan Hərbi Prokurorluq mülki məhkəmə vasitəsiylə zabit və ya general həbs edir? Hətta fərz etsək belə, o general ehtiyatdadır, yenə də əgər onun haqqında hansısa hərbi cinayətlərlə bağlı məlumatlar varsa, mütləq Bakı Hərbi Məhkəməsi qərar çıxara bilər.
Guya Respublika Hərbi Prokurorluğu təqdimat yazıb və... Binəqədi rayon Məhkəməsi generalı və polkovnik rütbəli hərbçini həbs edib. Bu nə məsuliyyətsizlik və özbaşınalıqdır?".
Hərbi ekspert deyir ki, əslində, general Mahmud Həmzəyev doğrudan da məsuliyyətə cəlb edilməlidir.
”Onun Beyləqan Hərbi Birləşməsinin komandiri olarkən Haramı düzündə etdiyi saysız-hesabsız əməllərə hüquqi qiymət verilməlidir".
Ü.Cəfərov mətbuata belə dəqiqləşdirilməmiş məlumatlar yayarkən diqqətli olmağı tövsiyə edib. ”Mətbuatdakı dostlarıma müraciət edirəm. Belə tipli dezinformasiyalar, dəqiqləşdirilməmiş xəbərlər, həm saytların, həm də bu "şok"xəbərləri dərc edən qəzetlərin nüfuzuna ağır zərbələr vurur. Bir qədər diqqətli olmağımız gərəkdir. Şəxsən mən istəməzdim ki, Azərbaycan cəmiyyətinin böyük bir kəsiminin ümid yeri olan mətbuatımız belə qeyri-dəqiq xəbərlərə görə nüfuzdan düşşün".
Modern.az