ATƏT-in gender məsələləri üzrə baş müşaviri C.Seftavi ötən həftə Bakıda olarkən deyib ki, zorakılıq qurbanları olan qadınların polisə inamının artırılması üçün polis orqanlarına qadınlardan ibarət xüsusi kadrların cəlb olunması vacibdir.
O, Azərbaycanda qadın polislərin sayının artırılmasını təklif edib.
Qeyd edək ki, Azərbaycanda polis sistemində az da olsa qadın işləyir, amma onlar əsasən idarələrdə kargüzarlıq edir və çox nadir hallarda müstəntiq kimi çalışırlar.
Modern.az-ın əməkdaşı bu təklifə münasibət öyrənmək üçün zərif cinsin nümyəndələrinə sual ünvanlayıb: polis olmaq istərdinizmi?
Gənc jurnalist Sədaqət Süleymanova sualımıza “xeyr, Azərbaycanda polis olmaq istəməzdim” deyə cavab verib. Onun fikrincə, polis işi qadın üçün yaranmayıb vı xanımlara belə sahədə çalışmaq yaraşmır.

Şairə Nisəbəyim Rəhimova sorğumuza cavabında “Azərbaycanda həqiqətən qadın polislərə ehtiyac var. Amma mən qətiyyən polis olmaq istəməzdim” söyləyib. O da polis işinin qadınlar üçün münasib olmadığını qeyd edib.
Şahnaz Kamalova adlı müəllimənin fikrincə, mentalitetimiz qadınların polis işləməsinə yaxşı baxmır: “Heç mən də Azərbaycanda polis olmaq istəməzdim. Qətiyyən ağlımadan da keçirmərəm”.
Sorğumuza qatılan digər orta məktəb müəlliməsi Aygün Bayramova Azərbaycanda qadın polislərə böyük ehtiyacın olması fikri ilə razıdır: “Uşaq vaxtı ən böyük arzum idi polis olmaq. O qədər kriminal əsərlər oxuyurdum ki, özüm də polis olmaq istəyirdim. İndi də o arzum qalmaqdadır. Özü də cinayət axtarış şöbəsində polis olmaq istərdim. Bəlkə də qadınlar polis olsa, polislərə hörmət artar, xüsusilə də yol polislərinə”. 
Tibb işçisi Zümrüd Hacıyeva “mən polis olmaq istəməzdim” deyir, amma onunla da razıdır ki, Azərbaycanda polis qadınların sayının artması yaxşı olar.

Jurnalistika ixtisasının sahibi Könül Cəfərovanın fikrincə, pols sırf kişi peşəsidir: “Mən özüm polis olmaq istəməzdim, çünki nədənsə bu sənəti qadına yaraşdırmıram. Mənim fikrimcə, bu sırf kişi işidir. İstənilən halda, qadınlar incə olduqlarından, bunu onlara yaraşdırmıram. Qadınlar özlərinə yaraşan işlərlə məşğul olsalar, daha yaxşı olar”. 
Əczaçı Mədinə Abbasovanın da sualımıza özünəməxsus cavabı var: “Başqa ölkədə yaşasaydım, polis olmaq istərdim. Amma Azərbaycanda qətiyyən olmazdım”.
Belə... Bu da xanımların ATƏT nümayəndəsinin polis olmaq təklifinə münasibəti... Görünür ki, bizim xanımların düşüncələrindəki buzların əriməsi üçün xeyli maarifləndirmə işi aparılmalıdır.
Yeri gəlmişkən, hazırda polis sistemində işləyən xanımlardan birinin sözlərinə görə, bu sahədə çalışmaq onun ailə həyatına hər hansı mənfi təsir etməyib. Həm işə, həm də ailəsinə sərf etməyə kifayət qədər vaxt tapır. Yəni bu peşənin seçimi ilə bağlı düşünməyə dəyər.
Vüqar Ağamalıoğlu