Modern.az

Eks-spikerdən “MTN işi”ndə adının hallanmasına REAKSİYA

Eks-spikerdən “MTN işi”ndə adının hallanmasına REAKSİYA

Ölkə

20 Noyabr 2015, 20:09

 

Mətbuatda sabiq spiker, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev haqqında sensasion sayıla biləcək informasiya yayılıb. Rəsul Quliyevin adı bu dəfə Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən hadisələrdə hallanıb. Qeyd olunub ki, milli təhlükəsizlik nazirinin sabiq müavinlərindən biri Elçin Quliyev Dubayda olarkən eks-spikerlə telefon danışığına girib.

“Bu danışığı ”Mahmudov dosyesi"ni Azərbaycan rəhbərliyinə verərək, onun ifşasına səbəb olmuş Rusiya xüsusi xidmət orqanları fiksə edib, yazdırıblar.

MTN generalı ilə Rəsul Quliyevin arasındakı danışıqlar şifrəli olub, lakin orada 28 oktyabr tarixi bir neçə dəfə təkrar edilib; məhz həmin tarixdə nəsə olacağı barədə iki-üç dəfə işarəli təkrarlar səsləndirilib. Bu məlumat və bütövlükdə Eldar Mahmudov dəstəsinin ölkəmizə xəyanətini sübut edən dosyeni Azərbaycana verəndə oktyabrın əvvəlləri olub. Daha sonra, oktyabrın ortasında əlavə və təsdiqləyici dosyelər daxil olub",-deyə iddiada bildirilib. 

Eks-spiker Rəsul Quliyev onun haqqında yayılan məlumatlar barədə Modern.az-a açıqlama verib. O, ilk növbədə yazılanları şəxsi fantaziyanın  məhsulu adlandırıb və deyib ki, MTN-nin heç bir vəzifəli şəxsi ilə telefonda hər hansı bir müzakirə aparmayıb.

“Mənim haqqımda yazılanlar sadəcə olaraq cızma-qaradır. Bu, rezonans yaratmaq naminə ortaya atılan bir iddiadır. Özü də fantaziya əsasında yazılan bir iddia”.  

Rəsul Quliyev qeyd edib ki, ciddi siyasi dairələr, xarici səfirliklər, beynəlxalq təşkilatlar heç vaxt belə məlumatlar yayan mətbuat orqanlarına inanmaz.  

Aqşin KƏRİMOV


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı