Modern.az

Ekspertlər həyəcan təbili çalır: “Kriminal süjetlər əsəbi reaksiya, qorxu yaradır”

Ekspertlər həyəcan təbili çalır: “Kriminal süjetlər əsəbi reaksiya, qorxu yaradır”

Ülke

8 Dekabr 2010, 15:20

Psixoloq Şaiq Sultanov: “Cinayət verilişləri qeyri-sabit olan insanlarda cinayət törətmə istəklərinə təkan verə bilər”

Zeynal Məmmədli: “Azərbaycan gerçəkliyində uşaqlar və yeniyetmələr üçün hansı komanda işləyir?”


Ölkədə baş verən cinayət hadisələri hər gün telekanalların xəbər proqramlarında göstərilməklə yanaşı, xüsusi kriminal verilişlərdə də nümayiş olunur. Həmin verilişlərdə gün ərzində ölkədə baş verən cinayət hadisələri barədə məlumat verilir. Axır zamanlar belə verilişlərin sayı artıb. Müşahidələr göstərir ki, son vaxtlar kriminal hadisələr içərisində ölüm halları, xüsusilə gənclərin törətdiyi cinayətlərin sayı artıb. Qardaşın qardaşı bıçaqlaması, qardaşın bacını öldürməsi, oğulun ata və ya anasını bıçaqlaması, kiminsə başını kəsmək, gənc və ya yeniyetmənin kimisə güllə ilə yaralaması və ya öldürməsi kimi hallar indi ölkə gündəmində daha çox qeydə alınır və xəbər buraxılışlarında efir vaxtının əsas hissəsini təşkil edir.

Cəmiyyət bu xarakterli verilişləri birmənalı qarşılamır. İctimaiyyət nümayəndələri hesab edirlər ki, oğulun atanı öldürməsi və ya qardaşın qardaşı bıçaqlaması kimi cinayət hadisələrinin efir məkanında çox yer alması ölkədə bu kimi hadisələrin sayının artmasına səbəb olur. Bir sıra ekspertlər deyirlər ki, kriminal verilişlərin efirdə çox yayımlanması gəncləri cinayət hadisələrini törətməyə sövq edir.

Son dövrlər televiziya məkanında artan kriminal verilişlər həftədə bir dəfə nümayiş olunurdusa, indi hər gün efirdə bu xarakterli proqramlar görmək mümkündür. Həqiqətən, kriminal proqramlar cinayət faktlarının, xüsusilə gənclər arasında sürətlə artmasına səbəb olurmu?

“Kriminal proqramlarda cinayət hadisələri elə təqdim olunmladır ki, tamaşaçıları zorakılığa həvəsləndirməsin”

Modern.az saytına kriminal verilişlərlə bağlı münasibət bildirən teletənqidçi Zeynal Məmmədli qeyd edib ki, həmin proqramların hazırlanmasında bəlli etik qaydalar olmalıdır.
“Cinayət verilişlərinin hazırlanması xüsusi hazırlıq tələb edir. Burada müəyyən etik sərhədlər olmalıdır. Əgər sən gənclərin törətdiyi cinayət hadisələri barədə veriliş hazırlayırsansa, o zaman bır sıra etik öhdəliklərə riayət etməlisən. Proqramda gənclərin mənəviyyatına toxunmamağa, onların ləyaqətini alcatmamağa diqqət etməlisən. Əgər məhkəmə prosesi olmayıbdırsa, onları hələ cinayətkar hesab etmək olmaz. Cinayətdə ittiham olunanların gənc və yaxud yeniyetmə olması nəzərə alınmalıdır. Çünki onlar gələcəkdə normal həyata qayıdıb, cəmiyyətin fəal üzvinə çevrilə bilərlər”-deyə Z.Məmmədli qeyd edib.

Teletənqidçi deyir ki, məsələ ilə bağlı çoxlu nüanslar var. “Buna görə də, cinayət hadisələri efirdə elə təqdim olunmalıdır ki, tamaşaçıları zorakılığa həvəsləndirməsin. Verlişə baxanlara nəticəni yox, səbəbi göstərmək lazımdır ki, onlar cinayət haisələrinin nəyin nəticəsində baş verdiyini bilsinlər”.

Zeynal Məmmədli qeyd edib ki, kriminal verilişlərin hazırlanmasında gözardı edilən rəhbər qaydalar əsas götürülməlidir. “Burada psixoloqun, yaşlı jurnalistika mütəxəssisinin, uşaq psixologiyasına yaxşı bələd olan və uşaqlarla işləməyi bacaran pedoqoqun öz rolu var. Bəs Azərbaycan gerçəkliyində məhz uşaqlar və yeniyetmələr üçün hansı komanda işləyir?”

Zeynal müəllim onu da vurğulayıb ki, kriminal verilişlərin hazırlanmasında ən xırda ehtiyatsızlıq arzuolunmaz nəticələrə gətirə bilər.
“Mənin hazırladığım veriliş qeyri-peşəkardırsa və orada səbəb yox, nəticədən danışılırsa, o zaman qavranışı, təhsil səviyyəsi, sosial mənsubiyyəti müxtəlif olan insanlar bunu təbliğat kimi də başa düşə bilərlər. Yəni sən verilişi cinayətin qarşısını almaq üçün efirdə yayımlayırsan, amma əksinə, cinayətin yayılmasına imkan yarada bilərsən. Buna görə də kriminal verilişlərin monitorinqini aparıb, onları izlədikdən sonra, həmin verilişlərdə nələrin çatıb çatmadığı, onlara  dünya təcrübəsində necə yanaşıldığı barədə konkret söz demək mümkün olar”.

Zeynal Məmmədli kriminal verilişlərin hazırlanmasında standart formatın olmadığını bildirib.  

“Bu tipli verilişlər müxtəlif formatda hazırlana bilər. Kriminal verilişlər xəbər formatında, debat, diskussiya, hətta televiziya jurnalı formatında da ola bilər. Burda format önəmli deyil. Əsas odur ki, cinayət verilişləri nəticə etibarilə ictimai reaksiya oyada bilsin, ictimai rəy yaratsın. İctimai rəyi yaratmaq üçün isə burda həqiqəti axtarmaq lazımdır. Cəmiyyət ortaq məxrəcə gəlməlidir. QHT-lər, dövlət qurumları, gənclərin özləri və birlikləri arasında fikir mübadiləsinə yol açılmalı, müzakirələr edilməlidir”

“Kriminal proqramlar psixologiyası qeyri-sabit olan insanlarda cinayət törətməyə təkan verə bilər”

Psixoloq Şaiq Sultanov isə bildirib ki, televiziyada yayımlanan kriminal proqramlar insanların bir çox şüuraltı instinktlərinə təsir göstərərək onları ekran qarşısında saxlayır. “Cinayət verilişləri psixologiyası qeyri-sabit olan insanlarda dağıtma, zor instintklərinə bilavasitə təsir göstərərək onlarda həmin cinayəti törətmə istəklərinə təkan verə bilər. Elə insanlar da var ki, onların daxilində kriminal meyillər var. Televiziyalar cinayət hadisələrini əvvəldən axıra kimi necə hazırlanıb, həyata keçirildiyini göstərəndə sanki bir kitab, təlimat kimi cinayətkarlara təqdim edirlər. Buna görə də valideynlər uşaqlarının hansı proqramlara baxdığına fikir verməlidirlər”.

Şaiq müəllim qeyd edib ki, cinayət hadisələrinin mütəmadi olaraq göstərilməsi cəmiyyətdə aqresiyaya səbəb olmur. “Kriminal proqramlarda cinayət qurbanlarının göstərilməsi əsəb sistemi zərif olan insanlara pis təsir edə bilər, onlarda əsəbi reaksiya, qorxu, yuxusuzluq  hissinin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, psixologiyası zəif insanlar həmin səhnələrə baxmasa yaxşıdır.

Psixoloq onu da bildirib ki, kriminal verilişlər efirdə elə vaxt verilməlidir ki, azyaşlı uşaqlar ona baxa bilməsinlər. “Çünki həmin proqramlarda cinayət hadisələri barədə verilən məlumatlar azyaşlı uşaqlara pis təsir edə bilər. Ona görə kriminal verilişlər efirdə nə qədər gec getsə, bir o qədər yaxşıdır”.

Şaiq Sultanov qeyd edib ki, son dövrlər cinayət hadisələrinin artmasının kriminal proqramların efirdə tez – tez yayımlanması ilə heç bir əlaqəsi yoxdur.
“Düzdür, həmin verilişlər daxilində cinayət hadisəsi törətməyə istəkli olan insanlara təkan verə bilər. Bizdə söz azadlığının olması, demokratiyanın bərqarar olması, ölkə gündəmində baş verən cinayət hadisələrini televiziyada açıq şəkildə verməyə imkan yaradır. Sadəcə əvvəllər belə hadisələr cəmiyətdən gizlədilirdi. İndi isə açıqlanır və insanlara elə gəlir ki, son dövrlər ölkə də cinayət hadisələrinin sayı artıb”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı