Bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış oldu. Bu açılışdan sonra bir sıra mətbu orqanlarda açılış zamanı nöqsanların üzə çıxdığı, buna görə ölkə başçısının buna irad bildirməsi ilə bağlı məlumat dərc olunub. Hətta bundan sonra bəzi şəxslərin cəzalandırıldığı da bildirilib.
Məsələ ilə bağlı Sabunçu rayonunun deputatı Eldar Quliyev Modern.az saytına açıqlama verib. O qeyd edib ki, görüşün əvvəlindən axırına qədər orada olub və bütün söbətlərdə iştirak edib: “Mən bu rayonun deputatı olaraq həmin tədbirə dəvətli idim. Orada cənab prezident heç bir məsələyə irad bildirmədi. Əksinə, belə bir gözəl işin görüldüyünə görə hamımızı təbrik edib. Bundan sonra bir sıra məsələlər qaldırıldı. Prezident Pirşağı yolunun nə zaman hazır olacağı ilə maraqlandı.
Nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, 2 ay ərzində yol açılacaq. Mən məsələ qaldırdım ki, Maştağa qəsəbəsinin içindən keçən yol da arzu etdiyimiz səviyyədə deyil. Həmin yol da düzəlsə, yaxşı olardı. Eyni zamanda yolun genişləndirilməsi məsələsi qaldırıldı. Prezident Balaxanıya gedən yolun da yaxşılaşdırılması məsələsi təklif kimi tərəfimizdən çatdırıldı.
O, Maştağa yolu ilə bağlı bildirdi ki, xalqın rifahı üçün istənilən layihəni dəstəkləməyə hazırdır. Sadəcə biz bunu layihə şəklində hazırlayıb Prezidentə təqdim etməliyik. Balaxanı yoluna gəldikdə isə Ziya Məmmədov dedi ki, Balaxanıda zavod tikiləndən sonra iri tutumlu maşınlar bu yoldan istifadə edir, ona görə də həm tıxac yaranır, həm də bu, yolu bərbad vəziyyətə salır. Prezident qeyd etdi ki, əgər fəaliyyəti dayandırılmış neft buruqları varsa, oradan Balaxanıya alternativ yol çəkilsin”.
Deputat qeyd edib ki, bu cür açıqlaması ilə nə başçını, nə də naziri müdafiə etmək fikrində deyil: “Sadəcə bu yolu çəkənlərin əziyyəti heçə endirilməməlidir. Çox gözəl yol çəkilib və bundan sonra da bunun davamı olacaq”.
Ulduz İBRAHİMOVA