Modern.az

Əli Həsənov Azərbaycana qarşı ədalətsizlikdən danışıb

Əli Həsənov Azərbaycana qarşı ədalətsizlikdən danışıb

Eğitim

17 Aprel 2014, 11:36

 Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 16-da İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Dövlətqaçqınkom”dan Modern.az-a verilən məlumata görə, Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışıb. Bildirilib ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir.
Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı 70 il sovet imperiyasının tərkibində olsa da öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlayıb. Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir, müasirləşir, dünya baş verən inkişafdan geri qalmır.
Əli Həsənov İranın İmdad Komitəsinin Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirib və humanitar fəaliyyətlərinə görə minnətdarlığını ifadə edib.
Məhəmmədhüseyn Somi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Qonaq, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin son görüşünün əlaqələrin daha da inkişafına böyük təkan verəcəyinə əminliyini bildirib.
M.Somi deyib ki, Azərbaycana səfərində məqsəd ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməkdir. O, iki ölkə arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disk təqdim edilib.


Modern.az
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı