
2014-cü il iyulun 1-dək beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanan sazişlər əsasında istifadə olunan kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6, 4 milyard dollar olub. Modern.az xəbər verir ki, imzalanan sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 8,5 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 66,4 dollar olub.
Ölkəyə cəlb edilən kreditlərin 38,1 faizini sabit dərəcə ilə olan kreditlər, 61,9 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. İmzalanan müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 7,7 faiz 10 ilədək olan müddətdə, 62 faizi 10 ildən 20 ilədək olan müddətdə, 30,3 faiz isə 20 ildən yuxrı olan müddətlərdə kreditorlara qaytarılıb.Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilən kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində aparılan məqsəsdyönlü iş 2015-ci ildə də davam etdirilməklə, kreditlərin əsasən kredit alan təşkilatların öz vəsaitləri hesabına ödənilməsi üçün tədbirlər görüləcək.
Respublikanın borc öhdəliklərinin əsasən dövlət zəmanətli olmasını, bir sıra layihələr üzrə qəbul edilmiş borc öhdəliklərinin faiz və əsas borc üzrə ödəniş müddətlərinin növbəti ildə başa çatmasını nəzərə alaraq, 2015-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 776,2 milyon manat, o cümlədən dövlətin xarici borclarına xidmətlə bağlı xərclər üçün 703 milyon manat, dövlətin daxili borcuna xidmətlə bağlı xərclər üçün 73,2 milyon manat vəsait nəzərdə tutulub.
2015-ci il üçün Azərbaycanın daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 1500,0 milyon manat müəyyən edilib.
Modern.az