Ukraynadakı vətəndaş müharibəsində stadionu bombalanan, matçlarını başqa şəhərdə oynamaq məcburiyyətində qalan Donetskin “Şaxtyor” komandası bütün bunlara baxmayaraq Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib. Bu, həm də baş məşqçi Mirça Luçeskunun xidmətinin nəticəsidir.
Modern.az saytı xəbər verir ki, rumıniyalı baş məşqçi Mirça Lucesku baş məşqçi olduğu “Şaxtyor” sanki möcüzə yaradır. Ukraynadakı problemlərə baxmayaraq Çempionlar Liqasında son 16 komanda sırasında qalan Luçeskunun futbolçuları döyüşə də meydan oxuyurlar. Vətəndaş müharibəsində stadionu və təsisləri bombalandığı üçün matçlarını ölkənin qərbindəki Lvovda oynamaq məcburiyyətində qalan qırmızı-qara formalı futbolçular H qrupunu 9 xalla “Porto”nun ardından ikinci sırada bitirib.
“Şaxtyor” qrupda 2 oyunda qalib gəlib, 3 oyunda heç-heçə edib, 1 dəfə məğlub olub. Bundan əlavə, “Şaxtyor” Çempionlar Liqasının qrup mərhələsində 15 qol vurub, 4 qol “yeyərək” diqqət çəkən komandalardan biri olub. Ukrayna təmsilçisi 17 qol vuran “Çelsi”, 16 qolu olan “Real” Madrid, “Bavariya” və “Porto”nun ardından Çempionlar Liqasında ən çox qol vuran komandalarından biridir. Donetsk klubu həm də qrup mərhələsinin ən az qol buraxan komandaları arasında yer alıb.
“Şaxtyor” Avropadakı müvəffəqiyyətini ölkə çempionatı və kubokunda da davam etdirir. Ukrayna Premyer Liqasında bu mövsüm ilk dövrəni ikinci sırada tamamlayıb. “Şaxtyor” Ukrayna kubokunda da dörddəbir finala çıxıb.
Luçesku da Donetskdəki 10 mövsümlük karyerasında çempionatda üst-üstə 5 dəfə olmaq üzrə 8 çempionluq, 5 Ukrayna kuboku, 6 Ukrayna Super Kuboku qazanıb. Rumıniyalı baş məşqçinin komandası Avropada 2008-2009-cu il mövsümündə İstanbulda oynanılan UEFA Kuboku finalında Bremenin (Almaniya) “Verder” klubunu 2:1 hesabı ilə məğlub edərək qalib olub.







Modern.az