Prezident İlham Əliyevin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini ləğv etməsindən sonra daha bir neçə dövlət qurumunun ləğv olunması təklifləri səsləndirildi. Bunların arasında ən çox Dövlət Gömrük Komitəsinin ləğv edilməsi məsələsi müzakirə olunmağa başlandı. Bəziləri bunu sözügedən qurumda korrupsiya və özbaşınalıq hallarının artması ilə əlaqələndirsələr də, bir qisim bu iddialarla razılaşmadı. İndi gündəmi zəbt edən məsələ isə gömrükçülərin uzun müddətdir maaşlarını ala bilməməsidir.
İqtisadçı Qubad İbadoğlu Modern.az-a açıqlamasında bildirib ki, komitənin ləğv edilməsi uğurlu seçim deyil: “Gömrük Komitəsinin ləğv olunması təklifini müsbət qarşılamıram, ölkəmizin gömrük sərhədlərinin qorunması üçün belə bir xidmətə ehtiyac var”.Onun sözlərinə görə, gömrük idarəetmə sistemində islahatlar aparılması vacibdir: “Gömrük idarəetmə sistemində şəffaflığın və hesabatlılığın artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və gömrük işçiləri ilə sahibkarın təmasının minimuma endirilməsinə nail olmaq üçün islahatlar aparmaq lazımdır.
Bundan əvvəl isə gömrük işçilərinin rəsmi əmək haqlarını artırmaq vacibdir.
Qubad İbadoğlu Gömrük Komitəsində idxal məhsullarına qoyulan qiymətlərin həddindən artıq şişirdilməsini korrupsiya ilə əlaqələndirib:
“Düşünürəm ki, Gömrük Komitəsində məhsulların həddindən artıq şişirdilməsini korrupsiya şəbəkəsi ilə əlaqələndirmək daha düzgündür. İkinci səbəb isə monopoliyanı himayə edənlər tərəfindən bazara giriş baryerlərinin yaradılmasıdır”.
Gülşən RAUFQIZI