Modern.az

On altı mərtəbəli binanın on yeddinci mərtəbəsindəki redaksiyadan reportaj...

On altı mərtəbəli binanın on yeddinci mərtəbəsindəki  redaksiyadan reportaj...

17 Sentyabr 2009, 11:19

«Media forum» saytı ölkəmizdə elektron qəzet versiyasını təqdim edən ilk internet resurslarındandır. Beş ilə yaxındır fəaliyyət göstərən bu saytın öz dəsti-xətti, oxucu auditoriyası var. Buna görə də hazırlayacağım reportaj üçün növbəti ünvan kimi «Media forum»u seçməyim təsadüf deyil. Yəqin oxucular üçün də maraqlıdır, bu populyar saytın imzası tanınan, amma üzləri (şəkilləri) görünməyən əməkdaşları kimlərdir? Ötən dəfə «Şərq»lə «Yeni Azərbaycan»dan yazdığım yazılardakı bəzi məqamlar həmin nəşrlərdə çalışan bir sıra həmkarlarımı qıcıqlandırmışdı. İnanmıram ki, bu dəfə qələmə aldığım yarı ciddi, yarı zarafat reportaj «Media forum»dakıları incitsin. Axı mən gördüklərim və eşitdiklərimdən artıq bir şey yazmıram.

Onlar bütün Bakıya “ovucun içi” kimi baxırlar  

Telefonda «Media forum» saytının baş redaktoru Azər Qaraçənliyə onlara qonaq gəlmək istədiyimi deyəndə, söylədi ki, səhər saat 10.00-da redaksiyada olarsan. Əksər redaksiyalardakı kimi, «Media forum»da da iş saat 10.00-da başlayırmış. Ünvanı yaxşı tanımadığımdan əvvəlcədən saytın əməkdaşı  Ülkər xanımla sözləşib görüşməyi qərara aldıq ki, mənə yolu göstərməkdə o, bələdçilik etsin. Həsən bəy Zərdabi prospektindəki göydələnin qarşısında Ülkər «çatdıq» dedi. Fikirləşdim yəqin redaksiyaları bu çoxmərtəbəli binanın ikinci, üçüncü uzaqbaşı beşinci mərtəbəsində yerləşər. Amma liftin qapıları bağlananda həmkarımdan öyrəndim ki, əşşi yox ee, nə dördüncü-beşinci, 17-ci mərtəbəyə qalxırıq. Elə ağlıma ilk bu fikir gəldi ki, yəqin 16 mərtəbəli binanın 17-ci qatındakı redaksiyanı bunlara amerikanlar tapmış olar. Axı «Media forumu» ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu maliyyələşdirir. Amerikalılar da ki, 50, 60, yox eee, 100 mərtəbəli göydələnlərdə işləməyə öyrəşmiş adamlardı. Yəqin okeanın o tayından gələnlər bu 17 mərtəbəli binanı da Bakının göydələni hesab ediblər. Amma yuxarıya qalxdıqca ağlıma gələn təkcə «Media forum»un redaksiyasının yeri barədəki fikirlər deyildi, həm də düşünürdüm ki, Allah eləməmiş birdən mindiyimiz bu şaquli nəqliyyat vasitəsi yarıda xarab olub dayanaaar... Mən də ki, liftdə qalmaqdan yaman qorxuram. Doğrusu, ilk dəfəydi belə hündür binaya qalxırdım. Rəhmətliyin nəvələri, elə bil işləməyə yer qəhətdi....

Mətbəxdən başlayan tanışlıq

Axır ki, lift 16-cı mərtəbədə dayandı. Biz də düşüb hələ bir mərtəbə də yuxarı qalxdıq. Bu da göyün «on yeddinci qatındakı» redaksiya. İçəri daxil oluruq. Geniş, rahat, səliqəli, otaqlarının sayı çox olan bir ofisdəyəm. Ürəyimdə həmkarlarıma «bəxtəvərlər» demək istəyirdim ki, bələdçim Ülkər məni qabaqlayıb söylədi ki, bəs bu otaqlardan yalnız ikisi «Media forum»a məxsusdur, qalanlar saytın partnyoru İnternyus-Azərbaycan İctimai Birliyinindir. Başqa redaksiyalardan fərqli olaraq «Media forum»da ilk dəvət edildiyim otaq mətbəx oldu. Bu dəvət həmkarlarımın qonaqpərvərliyinin bir göstəricisi idi. Mətbəxdə hamının «Mulya xala» çağırdığı xadimə Mülayim xanımla tanış oldum. Xəbərçilik olmasın, elə ilk tanışlıqdaca xala «Media Forum»da işləyən həmkarlarımın paxırını açdı: «Bu uşaqlar təmizkar deyillər».

Saat 11-in yarısı olanda baş redaktor Azər Qaraçənli gəlib çıxdı. Beş dəqiqə sonra isə redaksiyanın yaradıcı heyəti mətbəxdə açılmış çay süfrəsi arxasında planlaşdırmaya toplandı. Yadımdan çıxmamış onu da qeyd edim ki, hələ planlaşdırmadan əvvəl saytın rus dilli bölməsinin redaktoru İsmayıl İsmayılov müxbirlərə xəbərdarlıq elədi ki, baxın haaa, işinizi möhkəm tutub redaksiyanın sirlərini çox da açıb-ağartmayın, gedib yazacaq. Planlaşdırmada 8 əməkdaş iştirak edirdi. Əvvəlcə hamının başı çay içə-içə gündəlik qəzetləri oxumağa qarışdı. Bu müddətdə «Media forum»un əməkdaşları qəzetlərin saytın materiallarına istinad edib-etmədiyini də diqqətə alırdı. Sonra  qəzetlərdən çıxarılan və əməkdaşların özləri təklif etdikləri  mövzular müzakirə olundu. Axırda da hər kəs ona verilən tapşırığı özü üçün qeyd etdi. Planlaşdırmada hamıdan fəal Aynur İmanovaydı. Bayaq uşaqlara xəbərdarlıq eləyən İsmayıl müəllimin seçdiyi mövzuları bəyənən olmadı. Çay süfrəsi arxasında keçən planlaşdırma boyu baş redaktorun müavini Hikmət Sabiroğlunun yorğun görünməsi diqqətimdən yayınmadı. Elə bil gözündən yuxu tökülürdü. Ola bilər ki, gecəyaryadək oturub Çempionlar liqasının «Beşiktaş»la «Mançester Yunayted» arasında keçirilən oyununa baxıbmış. Deyilənə görə yaman futbol həvəskarıdı. Amma  oynamağa yox haa, baxmağa...

Az işçilərin çox məhsuldarlığı  

Saat 12-nin yarısında planlaşdırma başa çatdı. Hamı iş başına keçəndən sonra Azər Qaraçənli ilə söhbətləşmək imkanına nail oldum. Baş redaktor pəncərəyə yaxınlaşıb dedi ki, əvvəllər aşağı baxanda qorxurmuş, amma indi qorxmur. Həqiqətən də qorxmağın yeri vardı, buna görə də pəncərədən aşağı baxmadım ki, birdən başım gicəllənər. Azər Qaraçənli ilə söhbətimizə saytın yaranma tarixindən başladıq. Baş redaktor dedi ki, beş ildir fəaliyyət göstərən «Media forum» layihəsini ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu maliyyələşdirir: “Hər dəfə bizə maliyyə vəsaiti 1 illiyə ayrılır. Hansısa mərhələdə maliyyə ayrılmazsa, sayt onda öz fəaliyyətini dayandıracaq. Çünki bizim başqa gəlir mənbəyimiz yoxdur». Azər Qaraçənli Azərbaycanda internet jurnalistikasını mətbuatın inkişaf etməkdə olan əsas sahəsi sayır. Onun sözlərinə görə, «Media forum» da bu inkişafa öz töfhəsini verib. Baş redaktorun fikrincə, saytın fəaliyyəti dövründə ən yaddaqalan hadisə 2005-ci il dekabrın 6-da baş verib. Həmin gün texniki qəza nəticəsində saytın bir illik fəaliyyəti dövründə formalaşmış bütün arxiv materialları izsiz-tozsuz itib: «Arabir saytımıza hakerlərin hücumları da olur, amma onları dəf edə bilirik». Redaksiyanın yaradıcı heyətindən söz salanda, müsahibimiz dedi ki, əməkdaşların hamısı müstəqillik dövrünün jurnalistikasında yetişmiş qələm sahibləridir: «Bizim kollektiv elə də böyük deyil. İşdə adamın sayı nə qədər az olarsa, məhsuldarlıq daha çox olar. Redaksiyamız yığcam kollektivdən ibarət olduğuna görə həmişə məhsuldarlıq çox olub». Baş redaktor dedi ki, «Media forum»da ən fəal işçi elə onun özüdür. Deməsinə görə, iş arasında imkan tapıb azacıq dincəlməyin, aradabir müavini Hikmət Sabiroğlu ilə zarafatlaşmağın onun fəal çalışmasına elə bir mənfi təsiri olmur. 

“Qarabağ söhbətləri”nin davamı olacaq? 

Azər Qaraçənlinin hərdən «qaqa» deyə çağırdığı baş redaktor müavini Hikmət Sabiroğlu ilə də söhbətimiz pis alınmadı: “İqtisadi və siyasi yönümdən azad olmayan Azərbaycan mətbuatı ağır günlərini yaşayır. Bu çətinliklərə baxmayaraq biz peşəmizlə məşğuluq». Hikmət bəyin sözlərinə görə, Azərbaycanda nə qıtlığı olsa da, mövzu qıtlığı yoxdu. Yaxşı belə düşünürsünüzsə, niyə son vaxtlar heç nə yazmırsınız? «Mən ümumiyyətlə çox yazan jurnalist deyiləm. Axır zamanlar da yazmağa heç həvəs yoxdu, həm də vaxt tapmaq olmur»-deyən H.Sabiroğlu jurnalistikadan yaman yorulub: «Bəlkə də əlimdən başqa iş gəlsəydi, bu sahədən çıxıb gedərdim. Bəzən yorulub bezdiyim vaxtlarda getmək istəmişəm, ancaq sonra hiss eləmişəm ki,  jurnalistikadan ayrı qala bilməyəcəm. Artıq mənim üçün bu sahədən uzaqda qalmaq çox çətindi». Hikmət Sabiroğlu uzun illər ürəyində gəzdirdiyi söhbətləri (“Qarabağ söhbətləri”) nəhayət 2006-cı ildə çap etdirməsindən də danışdı. Onu da dedi ki, «Qarabağ söhbətləri»ni bundan sonra davam etdirəcəyinə söz verə bilməz.

“Təxribatçı” redaktor və digər əməkdaşlar  

Növbəti həmsöhbətim saytın rus dilində xəbər hazırlayan bölməsinin müxbiri Səidə Hüseynova oldu. O, həm də «Media forum»da Azərbaycan dilində sosial yazılarla da çıxış edir. Deyir ki, redaksiyada hər şey onunçün normaldı. Qeyri-normal olan isə həmkarımızın maaşının 300 manat olmasıdır. Redaksiyanın ən gənc, şən və üzügülər əməkdaşı Ülkər Bəkirli rəhbərlik tərəfindən bircə dəfə tərifləndiyini söylədi. Boynuna aldı ki, bəzən işləməyə tənbəllik eləyir. Ülkər işlədiyi müddətdə bir dəfə müsahibinin adını səhv yazdığına görə Hikmət Sabiroğlunun onu bərk danlamasını hələ də unuda bilmir.

İran və Cənubi Azərbaycan barədə materialların tərcüməsi ilə məşğul olan və üç ildir «Media forum»da çalışan Atilla Maralanlı hamı ilə yola gedir, bircə xadimə Mülayim xaladan başqa. «Mulya xala» ilə dil tapa bilməməyini özünə dərd edən Atilla aradakı sərinliyin səbəbi barədə danışmaq istəmədi.

«Media forum»un rus dilli bölməsinin redaktoru, əməkdaşların dediyinə görə, redaksiyada həmişə qalmaqal yaradan, ortalığa təxribatçı mövzular atan İsmayıl İsmayılovla da söhbətləşmək növbəm çatdı. İsmayıl bəy imkan daxilində həm özünü təriflədi, həm də xaricə etdiyi səfərlərdən danışdı: «Bütün texniki işlərə mən baxıram. Yazılarım həm Azərbaycan, həm də rus bölməsində gedir. Məncə rus dilli oxucunun maraq dairəsi daha genişdir... ...Amerikadakı sonuncu prezident seçkisindən hazırladığım reportajla tanış olmaq istəsəniz “Google» axtarış sisteminə daxil olun». İsmayıl İsmayılov çap mətbuatının səviyyəsindən yaman narazıymış. Deyir ki, qəzetlərin zəif çıxmasının səbəbini hələ ona əsaslandırılmış şəkildə yaxşı izah edən olmayıb.  Aynur İmanova saytın «uzaqvuran top»larındandır. Vaxtilə «Yeni Müsavat», «Üç nöqtə» qəzetlərində imzası görünən bu xanım 2006-cı ildən «Media forum» ailəsinin üzvüdür. Aynurun saytda dərc olunan bir neçə yazısı müsabiqələrdə mükafata layiq yer tutub və buna görə diplomlar alıb. Həmkarımın indiyədək həm maraqlı müsahibləri çox olub, həm də maraqsız həmsöhbəti: “Ən maraqsız müsahibim Belçikadan redaksiyamıza gələn bir azərbaycanlı olmuşdu. Müsahibəni şənbə günü almışdım. Həmin gün istirahət günümüz olduğundan müsahibə də maraqsız alındı. Üstəlik istirahətimi pozduğuna görə də ona bərk əsəbləşmişdim».

Bu ilin martından «Media forum»da işləyən Nailə Yaqublunun təqdimata əlavə ehtiyacı yoxdur. Mətbuatda  «Alya» imzası ona məxsusdur: “Bu redaksiyada qeyri-avtoritar iş rejimi var. Mən tez inciyib-küsən olsam da, xətrimə dəysələr də, bunu heç vaxt davaya çevirmirəm. Hamı ilə dil tapmağa çalışıram”. Nailə xanım layihə üzərində işlədiyinə görə başqa mövzulara vaxt ayıra bilmədiyini də qeyd etdi.

Hərdənbir redaktorların basqısına məruz qaldığını deyən dizayner Orxan Budaqovun işi onunçün çox asandı: “Əvəllər bu işi özləri görürdülər, sonra mənə həvalə etdilər. Mən də işimin öhdəsindən yetərincə gəlirəm”.

Bir əlində iki qapız tutmağa çalışan Orxan Həsənov isə redaksiyaya praktikaya gəlir. O həm jurnalist, həm də dizayner olmaq fikrindədi. Nə deyirik, ugur olsun!

Siyasi şərhçi Elxan Şahinoğlu ancaq yazıları olanda «Media forum»un redaksiyasına gəlir. Görünür bu günə yazısı yox imiş, ona görə də gəlməmişdi. Redaksiyanın daha bir təcrübəli müxbiri Könül Şamilqızını da görə bilmədim. Dedilər ki, üç gündür xəstələnib işə gələ bilmir. Adını eşitdiyim, üzünü görmədiyim müxbir İmdad Əlizadə də tədbirdə olduğundan tanışlığımız baş tutmadı.

«Media forum»da ənənələr var  

«Media forum»un kollektivi doğrudan mehriban imiş. Nə qədər cəhd etsəm də onlardan bir-birləri barədə hər hansı «kompromat» öyrənə bilmədim. Ya da bəlkə İsmayıl İsmayılovun planlaşdırmadan öncəki xəbərdarlığı öz işini görmüşdü. Redaksiyanın bəzi ənənələri var ki, ona həmişə əməl edirlər. Məsələn əməkdaşlardan kiminsə ad günü, yaxud hər hansı əlamətdar bayram olanda bunu hamılıqla mətbəxdə qeyd edirlər. Bu gün də belə bir hadisənin şahidi oldum. Nahar fasiləsi ərəfəsində «İnternyus»un mühasibi Mübariz Diniyev oğlunun bu il ali məktəbə qəbul olunması münasibətilə tort qonaqlığı təşkil etdi. Bu qonaqlıqda iştirak etdikdən sonra göyün «on yeddinci qatındakı» həmkarlarımla xudahafizləşib öz redaksiyamıza qayıtdım….

 

 

"Media forum"çuların göydələni

 

"Biz mehriban ailəyik"

 

 

"Baxaq görək bu gün qəzetlər nədən yazıb..."

  

Azər Qaraçənli  hazır yazılardan hansının birinci yerləşdirilməsini müəyyənləşdirir

      

"Görən bu gecə "İnter" udacaq, yoxsa "Barselona" ?..."

   

Saytın həm Azərbaycan, həm də rus dilində yazan əməkdaşı Səidə xanım

   

Redaksiyanın gülərüz əməkdaşı Ülkər Bəkirli

    

"Təxribatçı" mövzuların müəllifi

   

Atilla İran barədə yeni xəbər tapıb

 

   

"Media forum"un diplomlu müxbiri Aynur İmanova

     

Nailə Yaqublu layihə barədə fikirləşir

    

Dizayner Orxan Budaqov

     

O, həm dizayner olmaq istəyir, həm də müxbir

   

Tort qonaqlığında

Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır