Cəlaləddin Qasımov
Əvvəli burada
Mən dedim:
- Dördüncü görüşdə səni telefon nömrəni yığanda tanıdim. Sən evinizə zəng vuranda nömrəni görüb tanıdım, amma sən məni görmədin axı.
Lena:
- Düzdür, onda səni görmədim. Verdiyin konfeti alıb səndən ayrılandan sonra sənin “Rusiya” kinoteatrının afişasına diqqətlə baxıb getdiyini gördüm. Sən fikirli gedirdin. Səndən sonra mən də afişaya baxdım. Evə gəlib konfetləri göstərdim, səndən danışdım. Elə bu anda anam dedi ki, biz çoxdandı kinoteatra getmirik, görəsən nə filmi var? Atam dedi: “Mən də kinoteatra getmək istəyirəm”.
Onlara dedim ki, bu gün Fransa filmi var. Axşama atam, anam və qardaşım hazırlaşdı. Atam dedi ki, biz indiyə kimi ailəliklə kinoya getməmişik. Anam mənə də hazırlaşmağımı tapşırdı. Mən də hazırlaşdım və biz ailəlklə kinoteatra gəldik. Kinonun ən maraqlı yerində yatmışdım. Yuxumda gördüm ki, sənə bir konfet verirəm. Kinonun axırında yuxudan ayıldım. Kino qurtarmışdı. İşıqlar yandı və mən bir anda ayağa qalxdım. Elə həmin vaxt səni gördüm. Yuxudan ayılmağımla, işıqların yanması və səni gözümün qabağında görməyim bir anda baş verdi. Elə bilirdim ki, hələ yuxudayam, ayılmamışam. Amma sən də məni görməmişdin. Necə oldu ki, biz bir-birimizlə bir kinoteatrda yanbayan sırada oturmuşduq. Anama danışanda o, mənə dedi: “Bu təsadüf deyil, bu sizi birləşdirən, görüşdürən qüvvədir, amma siz bu barədə fikirləşməyin. Sən birinci kursdasan, dərslərinlə məşğul ol, mənə demədən onunla gorüşə getmə. Ümumiyyətlə, görüşə getməyə icazə vermirəm”. Mən ilk dəfədir ki, anama demədən, onun icazəsi olmadan, ondan xəbərsiz evdən çıxıram.
Biz Puşkin metrosunun yaxınlığında yerləşən “Rusiya” kinoteatrı ilə üzbəüz skamyada oturaraq, söhbət etdik. Lenaya dedim:
- Bilmək istəyirəm, sən kimsən, mənim barəmdə söylədiyin məlumatları haradan öyrənmisən?
- Bilirsən, bu barədə axşam evə gedəndə zəng vurub deyəcəm. Amma indi özüm haqqında danışacam. Səndən beş ay kiçiyəm. İyunun on birində Moskvada anadan olmuşam. Lomonosov adına MQU-da Şərqşünaslıq fakültəsində oxuyuram. Qardaşım onuncu sinifdə oxuyur. Atam rejissordu, anam MQU-da dərs deyir. Əmilərim və dayılarım hüquqşünasdır.
Biz ilk görüşdə bir-birimizi çoxdan tanıyırmışıq kimi Teverskoy küçəsi ilə birgə addımladıq. Sonra “Puşkin” metrostansiyasının yaxınlığı ilə yuxarı qalxdıq. Oradan isə “köhnə Bakı” restoranına gəlib orada yemək yedik. Söhbət zamanı Lena məndən soruşdu:
- Kinoteatrdan çıxanda arxamızca gəlib bizim evimizin ünvanını öyrəndinmi?
- Yox, çünki mənə demişdin ki, belə eləmə. Həm də sən arxaya baxmadınmı ki, dalınca gəlib-gəlmədiyimi dəqiqləşdirəsən?
- Xeyr, elə bilirdim ki, hələ də yuxudayam. Ona görə dönüb bir dəfə də olsa, arxaya baxmadım, amma səni metronun yaxınlığına gələnə kimi gördüm. Mənimlə yanbayan gedirdin, anam da sənə baxırdı. Dayının da sənə görə narahat olduğunu gördüm. Atamın mənə verdiyi sualları dayın da sənə verirdi. Bəs sən nə cavab verirdin?
- Mən də dayıma sən dediyin kimi cavab verdim. Çünki sənin valideynlərinə verdiyin cavabı eşıdirdim. Dayıma dedim ki, yatmışdım, yuxudan oyananda qorxmuşam. Əslində ikimizə də nəsə olmuşdu.
İkimizdə də bir-birimizə qarşı olan münasibətimiz, qarşılıqlı sevgimiz büruzə vermişdi. Hər ikimizdə olan həyəcan indi də davam edirdi. Görüşümüzdən beş saat ötsə də, hələ də həyəcanımız keçməmişdi. Ürəyimin döyüntüsü, əllərimin əsməsi də keçməmişdi. Onun gözlərinə baxanda çoxdandır axtardığım gözləri görürdüm. O, mənə doğma gəlirdi, sanki onun gözlərini, üzünü çoxdan tanıyırdım.
Lena dözməyib dilləndi:
- Təklifini birinci görüdə qəbul etdim, səninlə restorana gəldim, heç fikirləşmədən “hə” dedim. Qorxdum ki, məndən yenə küsərsən. Birinci təsadüfi görüsdə sənə alverçi deyəndə məndən küsmüşdün. Söz verirəm ki, bundan sonra sənin xətrinə dəyməyəcəm. Bizim qarşılıqlı sevgimizə hörmət edəcəm, sadiq olacam, sən də sadiq ol. Məni aldatma, həyatda ilk və son dəfə bir nəfəri sevəcəm. Sənə xətrinə dəyəsi bir söz deməyəcəm ki, məndən küsəsən.
O, əllərimdən tutaraq bərk sıxdı, bir az ara verib sual etdi, - eləmi?
“Bakı” restoranında Azərbaycan mətbəxinin təamlarından yedik, bir az tələbəlik həyatından, dərslərimizdən söhbət etdik. Sonra restorandan çıxaraq Kreml meydanına gəldik. Lena evlərinə zəng vurub anasına kitabxanada olduğunu bildirdi. Anası isə:
- Sən mənə yalan danışırsan. Elə indi tez evə gəlməlisən, - dedi.
Lena anasının təkidindən sonra evlərinə gedəsi oldu. Mən Lenanı evlərinə ötürəndə saat altı tamam olardı. Evlərinin yaxınlığına qədər onunla gəldim və ayrılma məqamında sabah onun oxuduğu instituta gələcəyimi bildirərək dedim:
- Çox maraqlıdır ki, mənim barəmdə hər şeyi bilirsən. Demişdin ki, növbəti görüşdə deyəcəm. Sabah tezdən səni burada qarşılayıb instituta aparacam.
Lena - sabah soruşsan sənin barəndə olan məlumatları haradan öyrəndiyimi deyəcəm, - söylədi və onunla doqquzun yarısında ilk görüşdüyumüz yerdə, Tverskoy küçəsində əsas poçtun yanında görüşüb, oradan da piyada gəzərək Lenanın oxuduğu instituta gedəcəyimiz barədə razılaşdıqdan sonra məndən ayrılıb evlərinə getdi. Mən evə gəldim. Dayım Hafiz evdə məni gözləyirdi:
- Necə oldu komsomol? İclasın necə keçdi?
Təəccüblə dedim:
- Nə iclas?
Hafiz:
- Zəng gəlmişdi evə. Səni soruşdular, dedim ki, evdə yoxdur, kimdir? Dedilər ki, institutun komsomol komitəsindəndir, Cəlal gecikir. “O, komsomola ilk dəfə harada qəbul olubsa, onun ünvanını verin, özü gələnə qədər anketə yazmalıyıq” dedilər. Mən də nə varsa, dedim, sonra söylədilər ki, onun ailəsi barədə də məlumat verin. Mən də nə soruşdularsa, cavab verdim. Sonra dedilər ki, sən kimsən? Dedim ki, dayısıyam, Cəlalı instituta apariıb-gətirirəm. Sonra bəzi suallar da verdilər.
Gülərək dedim:
- Dayı, o, komsomol komitə katibidir.
Bu vaxt zəng gəldi. Dayım telefona cavab vermək istəyərkən mən imkan vermədim. Tez özüm götürdüm. Dayıma dedim ki, rayondan anam zəng vurub, mənimlə maraqlanır, dərslərimdən, yeməyimdən, içməyimdən soruşur. Dayım dedi:
- İndi bacıma deyəcəm ki, sən evə gec gəlirsən.
Mən də telefonu uzaqlaşdıraraq dedim:
- Dayı, mən də deyəcəyəm ki, Hafiz dayım heç mənim institutumun yerini tanımır. Yalandan deyir ki, mən instituta aparıb-gətirirəm.
Hafiz:
- Mən zarafat edirdim, - sakitcə mənə dedi və sonra anamla danışıdı, - hə, vaxtında dərsə gedirik, mən özüm aparıram, dərsdən çıxanda da özüm evə gətirirəm, bütün gün də dərs oxuyur.
Mən atamla, qardaşımla, bacımla danışdım və sonra anama dedim:
- Birinci bağlamanın mən gələnə qədər açmayın, ikinci bağlamanı aça bilərsiniz, qardaşımın ad gününə konfet alıb bağlamanı sabah göndərəcəm.
Səhərə qədər telefonun yanında zəng gözlədim. Səhərisi gün tezdən Tverskaya küçəsində əsas poçtun yanında Lena ilə görüşdüm, onunla piyada bir az gəzərək Puşkin metrostansiyasından üç dayanacaq sonrada yerləşən Lomonosov adına MQU-ya apardım. O, sinfə getdi və mən zəng vurulana qədər onu gözlədim. Tənəffüsdə biz yenidən görüşdük. Beləcə, dərslərinin sonuna qədər onu gözlədim. Dərs qurtardıqdan sonra Lena ilə Puşkin metrostansiyasına gəldik. Şirniyyat mağazasına getdik. Onunla birlikdə iki dəfə növbə tetetb səkkiz kilo konfet-şokolad aldıq. Oradan da əsas poçta gəlib bağlamanı yola saldıq. Lena bağlamanın vərəqini yazdı və özü iki ad günü açıqcası aldı. Birini öz adından, birini də mənim adımdan yazaraq qardaşımın ad gününü təbrik etdi. Bağlamanı yola salandan sonra yenidən Tverskaya küçəsinin əhali çox olan tərəfinə gələrək “Bakı” restoranında yemək yedik. Onun narahat olduğunu gördüm. Anasının onu ciddi nəzarət altında saxladığını söylədi. Lena evlərinə getmək istədiyini bildirərək dedi:
- Anam məndən şübhələnibdir. Sənə olan sevgim məni anama yalan danışmağa məcbur edir.
Sabah həmin yerdə onu gözləyəcəyimi və onunla instituta gedəcəyimi razılaşdırdıqdan sonra onu evlərinə qədər ötürdüm.
Hər gün mən onu dərsə aparırdım və beləcə hər şey təkrar olurdu. Oxuduğum instituta isə getmirdim. Lena bu barədə soruşanda ki, mənim instituta getməməyindən narahatdır, onda dedim:
- Lena, mənim institutum sənsən, burada sənin yanıdadır. Heç evdə də dayana bilmirəm.
Beləcə, dərslərimə getmirdim. Bütün gün MQU-un həyətində, metro ilə universitetin arasında olurdum. Arada Lena da dərsdən tez çıxırdı, mənimlə şəhərdə gəzirdi. Lakin arabir olurdu ki, öz oxuduğum instituta gedirdim. İki aya yaxın vaxt idi ki, mənə qayıblar yazılırdı. Həmin gün mənə sonuncu xəbərdarlıq edildi. Amma mən axırıncı xəbərdarlığa da fikir vermədim. Xəyalım da, ürəyim də, ancaq Lenanın yanında idi.
Bir gün yenə səhər tezdən həmişəki yerdə Lenanı gözləyirdim ki, dərsə gedək. Bu zaman tanımadığım bir nəfər yaxınlaşıb adının Anastasiya və Lenanın anası olduğunu bildirdikdən sonra dedi:
- Lena bu gün dərsə getməyəcək. Gəldim ki, sənə deyəm ki, Lenadan əl çəkməlisən, yoxsa sənə baha başa gələcək.
Dedim:
- Lenanın yolunda hər şeyə hazıram. Heç nədən qorxmuram.
Lenanın anası Anastasiya dedi:
- Bax, mən gəlmişəm sənə bildirəm. Bu barədə Lenanın atası bilmir. Əgər o, xəbər tutsa, səninlə belə söhbət etməyəcək. Hələ əmisi bilsə, səni institutdan da qovacaqlar, eyni zamanda iyirmi dörd saat ərzində Moskvanı tərk edəcəksən. Səni deportasiya edəcəklər və bir də Moskvaya buraxılmayacaqsan.
Mən onun dediklərini göz altına alaraq dedim:
- Məni institutdan qovdura bilərsiniz. Amma mən Moskvadan Lenasız getməyəcəm.
Anastasiya:
- Sən onsuz da institutdan qovulmaq üzrəsən. Fikirləş, hələ ki mən istəyirəm səni başa salım.
Özümü o yerə qoymayıb dedim:
- Mən Lenanı sevirəm. Heç bir qüvvə bizi ayıra bilməyəcək.
Anastasiya:
- Onda gəl belə danışaq. Lenanı onsuz da daha görməyəcəksən. Onu maşın aparıb-gətirəcək. Sən də başla dərslərini oxumağa, çünki institutdan qovulmaq üzrəsən, Lena da dərsləri ilə məşğul olsun. İnstitutu bitirin, əgər bir-birinizə qarşı sevginiz qalsa, evlənməyinizə mən razıyam. Həm də Lenadan da şikayət var ki, dərslərini oxumur, geri qalır, dərsləri buraxır.
Mən dedim:
- Lenasız bir gün də ayrı dura bilmirəm. Mən bu gün də Lenanı görəcəm, onu görməsəm dəli olaram. Sizə yalan demirəm, mən Lenanı sevirəm, xahiş edirəm, bizi ayırma.
Anastasiya:
- Məni başa düşmədinsə, nə Lenanı görəcəksən, nə də ki, Moskvanı, - deyib getdi.
Tez Lenanın oxuduğu instituta gəldim. O, məni görən kimi, dərsdən çıxıb mənə ciddi sözü olduğunu dedi:
- Bir müddət görüşməyək, anam bilir, atam və əmilərim də bilsə, sənə pislik edəcəklər.
Lenaya dedim:
- Səndən ayrı dura bilmirəm. Heç nədən də qorxmuram. Bircə qorxduğum Moskvadan deportasiya etməkləridir. Bilmək istəyirəm, sən mənimləsənmi? Mənimlə Azərbaycana gedəcəksənmi?
Lena:
- Bəs səni institutdan qovsalar?
Dedim:
- Mən Bakıda oxuyaram. Sən yanımda olanda isə heç kimdən, heç nədən qorxmuram. Bircə səndən ayrılmaqdan qorxuram. Məndən bunu nə heç kim istəyə, nə də məndən ala bilər. Əgər sən mənimlə birlikdə olsan bizə heç kim qalib gələ bilməyəcək.
Lena da mənsiz yaşaya bilmədiyini, mənimlə birlikdə axıra qədər mübarizə edəcəyini bildirdi.
Səhərsi günü Lena ilə dərsə gedəndə mənə dedi:
Ardı var...