Modern.az

Birinci Türkoloji Qurultaya qədər və ondan sonrakı dövr: Cəlil Məmmədquluzadə

Birinci Türkoloji Qurultaya qədər və ondan sonrakı dövr: Cəlil Məmmədquluzadə

Ədəbi̇yyat

10 May 2016, 09:39

filologiya üzrə elmlər doktoru, professor

I yazı

“Yeni Əlifba Komitəsi”nin 1924-cü ildə yaratdığı heyətdə Cəlil Məmmədquluzadə də vardı. 1924-cü il sentyabr ayının 7-də heyət Bakıdan Krım-Türküstan ellərinə səfər edir. Bəli, iri bədənli, hündür boylu, dolğun vücudlu Cəlil Məmmədquluzadə bu heyətə təsadüfi olaraq düşməmişdir. O, ərəb əlifbasının fənalığını bir həqiqət kimi qəbul edən yazıçı-publisist, ədib və redaktor idi. Eyni zamanda bu səfərə qədər 25 illik redaktorluq təcrübəsi olmaqla dil, əlifba, yazı, mədəniyyət və s. məsələlərlə müntəzəm məşğul olmuş, millətin tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir. “Sizi deyib gəlmişəm” deyən Cəlil Məmmədquluzadə öz müsəlman-türk qardaş və bacılarını ana dilində danışmağa dəvət etmiş, qulağını bağlayanların qulağına həqiqəti söyləmiş, gözünü yumanların gözünü açmaq istəmişdir. “Molla Nəsrəddin” jurnalına gülənləri şaqraq gülüşləri ilə ayıltmış, sözün həqiqi mənasında tərbiyə etmişdir. Cəlil Məmmədquluzadə müsəlman-türk dünyasına “Molla Nəsrəddin” jurnalı vasitəsilə “Sizi deyib gəlmişəm” demişdir. Cəlil Məmmədquluzadəyə qədər müsəlman-türk aləminə bu cür aydın, səlis, məntiqli, mənalı, düşündürücü söz deyən olmamışdır. O, “Sizi deyib gəlmişəm” deyirdi və bunun açıqlamasını da bəyan edirdi: “Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza.

Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:

Bala, ağlama, xortdan gələr, səni aparar! – Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.


Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!” (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə, II cild. Bakı, “Öndər nəşriyyat”, 2004, s.4) Məhz müsəlman-türk  dünyasının ağrı və acısını Cəlil Məmmədquluzadə daha dərindən duyurdu və bilirdi. O, türk-müsəlman dünyasının nə ilə nəfəs aldığını da heç kəsin bilmədiyindən qat-qat artıq bilirdi və görürdü. Axı o müsəlman dünyasını yazdığı “Lisan bəlası” ilə ayıltmaq istəyirdi:

Ey dil, dəxi dinmə və sükut et, səni tarı,
                                  Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı, 
                                    Mal ol danışma!

Axı o, müsəlman-türk-tatar xalqlarının problemlərinə biganə qalmırdı. Müsəlman-türk-tatar xalqlarının hər birini düşündürmək istəyirdi. Onların hər birinə bir ziyalı kimi canı yanırdı. O, “Ana dili” felyetonunda dediyindən artıq nə deməliydi?! “Ana dili” felyetonunda yazırdı: “Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.

Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:

“Persiyada camaat şaxdan nedavolnudur”, yəni istəyir desin ki, “İranda camaat şahdan narazıdır”.

Yazıq bizim dilimiz: Qafqaz ədiblərimiz “ana” əvəzinə “madər” yazırlar, tatar qəzetçilərimiz də “İranı” “Persiya” yazırlar.

Və bunların adını da qoyurlar “ana dili”. Yazıq analarımız nə “madər” eşidiblər, nə də “Persiya”. Bəli...” (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. II cild. Bakı, “Öndər nəşriyyat”, 2004, s.263) Cəlil Məmmədquluzadə daha bundan artıq nə deməliydi?! O, ana dilinin taleyi ilə bağlı təkcə düşünmürdü, həm də düşündürürdü. Məhz belə bir ədibin, publisistin, ziyalının “Yeni Əlifba Komitəsi”nin yaratdığı heyətin tərkibində Krım-Türküstan ellərinə səfər etməsini bir tələbat, ehtiyac kimi başa düşmək lazımdır. Həm də “Yeni Əlifba Komitəsi”nin müsəlman-türk dünyasının problemlərini bilən bir ədibə, publisistə, redaktora, ziyalıya olan ehtiyacı kimi dəyərləndirməliyik. Doğrudan da, “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərində həll edəcəyi məsələləri (xüsusilə latın qrafikalı yeni əlifba məsələsini) Cəlil Məmmədquluzadə qədər dərindən bilən və onun praktik həlli istiqamətində iş görə bilən, fəallıq göstərən şəxslər çox azıydı. Özü də təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqında və onun ayrı-ayrı türk cümhuriyyətlərində Cəlil Məmmədquluzadə düşüncəsində olanlar azlıq təşkil edirdi. Bu, bir tərəfdən Cəlil Məmmədquluzadənin canından və qanından irəli gəlirdi, ikinci bir tərəfdən isə onun elmə, təhsilə, mədəniyyətə və tərəqqiyə bağlılığından qaynaqlanırdı. Axı Cəlil Məmmədquluzadə Qori seminariyasını bitirmişdi. Bu seminariya isə onun inkişafında böyük rol oynamışdı. Həmidə xanım Cavanşir xatirələrində yazırdı: “Qori seminasiyası Mirzə Cəlilə müsbət təsir göstərmişdir. O, seminariyanın direktoru Çernyayevskini və onun zövcəsini çox sevir, onlarla tez-tez görüşür, hətta şəkillərini belə özündə saxlayırdı. Çernyayevski də tələbələrə qarşı çox qayğıkeş, xoşrəftar imiş, onların təhsili ilə yanaşı, şəxsi problemlərinə də fikir verər, yaxından kömək göstərərmiş.

Qori Seminariyası təkcə təhsil deyil, həm də mədəniyyət mərkəzi idi. Burada müəllim və tələbələr teatr səhnələşdirir, tamaşalar göstərirmiş. Mirzə Cəlil bu kimi tədbirlərdə çox yaxından iştirak edər, hətta qadın rolları da oynayarmış. O, təbiətən şux, istiqanlı imiş, dərslərini də yaxşı oxuyarmış”. (Həmidə xanım Cavanşir. Xatirələrim. İkinci nəşr. Bakı, “Apostroff” MMC, 2012, s.83) Deməli, Qori Seminariyası təhsil, mədəniyyət mərkəzi olmaqla Cəlil Məmmədquluzadənin formalaşmasında çox dəyərli bir mühit olmuşdur. Bu mühitdən başqa, Cəlil Məmmədquluzadənin öz canında və qanında, yəni təbiətində oxumağa, təhsilə hədsiz məhəbbət, istək varmış. Bu barədə yenə də Həmidə xanım Cavanşirin xatirələrində oxuyuruq: “Valideynlər (Cəlil Məmmədquluzadənin valideynləri nəzərdə tutulur – B.X.) güman etmişlər ki, o, böyük alim olacaq, ona görə də bütün ailə onu “mirzə” deyə çağırmışdı. Hələ 7-8 yaşlarından atası Cəlili türk məktəbinə–mədrəsəyə vermişdi. Mirzə Cəlil əvvəlcə Molla Bağırın yanında oxumuş, daha sonra  3-4 il müddətində təhsilini Naxçıvanda Molla Əlinin mədrəsəsində davam etdirmişdi”. (Həmidə xanım Cavanşir. Xatirələrim. İkinci nəşr. Bakı, “Apostroff” MMC, 2012, s.82) Sonra Cəlil Məmmədquluzadə şəhər rus məktəbində 4 ilə yaxın oxuyur. Onun ata-anası dindar adamlar olsalar da, uşaqlarını namaz qılmağa, oruc tutmağa məcbur etsələr də, Cəlillə hesablaşmış, ona zor etməmişlər. Yəni Cəlilin canında və qanında təhsilə olan maraq hər şeyi üstələmişdir. Və həmin maraq onu Qori Seminariyasına gətirmiş və sonralar Cəlil Məmmədquluzadə kimi şöhrətləndirmişdir. Həmidə xanım Cəlilin qardaşı Mirzə Ələkbərin onun (Cəlilin) Qori Seminariyasına oxumağa getməsi ilə bağlı bir əhvalatı danışdığını da qeyd edir: “Cəlilin 12-14 yaşı olardı. Bir gün valideynlərimizə dedi ki, məni Qoriyə oxumağa göndərin. Onlar razılaşmadı. Cəlil də əvəzində əlinə yekə bir çubuq alıb ləmədə səliqə ilə düzülmüş qab-qacağı vurub sındırmağa başladı. Valideynlərimiz onun özündən çıxdığını görüb qorxdular və ona heç bir söz demədən çəkilib getdilər. Uşaqlar da qorxularından qaçıb haradasa gizlənmişdilər. Cəlil meydanda tək qaldı. O, hamıya qalib gəlmişdi. Bundan sonra evdə qərar verdilər ki, onu Qori Seminariyasına oxumağa göndərsinlər”. (Həmidə xanım Cavanşir. Xatirələrim. İkinci nəşr. Bakı, “Apostroff” MMC, 2012, s.82-83) Deməli, Cəlilin təhsilə olan marağı onu yüksək səviyyəli bir ziyalı kimi formalaşdırdı. Belə bir ziyalıya “Yeni Əlifba Komitəsi”nin ehtiyacı da məhz Cəlil Məmmədquluzadənin təhsili, biliyi, dünyagörüşü, mədəniyyəti və s. ilə bağlı oldu. Cəlil Məmmədquluzadə kamilliyi elə bir zirvəyə yüksəldi ki, o, millətin taleyi ilə bağlı bütün problemləri gündəmə gətirdi. Dil, əlifba məsələsinə gəldikdə isə Cəlil Məmmədquluzadə kimi bu məsələni tutarlı və dəqiq şərh edən yox idi. Bu problemi başqalarından fərqli olaraq Cəlil Məmmədquluzadə kütlənin başa düşəcəyi bir səviyyədə anlatmağa çalışırdı. Cəlil Məmmədquluzadə üslubu hamının başa düşəcəyi bir üslub idi. Ona görə də əlifbanı dəyişmək və əlifba islahatını aparmaq istəyində olanlardan fərqli olaraq Cəlil Məmmədquluzadənin mövqeyi, fikri kütləyə daha tez çatırdı. Onun anlaşıqlı və asan üslubu ilə kütləni daha tez ayıltmaq olurdu. Dil, əlifba ilə bağlı yazdığı felyetonlarda onun aydın və asan üslubu ilə nə dediyini başa düşməmək mümkün deyildir. 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında “Dil” adlı felyetonunda yazırdı: “Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm”. Hətta müsəlman yazıçılarından bir dostunun ona həmişə türk dilində kağız yazdığını söyləyir. Ancaq iki həftə qabaq həmin dostundan aldığı kağızın rusca yazıldığını görür. O, dostundan kağızı rusca yazdığının səbəbini soruşanda dostu deyir: “Cənab Molla Nəsrəddin, mən bilirəm ki, şəxs gərək öz dilində danışsın və öz dilində yazsın. Amma mən müsəlman hürufatı ilə yazı-pozu eləməyi dəxi bilməzcə tərgitdim və buna iktifa eləməyib, evladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat (əlifba – B.X.) icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazmasın”. Açıq-aydın Cəlil Məmmədquluzadə əlifba məsələsini gündəmə gətirir və dostunun yeni əlifba icad olmayınca müsəlmanca bir kəlmə də yazmayacağını söyləyir. Müsəlmanların–türklərin ərəb əlifbası ilə yazdığını və onların yeni əlifbaya ehtiyacları olduğunu deyir. Baş vermiş bir hadisəni təsvir etməklə ərəb əlifbasının yaratdığı çətinlikləri adi bir oxucuya belə başa salır. “Anama de ki, Fatmanın oğlu oldu” cümləsinin “Anama de ki, Fatmanın oğlu öldü” şəklində anlaşılmasının səbəbini ərəb əlifbasının yaratdığı çətinliklə bağlayırdı. Həyat hadisələri ilə ərəb əlifbasının yaratdığı çətinlikləri anlatmağa çalışırdı. Bu cür üsulla ərəb əlifbasının yaratdığı çətinlikləri anlatmaq başqa əlifba islahatçıları üçün xarakterik deyildir.

“Dil” felyetonunda oxuyuruq: “Mənim Fatma adında bir bacım var ki, həmişə anamla bir yerdə kəndimizdə olar. Bacımın beş yaşında bir azarlı oğlu var idi, mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həmi bir-iki ay bizə qonaq olsun, həmi də İrəvan həkimləri uşağa müalicə eləsinlər. Anam və bacımın əri İsmayıl bəy qalmışdılar kənddə. Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəylə gəldi İrəvana. Uşağı Russo həkim müalicə eləyirdi. Fatma doğdu və bir oğlu oldu. Bir gün keçəndən sonra poçtda yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər yazdım: “Anama de ki, Fatmanın oğlu oldu”. Kağızı saldım qutuya.

Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam “Fatmanın oğlu öldü”, yəni vəfat elədi; çünki molla bunu bilmirmiş ki, bacım İrəvana gəlib naxoş oğluna müalicə elətdirsin və hamilə olmağını ya bilirmiş, ya xəyalında deyil imiş”. Felyetonda bu xəbərin yaratdığı narahatlıqdan sonra müsəlman hürufatının (əlifbasının) yaratdığı çətinliyin müqabilində deyilir: “Əvvəl mən təəccüb eləyirdim ki, bir az rusca “net-pet” deyən cavanlarımız müsəlmanca basavad ola-ola rus dilində yazı yazır; amma indi dəxi təəccüb eləmirəm”. Bununla da Cəlil Məmmədquluzadə əlifba islahatı məsələsinə xüsusi önəm verdiyini felyetonları vasitəsilə təqdir edirdi.

“Yeni Əlifba Komitəsi”nin əsas məqsədi müsəlman-türk dünyasının vahid əlifba ətrafında birləşməsinə, vahid əlifbadan istifadə etməsinə nail olmaq idi. “Yeni Əlifba Komitəsi” bu birliyi əldə etməyi müsəlman-türk dünyasının inkişafında mühüm amillərdən biri hesab edirdi. Vahid əqidə, məfkurə ətrafında birləşmək Cəlil Məmmədquluzadənin də amalıydı. Ona görə də “Yeni Əlifba Komitəsi”nin mövqeyi ilə Cəlil Məmmədquluzadənin mövqeyi üst-üstə düşürdü. Digər tərəfdən də Cəlil Məmmədquluzadənin mövqeyi “Yeni Əlifba Komitəsi”nin amal və məqsədindən çox-çox qabaq məlum idi. Məsələn, “Yeni Əlifba Komitəsi” yaranandan xeyli qabaq, yəni 1908-ci ildə Cəlil Məmmədquluzadə “Nə eləsin?” felyetonunda yazırdı: “M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eləyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar”. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” sayağı deyirdi ki, “bu birləşməyin bizim müsəlmanlara zərəri var, nəinki nəfi”. O, “Molla Nəsrəddin” sayağı davam edərək yazırdı: “Baş üstə, indi bir saatlığa tutaq ki, xudanəkərdə birləşdilər. Məlum şeydir ki, birləşəndə üç cəmiyyət əvəzinə olacaq bir cəmiyyət. Bir cəmiyyətin də bircə nəfər rəisi olacaq. Demək ki, indiki üç rəisin ikisi yox olacaq, qalacaq biri.

Bəs bu yox olan iki rəislər nə eləsinlər?

Biz Rəsulzadə cənablarını müsəlmanlara xeyirxah tanımışdıq. Amma bir kəsin ki, gecə və gündüz xəyalında bu ola ki, rəislərimizi çoxaltmaqdan azaltsın –buna hər halda biz xeyirxah adı qoya bilmərik”. Əslində Cəlil Məmmədquluzadə M.Ə.Rəsulzadə kimi düşünürdü. Sadəcə olaraq “Molla Nəsrəddin” sayağı deyirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü