Modern.az

Gənc yazarlar Qulu Məhərrəmlinin müdafiəsinə qalxdılar

Gənc yazarlar Qulu Məhərrəmlinin müdafiəsinə qalxdılar

Ədəbi̇yyat

6 İyun 2016, 14:05

Ölkənin bir qrup gənc yazarı tənqidi fikirlərinə görə cinayət təqiblərinə məruz qalmış publisist və teletənqidçi Qulu Məhərrəmlinin müdafiəsinə qalxıb.

Modern.az xəbər verir ki, onlar söz adamına qarşı  təzyiqlərə son qoymağa çağıran müraciət yayıblar.

Müraciətdə deyilir:: “Üç aydan çoxdur ki, cəmiyyətin mənəvi gücünü alan belə təzyiqlərin hədəfində biz böyük ziyalımız, professor Qulu Məhərrəmlini də görməyimizdən çox məyusuq. Televiziya problemlərinə aid müsahibəsində AzTV sədri Aeif Alışanovu tənqid etdiyinə görə ona qarşı davamlı qarayaxma və təzyiq kampaniyası aparılır. Təhqir olunduğunu deyən sədr jurnalistə qarşı cinayət işi açmaq və onu 100 min manat cərimələməklə bağlı məhkəməyə müraciət edib. Biz peşəkar bir mütəxəssisi tənqidi mülahizələrinə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdlərini pisləyir, bunu söz və ifadə azadlığına meydan oxumaq kimi qavrayırıq. Qələm sahibinə qarşı hücumları söz azadlığına qəsd kimi qiymətləndiririk. Hələ də ümid edirik ki, gerçəyi söyləyən mütəxəssisə qarşı məhkəmə davası açanlar ölkə prezidentinin 2009-cu ildən CM-də diffamasiya ilə bağlı normaların tətbiqinə moratorium elan etdiyini xatırlayacaqlar. Bir neçə gün əvvəl Bakıda diffamasiya ilə bağlı keçirilmiş beynəlxalq konfransda  da bu moratorium xatırlanmış və Avropanın nüfuzlu media ekspertləri A.Alışanovun iddiasına mənfi münasibət bildirmişlər. Belə olduğu halda Yasamal rayon Məhkəməsinin bir məmurun əsassız şikayətini icraata götürməsinin məqsəd və mənasını heç cür anlamaq olmur. 

Biz professor Qulu Məhərrəmlini istedadlı və ləyaqətli qələm sahibi, azad düşüncənin daşıyıcısı və vicdanlı söz sahibi kimi tanıyırıq. Azərbaycan cəmiyyəti də ona həmişə milli platformada dayanan, öz sözü olan nüfuzlu ziyalı, siyasi təhlilçi və alim kimi dəyər verir. Peşəkar və qərəzsiz təhlillərin müəllifi olan Q.Məhərrəmli kimi bir mütəxəssisin dövlət büdcəsindən hər il milyon manatlarla vəsait alan, amma xüsusi səviyyəsi ilə seçilməyən bir telekanalın nöqsanlarını açıb deməsi, o cümlədən kanal rəhbəri barədə öz tənqidi mülahizələrini bildirməsi vətəndaş mövqeyi göstərmək və peşə namusunu qorumaqdır. Bu tənqidləri süngü ilə qarşılamaq, ədavət aparmaq, məhkəmə cənginə çıxmaq, vəzifə imkanları hesabına hikkə nümayiş etdirmək isə yolverilməzdir. Digər tərəfdən, Alışanovun təhqirlə bağlı iddiaları tam əsassızdır. Q.Məhərrəmlinin müsahibəsində tənqidin etik hədləri pozulmamışdır, bir məmuru səciyyələndirən fikirlərdə heç bir nalayiq ifadə və təhqir yoxdur. Buna görə də AzTV sədrinin davranışı tənqidə dözümsüzlüyün, vəzifə imkanlarından sui-istifadənin və haqlı tənqidi boğmaq cəhdinin pis nümunəsi olduğu kimi, Yasamal rayon Məhkəməsinin də bir məmurun söz azadlığına təhlükə yaradan haqsız iddiasını icraata götürməsi ədalətsizlikdən başqa bir şey deyildir. Tənqidə görə təqib Konstitusiya ilə qadağan olunan davranışdır, söz azadlığını məhdudlaşdıran addımdır. Bu səbəbdən də Q.Məhərrəmli kimi dəyərli bir ziyalıya, söz adamına qarşı aparılan uydurma cinayət təqibləri bizdə ciddi narahatlıq yaradır. Biz bu narahatlığımızı ölkə ictimaiyyətinə, söz azadlığının nə olduğunun bilən bütün insanlara, vicdanlı media mənsublarına çatdırır və professor Q.Məhərrəmliyə qarşı qanunsuz basqıları aradan qaldırmaq, məhkəmə təqiblərinə son qoymaq üçün müvafiq qurumları zəruri tədbirlər görməyə çağırırıq". 

Müraciəti aşağıdakı yazarlar imzalayıblar:

Şərif Ağayar
Aqşin Yenisey
Aysel Əlizadə  
Qan Turalı
Şəhriyar del Gerani
Fərid Hüseyn
Kəramət Böyükçöl
Əsəd Qaraqaplan
Emin Piri
Ramilə Qurbanlı 
Aqşin Evren
Mövlud Mövlud
Sevinc Elsevər
Mübariz Örən
Cəlil Cavanşir
Rəbiqə Nazimqızı
Mirmehdi Ağaoğlu
Cavid Zeynallı

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü