Modern.az

Əhməd Cavad misraları Türkiyə əhalisini riqqətə gətirdi

Əhməd Cavad misraları Türkiyə əhalisini riqqətə gətirdi

Ədəbi̇yyat

9 Avqust 2016, 10:33

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, görkəmli şair, öz ölməz misraları ilə bütövlükdə türk dünyasının ünlü sənətkarına çevrilmiş Əhməd Cavad daim diqqət mərkəzində olan ədiblərimizdəndir.                                                                                        
Qanlı 1937-ci il repressiyasının qurbanı olmuş şairin ömrünü bədxahlar yarımçıq qoydular, bütövlükdə məhv etməyə, onu xalqın yaddaşından, ədəbiyyat tariximizdən silməyə çalışdılar. Amma nə yazıqlar ki, bunu edə bilmədilər, özləri tarixin zibilliklərində çürüdülər.        
Əhməd Cavad mənim ən sevdiyim şairlərdəndir. Mən hər zaman bu şairin adını yalnız Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz Yıldırımla bir sırada çəkirəm. Əslində, məhz bu şairlər turançılıq ideyasının, pantürkizmin qurbanı olmuşlar. Azərbaycanın böyük şairi Mikayıl Müşfiq məhz,  Hüseyn Cavidin və Əhməd Cavadın təsiri ilə turançılıq ideologiyasına qoşulmuş, türk xalqının qəhrəmanlıqlarını vəsf etmişdir. 1937-ci il repressiyasının qurbanı olmuş 29 yaşlı Mikayıl Müşfiq bütün işgəncələrə,məhrumiyyətlərə baxmayaraq, öz ustadı, müəllimi olmuş Hüseyn Cavidi, Əhməd Cavadı satmamış, onlara dönük çıxmamışdır. Bu onu tarixdə həm də kişilik, mərdlik mücəssiməsi kimi də yaşadıb.                                                                                
Əhməd Cavad zəngin yaradıcılığa malik ədiblərdəndir. Vaxtilə Milli televiziyamızda hazırladığım şairə həsr olunmuş “Çırpınırdın, Qara dəniz” adlı bədii-musiqili veriliş hal-hazırda  televiziyanın fondunda saxlanılır.                                                                                                       
Hər dəfə Türkiyə Qızıl Ay Cəmiyyətinin təşkil etdiyi tədbirlərdə iştirakım zamanı  mən hər zaman Əhməd Cavadın “Çırpınırdın, Qara dəniz” və Cəfər Cabbarlının “Ey Şərq” şerlərini söyləyirəm. Əslində, bu yazı ilə Əhməd Cavadın yaradıcılığını təhlil etmək niyyətində deyiləm. Sadəcə, dünən-avqust ayının 7-də Türkiyənin İstanbul şəhərində Türkiyə və Azərbaycanın dövlət bayraqlarının qoşa dalğalandığı Yeniqapı meydanında, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi milyonlarla insanın qatıldığı demokratiya və şəhidlik mitinqində Türkiyənin Baş naziri Binəli Yıldırımın çıxışı diqqətimi çəkdi. O, çıxışını belə başladı: “Sevgili İstanbullular, əziz Türkiyə. Bu gün sizə Azəri şairi Əhməd Cavadın misraları ilə səslənirəm:

İncilər tök gəl yoluna,                                                                                                                     
Sırmalar düz sağ, soluna!                                                                                        
Fırtınalar dursun yana                                                                                                                    
Salam Türkün bayrağına!” 
                                                    

4 milyona yaxın izdihamlı insan axınının alqışları ilə qarşılanan, televiziya ilə dünyaya yayımlanan bu mənzərədən fərəhlənməmək, qürurlanmamaq mümkün deyildir. Mən, bütün varlığımla, türklüyümlə fərəh və qürur hissi ilə keçirdim. Bəli, Azərbaycan daim Türkiyənin yanındadır. Bu misraların Türkiyənin Baş nazirinin dilindən səslənməsi də məhz, dediklərimə parlaq misaldır. Bu misraların  ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” fikrinin bu günlə həmahəng səslənməsini bir daha təsdiq edir. Bu münasibətlər isə əbədidir, dönməzdir.
Əhməd Cavad xoşbəxt şairdir. Çünki, o, hər gün xatırlanır.Azərbaycanın Dövlət himni hər dəfə səsləndikcə onun həmmüəlliflərindən biri kimi adı ehtiramla yad edilir. Bütün Türk dünyasının Marşına çevrilən “Çırpınırdın, Qara dəniz” şarkısı isə milyonların qəlbini fəth etdikcə, Əhməd Cavad hər zaman xatırlanır. Ölməz sənətkarımız, SSRİ Xalq artisti, Dövlət mükafatı laueratı, Milli Məclisin deputatı, “Şöhrət” və “İstiqlal” ordenli  Zeynəb Xanlarova və xalq artisti Azərin bu mahnını milyonlara sevdirib.                                                                        
Bu gün Əhməd Cavadın arzuladığı müstəqil, azad Azərbaycanda yaşayırıq. İnanıram ki, Əhməd Cavadın da həsrətlə arzuladığı gün gələcək və göy bayraq Turan üstə dalğalanacaq.Necə ki, Türk dünyasının dahi sənətkarı, əbədiyaşar şair, nasir, dramaturq Cəfər Cabbarlı deyirdi:    
                  

“...Allah əməllərim edib şu bayrağı intiqal,                                                                         
Birər-birər doğru olmuş, bir ad almış İstiqlal!                                                         
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,                                                                     
O gün olsun bir göy bayraq Turan üstə açılsın.”                                                     

Ruhun şad olsun böyük ustad.


Qafar Əsgərzadə
Əməkdar jurnalist, pedoqogika üzrə fəlsəfə doktoru                                   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü