Modern.az

Azərbaycan Türklərinin son imperiyası: Qacarlar Dövləti - III YAZI

Azərbaycan Türklərinin son imperiyası: Qacarlar Dövləti - III YAZI

21 Avqust 2016, 11:33

Dos., Dr. Faiq Qəzənfəroğlu


Ağa Məhəmməd şah Qacar 1790-cı illərin başlarında Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana yürüş etməmişdən öncə, yeni dövlətə tabe olmaq üçün bir tərəfdən buradakı Türk Xanlıqlarına və gürcü mənşəli Kartli-Kaxeti çarlığına fərmanlar göndərir, digər tərəfdən isə onların “himayəçi”si olan çar Rusiyasıyla danışıqlar yoluyla bu məsələni həll etmək istəyirdi. Ancaq hər iki addım müsbət nəticə vermədi. Belə ki, Ağa Məhəmməd şah Qacar 1792, 1795-ci illərdə çar Rusiyasının Şimali Qafqazdakı komandanı General Qudoviçin yanına danışıqlar üçün nümayəndə göndərsə də, nəticəsiz qaldı. Eyni zamanda Ağa Məhəmməd şah Qacarın yeni dövlətə tabe olmaq fərmanlarına Türk Xanlıqlarının böyük əksəriyyəti müsbət cavab vermədilər. Azərbaycanın şimal hissəsindəki xanlıqların çoxunun Qacarlar dövlətinin, onun qurucusu Ağa Məhəmməd şah Qacarın yanında yer almaq istəməməsi milli faciəmizin əsasını qoymuşdur. Bu bir gerçəkdir ki, Quzey Azərbaycan Türk Xanlıqlarını (Qarabağ, İrəvan, Naxçıvan, Bakı, Gəncə, Şamaxı vəb.) Ağa Məhəmməd şah Qacar dəfələrlə uyarmış, onları yeni yaranan dövlətin-Qacarların ətrafında birləşməyə çağırmışdır. Şübhəsiz, bu çağırışlar milli taleyimizin hansı yöndə həlliylə bağlı olan tarixi çağırışlar idi. Ancaq Ağa Məhəmməd şah Qacarın milli taleyimizi həll edən tarixi çağırışlarını Şimali Azərbaycan Türk Xanlıqları arasından yalnız Gəncə, Şəki və Dərbənd xanlıqları dəstəklədi ki, bu da milli bütövlüyümüz, milli dövlətçiliyimiz baxımından yetərli olmadı.

Yeri gəlmişkən, Ağa Məhəmməd şah Qacarın yeni dövlətin ətrafında birlik, bütövlük çağırışına ən çox qarşı çıxan Şimali Azərbaycan Türk Xanlıqları arasında Qarabağ xanı İbrahimxəlilin xanın adı çəkilir. İbrahimxəlilin xanın Qacarlardan məktub gətirən qasidə, atasının vəsiyyətinə uyğun olaraq heç bir dövlətə tabe olmayacağı cavabını verdiyi bildirilir. Halbuki İbrahimxəlili xan 1783-cü ildə II Yekaterinaya yazdığı məktubda Rusiya dövlətinin himayəçiliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. Deməli, əslində atasının vəsiyyətini çoxdan unudan İbrahimxəlili xan “himayəçi”si Rusiyaya güvənərək Qacarlara tabe olmaq istəməmişdir. Artıq böyük ölçüdə Rusiyanın yanında olan İbrahimxəlili xanın milli birliyimizə qarşı olan bu addımları, digər Şimali Azərbaycan Türk Xanlıqları olan Naxçıvan, Bakı, Lənkəran, Şamaxı və başqalarına da mənfi anlamda böyük təsir göstərmişdir. Həmin xanlıqlar da Qarabağ xanlığı kimi, çar Rusiyasının “himayəçilik” siyasətinə güvənərək Qacarların vahid dövlətdə birləşmək istəyinə qarşı çıxırdılar. Çağdaş Azərbaycan tarixçiliyi isə milli faciəmizin əsil mahiyyəti ortaya qoymaq əvəzinə, Sovetlər Birliyi dövründəki tarix metodologiyası ənənəsinə davam etməkdədir: “Azərbaycan xanlıqları ümumi düşmənə (Özünü Azərbaycan tarixçiləri adlandıranlar “ümumi düşmən” dedikdə, heç də Rusiyanı deyil, məhz Qacarları nəzərdə tuturlar -F.Q.) müqavimət üçün vahid cəbhə yaratmasalar da, şamaxılı Mustafa xan, Talış (əslində Lənkəran – F.Q.) xanlığının hakimi Mir Mustafa xan, bakılı Hüseynqulu xan, naxçıvanlı Kəlbəli xan yerləşdikləri qalaları möhkəmlətməklə yanaşı, ərzaq ehtiyatları da toplayırdılar. Lakin xanlıqlardan heç biri birləşmək qərarına gəlmədi. Bunun əvəzində onlardan bəzisi özlərinə qüvvətli arxa axtararaq sadəlöhvlüklə (daha doğrusu, xəyanətcəsinə- F.Q.) Rusiya dövlətinin vədlərinə inandı və hərbi kömək üçün II Yekaterina hökumətinə müraciət etdi”.

Hesab edirik ki, yuxarıda adı çəkilən xanlıqlar həm Azərbaycanın bütövləşməsinə, həm də Qacarların bir Türk dövləti kimi daima güclü olmasına qarşı çıxmaqla xəyanət etdilər. Hər halda  Nadir şah Əfşara sui-qəsddən sonra (1747) Əfşarlar dövlətinin mərkəzləmiş dövləti saxlaya bilməməsi nəticəsində müstəqilliklərini elan edən bütün xanlıqlar kimi, Şimali Azərbaycan Türk Xanlıqlarının da bir müddət müstəqil fəaliyyət göstərmələri başa düşülən idisə, ancaq Qacarların yeni mərkəzləmiş bir dövləti böyük ölçüdə ortaya qoyaraq milli taleyimizi yenidən öz əlimizdə cəmləşdirmək istədiyi bir məqamda buna qarşı çıxmaları yolverilməz idi. Əgər Şimali Azərbaycan Türk Xanlıqları özləri bir araya gələrək vahid dövlət yaradıb yalnız Qacarlara deyil, işğalçı çar Rusiyasına da qarşı birləşə bilsəydilər, o zaman haradasa onlara haqq qazandırmaq olardı. Ancaq həmin xanlıqlar Əfşarlardan sonra (1750) müstəqil olduqları yarıməsrlik tarixdə bir-biriləriylə dil tapıb yeni vahid Azərbaycan Türk dövləti yaratmaqdansa, əksinə düşmənçiliklərini daha da gücləndirərək çar Rusiyasının əvvəlcə “himayəçiliy”ini, daha sonra isə tam vassalığını qəbul etməkdəın başqa çıxış yolu tapmadılar. Məhz həmin xanlıqların çar Rusiyasından asılılığıın nəticəsi olmalı idi ki, Əfşarlardan sonra mərkəzləşmiş yeni dövlət quran Qacarlara da soyuq yanaşmağa başladılar.

Şimali Azərbaycan Türk Xanlıqlarının çar Rusiyası kimi böyük bir işğalçı dövlətlə qonşu olmaları, üstəlik bu qərbsayağı xristian “qonşu”nun “parçala və hökm sür” siyasətinə köklənməsi milli faciəmizin ən mühüm mərhələlərindən biridir. Bu anlamda deyə bilərik ki, Şimali Azərbaycan Türk xanlıqlarını xəyanətə sürükləyən, bəlkə də bir çox hallarda məcbur edən çar Rusiyası amili idi. Ancaq bu heç də, bütövlükdə həmin xanlıqların çar Rusiyasının işğalçılıq planının tərkib hissəsi olaraq  xəyanətkar mövqedən çıxış etmələrinə haqq verə bilməz. Bizcə, həmin xanlıqların əksəriyyəti milli iradə nümayiş etdirib Qacarlar dövlətinə birləşmək haqqında qərar qəbul etsəydilər, böyük ölçüdə Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının qarşısı alınacaqdı.

Hazırda çağdaş Azərbaycan tarixçiləri də əsil həqiqəti ifadə etmək əvəzinə, Çar-Sovet-Rusiya mifindən qurtula bilmədikləri üçün milli faciəmizin gerçəkləşməsində rol oynamış xanlıqları “qəhrəman”, milli diriliyimiz uğrunda mücadilə verən Əfşarları, Qacarları “ümumi düşmən” ya da gerilikçi işğalçı “İran”, ən əsası isə Rusiyanı “himayəçi” ya da tərəqqiçi işğalçı adlandırmaqla işlərini bitmiş hesab edirlər. Guya, Qacarlara qarşı “qəhrəmanlıqlar” göstərmiş Azərbaycan xanlıqları da mühafizəkar işğalçı “İran”ı deyil də, xeyirxah “himayəçi” ya da “tərəqqipərvər” işğalçı Rusiyanı seçmək məcburiyyətində qalıblar. Halbiki, “ümumi düşmən” milli kimlik, dini kimlik, milli mədəniyyət, milli tarix baxımından ortaq olduqları Qacarlar deyil, tam tərsinə bütün bu məsələlərdə daban-dabana zidd olan çar Rusiyası idi. Milli taleyimiz həll olunduğu bir dövrdə Şimali Azərbaycan Türk Xanlıqlarının əksəriyyətinin də guya, sadəlöhvlüklə Rusiyanın vədlərinə inandıqlarına görə Qacarlardan üz çevirdiklərini yazmaq, heç bir Azərbaycan tarixçisinə yaraşmaz. Bir sözlə, hər şeyi olduğu kimi deməyin zamanıdır ki, Qacarlarla birləşməyə qarşı çıxaraq Rusiyaya üz tutan xanlıqlar sadəlöhv deyil xəyanətkar, xəyanətkar xanlıqların arxasında dayanan çar Rusiyası isə “himəyəçi”, “tərəqqipərvər” deyil barbar bir işğalçı olmuşdur.

Ona görə də, yuxarıda da qeyd etdiyimiz kimi, Nadir şah Əfşarın çar Rusiyasına qarşı apardığı müharibənin şərtləriylə (Əfşarlar-Rusiya müharibəsi), Ağa Məhəmməd şah Qacarın bir yandan Şimali Azərbaycan Türk xanlıqlarını xoşluqla yola gətirmək istəyi, ən önəmlisi çar Rusiyasına qarşı apardığı müharibənin (Qacarlar-Rusiya müharibəsi) şərtləri xeyli fərqli olmuşdur.Artıq Ağa Məhəmməd şah Qacar bir tərəfdən xeyli dərəcədə “müstəqilləşmiş”, “himayəçi” tapmış xanlıqlarla, digər tərəfdən isə taktiki gedişlərini dəyişərək yeni oyunlarla Cənubi Qafqazı işğal etmək istəyən Rusiyayla üz-üzə qalmışdır. Ağa Məhəmməd şah Qacar üçün isə hər iki hədəfi dəf edərək Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı yeni dövlətin tərkibinə qatmaq həyati önəm daşıyırdı. Ancaq “himayəçi”lərinə, əslində isə potensial işğalçıları Rusiyaya arxalanan əksər xanlıqları, eyni zamanda Cənubi Qafqazı işğal etməyə fürsət gözləyən çar Rusiyasını yola gətirmək çox zor görünürdü. Belə bir durumda bu əngəlləri heç olmazsa müəyyən ölçüdə də olsa, aradan qaldırmadan Ağa Məhəmməd şah Qacarın hökmdarlıq taxtına oturması da, yeni dövlətin qaninliyi baxımından doğru görünmürdü.

Ona görə də Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı yeni dövlətin tərkibinə qatmadan özünü şah elan etmək istəməyən Ağa Məhəmməd şah Qacar 1795-ci ilin yaz-yay aylarında Cənubi Qafqaza doğru hərbi yürüşə çıxdı. Bizə elə gəlir ki, bu hərbi yürüş yanlız Qacarlara tabe olmaq istəməyən Şimali Azərbaycan Türk Xanlıqlarıyla gürcü Kartli-Kaxeti çarlığına deyil, eyni zamanda onların “himayəçi”si rolunu oynayan çar Rusiyasına qarşı da yönəlmişdir. Bu baxımdan Ağa Məhəmməd şah Qacarın bu hərbi yürüşünün mahiyyətində əsasən, mərkəzi dövlətə birləşmək istəməyən xanlıqlara öz yerini göstərməsi, digər tərəfdən həmin xanlıqların “himayəçi”çi olan çar Rusiyasının Cənubi Qafqazdan əlini üzməsi dayanırdı. Ona görə də, Ağa Məhəmməd Qacarın bu hərbi yürüşü “himayəçi” qılığına girmiş işğalçı çar Rusiyasına bir xəbərdarlıq idi. Bu hərbi yürüş nəticəsində də bəzi şəhərlər (Şuşa, Naxçıvan vəb.) istisna olmaqla, Cənubi Qafqazın böyük əksəriyyəti Qacarlar dövlətinin tərkibinə qatıldı. Məhz bundan sonra Şimali Azərbaycan xanlıqlarının Qacarlara tabe olduğu barədə fərman verən Ağa Məhəmməd şah Qacar 1796-cı ilin martın 21-də isə Tehranda özünü şah elan etdi. Çünki Qacarlar böyük ölçüdə əski Səfəvilər ərazisinə sahib çıxmış, bununla da qanuni bir dövlət olmasını ortaya qoymuşdular. Tacqoyma zamanı Ağa Məhəmməd şah Qacara Ərdəbildən Şeyx Səfi məqbərsindən gətirilmiş çutqabağı və şah qılıncın verilməsi isə, bir növ Qacarların Səfəvilər dövlətinin qanuni varisi olmasının təsdiqi idi.

Ancaq hətta, şahlıq taxtına oturduqdan az sonra Ağa Məhəmməd şah Qacar Xorasanı ələ keçirib (1796) Əfşarların buradakı hakimiyyətinə belə son versə də, onu yenə də Cənubi Qafqaz, o cümlədən Şimali Azərbaycan məsələsi daha çox rahatsız edirdi. Ağa Məhəmməd şah Qacar yaxşı anlayırdı ki, 1795-ci ildə Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı əsasən, yeni dövlətin tərkibinə qatsa da, ancaq bu  məsələ öz qəti həllini tapmamışdır. Çünki bu məsələdə başlıca əngəl kimi Şimali Azərbaycan Türk Xanlıqlarının Qacarlara birləşməyə qarşı meyilsizliyi görünsə də, əslində əsas problem onların “himayəçi”si qılığına girmiş çar Rusiyasıdır. Bu anlamda həmin xanlıqların çoxunun “himayəçi”ləri Rusiyaya güvənərək yenidən Qacarlara qarşı baş qaldırması, ya da “himayəçi”nin özünün Cənubi Qafqaza hərbi qüvvələr yeritməsi hər an gözlənilirdi.      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü