Modern.az

Taleyin ironiyası

Taleyin ironiyası

Ədəbi̇yyat

21 Sentyabr 2016, 18:01

Yaşadığım qəsəbədə rütubətdən divarı qaralmış və uçuqlamış evimizdən baş verən hadisələrə pozitiv yanaşmaq daha çətindir. İnsanın aurasına həm yaşadığı mühit, həm də ətrafında baş verən hadisələr mənfilik gətirir. Məsələn, bir taksi sürücüsü ailəsilə bu yaxınlarda qəzada həlak oldu. O taksi şoferi ki, yoldaşı başqa biriylə sözün bütün mənalarında gəzirdi. Və elə qəza baş verən maşında gəzdiyi adam da dünyasını dəyişdi. Polis imiş, həm də əriylə yaxın dost imiş.

 

Qəzadan yalnız iki uşaq sağ çıxıb. Taleyin ironiyası buymuş demə. Artıq yeni sezon başlayır, yenə Xoşqədəm xanım "Gülpembe" mahnısının müşayiətilə yanında 3 uşaq, qucağında qırxı çıxmamış bir uşaqla ağlayan qadının ərini axtarıb qapacaq. Adama deyərlər ki, ərinlə yola getmirsənsə, dolana bilmirsizsə bu qırxı çıxmış uşağı niyə düzəltmisiz, uşağın nə günahı? Hələ bunun Zauru da var. Ki eyni missiyanı yerinə yetirirlər. Artıq Mollaların, axundların da ekspert kimi baş qatmağa yerləri var.

 

Xoşqədəm xanım, Azərbaycanda hal-hazırda vəziyyət elədir ki, işsizlik və bahalaşma insanları başqa ölkələrə pənah aparmasına şərait yaradır. Təbii ki, orada yaşamaq üçün də bəzən Nataşalara ehtiyac olur. Bax, elə götürək bu yaxınlarda tüstüsü çıxan İslandiya kimi ölkələr. O gün bir kişi şikayətlərinin sonunda mənə dedi ki, Azərbaycan qəbiristanlığa bənzəyir, düzdür, günü-günündən çiçəklənir amma adam bir bu ölkəyə girəndə sevinir, bir də çıxanda. Cəmiyyətin də zehniyyətində böyük bir bataqlıq yaranıb. Cəmiyyətdə yadlaşma prosesi sürətlə genişlənir. Misal üçün, Gülməmmədin pulu olmadığına görə onu saymırlar, Məhərrəmin pulu var, pulunu sayıb qurtara bilmirlər. Bu yadlaşmanın da səbəblərindən başlıcası maddi problemdir, sosial rifahın aşağı olmasıdır. Kişi o zaman evdə özünü ər, ata kimi hiss edir ki, qazanıb qazına pul vurub qazan doldurur. Elə xalq arasındakı deyimlər də bundan xəbər verir- Sevgi qarın doyurmur; İşləməyən dişləməz. Bizi hal-hazırda xoşbəxt edən amilin 80 faizi puldur "O olmasın, bu olsun" filmində də Gülnaz pullu Məşədi İbada yox, elə pullu Sərvərə ərə gedir.

 

Yəni, ay verilişində şikayətçi olmayım, Xoşqədəm xanım, insanların sosial durumu normal olduqca xoşbəxtlikləri də sual altından əzilməmiş halda çıxa bilir. Biraz da siyasi notlara qapılıb onu demək istəyirəm ki, biz başını aşağı salıb işinı görən qövmük. Başı aşağı olmaq da dözümlü olmağımızdan irəli gəlmir, sadəcə belimiz ağrıyır. Bu yaxınlarda müxalifətin mitinqləri gündəmin hadisəsiydi. Fikir verin adamlar pula necə alüdə olublar ki, mitinqdə iştirak edən 10 minə yaxın insanın oraya 10 manat müqabilində getdiyini düşünürlər. Mənə bu mitinqlər o qədər maraqlı olmasa da hər halda 10 manat müqabilində sutkalıq həbs almaq heç kimə sərf eləməz.

 

Hamı dirənər Qərbin qapısına ki, bəs, "Yekə oğlansan, bu 10 manatla bizim başımızı aldadırsan?". Al götür, bu 10 manata biz maksimum 1 kiloqram ət alıb bir günlük naharımızı yola verə bilərik.

Biraz da öncəgörənlik eləyib yazıram ki, Məhərrəmlik ayı da yaxınlaşır, qara lentini qolumuza bağlamaq üzrədir. Yenə, bəzi radikal şiə məscidlərində rok partilər təşkil olunacaq. Sinəvurmaq, başyarmaq sərbəst elan olunacaq. Onsuz da öncəgörənlər də sizə bildiyiniz şeyləri deyir. Bəs yaxşı, Kefli İsgəndərdən bəri nə dəyişib ki, bu cəmiyyətdə? Çünki, bir topluma alkaş bir obrazla həqiqətin nə olduğunu başa salmaq olmaz. Biz həmişə mübarizə üsulunu düz seçməmişik. O gün №-li marşurutun kart sisteminə keçməyi camaatı çətinə salmışdı. Bir kişi də bu sistemə qarşı çıxıb sürücünü söyməyə, günahkar çıxrmağa çalışırdı. Bu sistemin nəyi pisdi? Pisdisə niyə sürücü? Get, bu sistemi quran insanlara şikayətini bildir. Bir az da tempi qaldırmaq üçün Həcc ziyarətlərinə toxunum. Adam var ki, 17 qat Həcc çempionu, 20 qat Kərbəla çempionu, elə bir o qədər də Məşhəd çempionudur, amma qonşusuna bir dıqqan da olsa yardım etməyib. Şeytana daş atmağın yaxşı əməllərlə olduğunü dərk etməyən qövm, elə bilir ki, dənəsi 10 dollara aldığı daşla divara daş atmaqla Şeytanı məğlub etmək olar.

 

Cəmiyyət cəm halda deyir, fərdi olaraq özünü düzəldə bilər. Eynilə cinlər diyarındakı Qəribin çubuqları tək-tək sındırdığı kimi. Sonda bütün bunları biri-birinə vurub bir nəticə çıxarmaq olar ki, dünyanın 3 ölkəsində yaşamaq və ölmək təhlükəlidir: 1. Hindistan ( adamı yandırırlar ) 2. Afrika ( adamı yeyirlər ) 3. Azərbaycan ( adamı həm yeyirlər , həm də yandırırlar ) Biz millət olaraq fərdlərimizin cəsarətini 88-dən sonra itirməyə başladıq. O vaxt elə ayağa qalxmışıq ki, hələ də bel ağrısından əziyyət çəkirik. Hər birinizə bu çətinliklərə sinə gərməyi, "yat"aq xəstəliyinə çevrilməməyi arzu edirəm. Kasıblar cibinizdən, varlılar CİPinizdən muğayat olun.

 

Emin Akif

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü